Ermənistan hakimiyyətində qarşıdurma dərinləşir

post-img

Ermənistan hakimiyyətində daxili çəkişmələr getdikcə dərinləşir. “Joxovurd” qəzeti yazır ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında pərdəarxası mübarizə gedir. Nəşrin məlumatına görə, mübarizə açıq hücumlar və korrupsiyada ittihamlar formasında aparılır. “Joxovurd” iddia edir ki, Simonyan baş nazir Nikol Paşinyan qarşısında Qriqoryanın rolunu aşağılamağa çalışır, ikincisi isə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edən “Synergy” şirkətinin tenderində spiker ailəsinin üzvlərinin iştirakına diqqət çəkir. Hökumət nümayəndələrinin siyasi çəkişmələrini şərh edən erməni ekspertlər isə bildirirlər ki, didişmə “sorosçular” ilə hökumətdəki ruspərəst qüvvələr arasında gedir və birincilər Rusiya ilə münasibətlərin saxlanılmasını dəstəkləyənləri Ermənistanın siyasi arenasından süpürüb atmağa çalışırlar. 

“Joxovurd” qəzeti yazır ki, 2026-cı il seçkiləri ərəfəsində Ermənistanın güc dairələrində qızğın mübarizə başlayıb. 2026-cı il seçkiləri ərəfəsində hakimiyyət daxilində mübarizə getdiyini vurğulayan qəzet əlavə edir ki, parlament sədri Alen Simonyan,  təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və bir neçə başqaları özlərini Nikol Paşinyanın varisi kimi təqdim etməyə başlayıblar. “Joxovurd”un yazdığına görə, 
A.Simonyan Rusiyanın, A.Qriqoryan isə Qərbin dəstəyi ilə mübarizəyə girişiblər və bunu o qədər ciddi qəbul ediblər ki, səhnə arxasında bir-birinə çamur atırlar. Bu günlərdə hakim “Mülki müqavilə” partiyasında Alen Simonyanın məcburi istefası məsələsi qızğın müzakirə olunur. Partiya üzvlərinin sözlərinə görə, Alen Simonyan və onun tərəfdaşları dəfələrlə qalmaqalların mərkəzində olublar, lakin cəzasız qalıblar. Alen Simonyanın həyat yoldaşı tərəfindən idarə olunan “Freenews” telekanalı bir neçə aydır ki, Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsinə aylıq 1,5 milyon dram (3,7 min dollar – red.) ödəmir. Hazırda “Freenews” televiziya şirkətinin borcu 23,3 milyon dramdır (57,7 min dollar – red.) Bu məlumatların açıqlanmasından sonra da Simonyan ailəsi rəsmi statuslarından istifadə edərək dövlətin borcunu ödəmir.

Bundan əlavə, Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyanın bir neçə gün əvvəl həbs edildiyi bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Bütün bunlar, əlbəttə ki, hakim partiyanı narahat edir, çünki Alen Simonyan ətrafında yaranmış bu korrupsiya qalmaqalı iqtidar komandasının reytinqinə zərbə vurur. Hətta bəzi partiya üzvləri Nikol Paşinyan qarşısında Alen Simonyanın istefası məsələsini də qaldırıblar. Keçən ilin aprelində Alen Simonyanın İrəvanın mərkəzində vətəndaşa tüpürməsi və ictimaiyyətin kəskin reaksiyasını əsas gətirən hakim partiyanın nümayəndələri Simonyanın iqtidardan uzaqlaşdırılmasını istəyirlər. 

“Hraparak” qəzeti isə yazır ki, “sorosçular” Ermənistan hökumətinin rusiyayönlü qanadı ilə döyüşməyə başlayıblar: “Ermənistanın iqtisadiyyat nazirliyindəki qalmaqallı sui-istifadə tarixinin hədəfi əslində nazir Vaan Kerobyandır və həmin gün milli təhlükəsizlik xidmətinin onun rəhbərlik etdiyi nazirlikdə istintaq hərəkətləri aparması barədə ona məlumat verilməyib”. Qəzetin yazdığına görə, nazir Kerobyan bunu biləndə deyib ki, irəli sürülən ittihamlar heç bir fakta söykənmir. Bəzi məlumatlara görə, istintaq orqanı cinayətin “izinin” nazirə çatması, təqsirləndirilən şəxslərin onun əleyhinə ifadə verməsi üçün hər şeyi edir. Bu, Kerob­yanın dediyi kimi, ona qarşı irəli sürülən ittihamlara “faktlar əlavə edəcək”. Xüsusilə, “ağıllı bağlar” adlanan kənd təsərrüfatı proqramı ilə bağlı ikinci işin başlanması ilə rəsmi məlumatlara görə, dövlət xüsusilə böyük itkilərə məruz qalıb – təxminən 240 milyon dram (593 min dollar – red.).

Bununla yanaşı, “Hraparak” vurğulayır ki, Soros hökumətinin səhmdarları, avropalılar tərəfindən maliyyələşdirilən müxtəlif kölgəli şəxslər çoxdan hökumətin rusiyayönlü qanadı ilə şiddətli mübarizəyə başlayıb və artıq bir neçə aydır ki, nazir Kerobyanın adını yayırlar: “İddialara görə, onların fikrincə, nazir Qərbin sanksiyalarından yan keçərək Ermənistandan və ya Ermənistan vasitəsilə Rusiyaya qadağan olunmuş malların ixracına icazə verir. Yeri gəlmişkən, bu siyahıda başqa insanlar da var. Siyahı kiçikdir, lakin sorosçular ardıcıl olaraq bu insanları hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəliblər”.

Politoloq Argişti Kiviryan Ermənistan mətbuatına müsahibəsində deyib ki, Paşinyan mövqelərini itirir, Simonyan hakimiyyətə can atır: “Son günlərin hadisələri göstərdi ki, hökumət daxilində, rusların dediyi kimi, “gəmidə üsyan” var. Düşünürəm ki, baş verənlər sırf daxili siyasi məsələdir və dünya oyunçularının bununla heç bir əlaqəsi yoxdur. Bu, gözlənilən proses idi və biz hökumət daxilində aşkar böhran görürük. Mən bir ildir bu haqda danışıram ki, Ermənistanda hakimiyyət dəyişikliyi küçədə deyil, hakim elita daxilində baş verə bilər”. 

A.Kiviryanın sözlərinə görə, indi erməni reallıqlarında qardaşına dəstək olaraq “Facebook”da şəkil yerləşdirən Alen Simonyanın demarşı göstərir ki, Ermənistan nə demokratik, nə də avtoritar ölkədir, sadəcə, fars və qarışıqlıqdır. Əslində, Simonyan bu əməli ilə Nikola badalaq gəlməyə  çalışır. O, bu gücü və siyasi resursu “keçmiş”dən alır, çünki çox güman ki, özünü müəyyən mənada “keçmiş”lə körpü hesab edir. Körpülərdən biri”. Bundan əlavə, erməni politoloq əlavə edir ki, Paşinyan indiyə qədər susmaqla və öz hakimiyyəti daxilində paralel mərkəzlərin yaradılması prosesini həll edə bilməməklə faktiki olaraq mövqelərini itirməkdədir.

S.ELAY 
XQ

 

 

Siyasət