Taker Karlson niyə söz azadlığının qurbanına çevrilir?

post-img

Həm də “demokratiyanın beşiyi” sayılan ABŞ-da

Tanınmış amerikalı jurnalist və teleaparıcı Taker Karlsonun ötən həftə  Rusiyanın paytaxtı Moskvada görünməsi və bu ölkənin prezidenti Vladimir Putindən müsahibə almaq istəməsi xəbəri ildırım sürətilə beynəlxalq kütləvi informasiya vasitələrinin baş xəbərinə çevrilib. 

Bu günlər dünyanın əksər populyar media resurslarının şərhlərində, xəbərlərində, manşetlərində adı keçən jurnalist Taker Karlson kimdir? Onu bu qədər məşhurlaşdıran nədir? Söz azadlığının və demokratiyanın az qala “atası” sayılan ABŞ-da nə üçün  bir qisim insanlar bu söz azadlığı aşıqinə qara yaxmaqda, təzyiq göstərməkdə və hədələr gəlməkdə, bir çoxları isə ciddi-cəhdlə onu müdafiə etməkdə, təhlükəsizliyinin qayğısına qalmaqdadırlar?

Bu və digər suallara cavab axtarmaq üçün internet resurslarına baş vurmalı olduq. Medianın “öz balası” haqqında yazdıqlarına əsasən Taker Karlson 16 may 1969-cu ildə ABŞ-ın San-Fransisko şəhərində anadan olub. Atası “Amerikanın səsi” radio şirkətinin direktoru, İctimai Yayım Korporasiyasının prezidenti və ABŞ-ın Seyşel adalarında səfiri olub. 1992-ci ildə Karlson Triniti kollecinin tarix fakültəsini bitirib. Sonra Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) işə qəbul olunmaq istəyib. İmtina cavabı alandan sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 

Karyerasına “Policy Review” jurnalında faktların yoxlanılması mütəxəssisi kimi başlayan Karlson, sonra “Arkanzass Democrat-Gazette” qəzetində, 1995-ci ildə  isə “The Weekly Standard” jurnalına işə düzəlir. 1999-cu ildə Texas ştatının qubernatoru kiçik Corc Buşdan müsahibə alır. Jurnalist siyasətçinin  1998-ci ildə Texasda edam edilən Karl Fey Takeyə istehza ilə gülməsini göstərən sitatını olduğu kimi dərc edir. Bu müsahibə kiçik Corc Buşun prezident seçkisi kampaniyasında əsl anti-reklama çevrilir və namizəd sonra özü bəyan edir ki, Taker Karlson onun ölüm hökmünə münasibətini düzgün başa düşməyib. 

Bundan sonra Taker Karlson  “New York и Reader`s Digest”  jurnalında icmalçı olur və “Esquire”, “Slate”, “The Weekly Standard”, “The New Republic”, “The New York Times Magazine”, “The Daily Beast” və “The Wall Street Journal” nəşrləri üçün məqalələr yazır.

Nəhayət, 2016-cı ilin noyabrından Taker  “Fox News” telekanalında dünyalarca məhurlaşan  özəl “Tucker Carlson Tonight” şousunu aparmağa başlayır. Verilişin təqdimat epizodu 3,7 milyon izləyici toplayır. 2018-ci ilin oktyabrında  “Tucker Carlson Tonight” praym-taymda kabel televiziyalarının xəbərlər şousu reytinqində ikinci yerə qalxır. Artıq həmin ildə Taker Karlsonun şousu baş verən hadisələrə obyektiv ironik münasibəti üzündən ABŞ siyasi isteblişmentini qıcıqlandırmağa başlayır.  2018-ci ilin sonunda isə jurnalistin “emiqrasiya Amerikanı daha yoxsul, çirkli və daha parçalanmış” vəziyyətə gətirir bəyanatından sonra reklamverənlər verilişi bloklayırlar.

2019-cu ilin dekabrında “Playboy” jurnalının modeli Karen Makdual Taker Karlsonun onu öz şousunda Donald Trampdan dələduzluq yolu ilə pul almaqda günahlandırdığı üçün “Fox News”u məhkəməyə verir.  Lakin onun iddiası rədd edilir. 2020-ci ilin iyun ayında jurnalist “The Daily Caller”dəkı aksiya payını satır. 2020-ci ilin oktyabrında Karlsonun şousunun izləyicilərinin sayı 5,3 milyonu keçir.

2020-ci ilin noyabrından 2021-ci ilin yanvarına qədər jurnalisti və  “Fox News”un digər  aparıcılarını “Dominion Voting Systems” şirkətini 2020-ci il prezident seçkilərində Donald Trampın uduzması üçün səsvermə maşınlarına “əməl etməkdə” ittiham edirlər. 2021-ci ilin martında şirkət “Fox News”-u məhkəməyə verib  böhtana görə 1,6 milyard dollar təzminat tələb edir. Nəticədə telekanal səsvermə aparatının istehsalçısına məhkəmədən kənar 787,5 milyon dollar ödəməli olur. Bu iş ABŞ tarixində böhtana görə mediadan alınan ən böyük təzminat hesab olunur. 2023-cü il   aprelin 24-də  Taker Karlson və onun şousunun icraçı prodüseri “Fox News”-dan qovulurlar.

2023-cü ilin mayında Karlson şousunu X sosial şəbəkəsində (keçmiş “Twitter”) aparmağa başlayacağını elan edir. İlk şousu 2023-cü il iyunun 6-da  efirə buraxılır. Bu şouda ABŞ-ın yerdənkənar kosmik gəmisi və onun pilotunun tapıldığı, eləcə də Ukrayna prezidenti Vladimir Zelenskinin xristianları təqib etməsi ittihamı səslənir. Taker Karlson həmçinin bəyan edir ki, 11 sentyabr terror aktı ilə bağlı həqiqətlər hələ də məxfi saxlanılır. 

Jurnalist Taker Karlson mühafizəkar baxışları ilə seçilir. O, odlu silaha nəzarətin və abortun əleyhinə qarşı çıxır. Bəyan etdiyi fikirlərə görə, o, həmçinin irqçilik, seksizm və LGBT-yə nifrətdə ittiham olunur. İqtisadiyyatda proteksionizm siyasətini dəstəkləyir. Taker, ABŞ-ı İŞİD-i məğlub etmək üçün Rusiya ilə əməkdaşlığa çağırıb və Suriya prezidenti Bəşər Əsədin devrilməsinə qarşı çıxışlar edib. O bəyan edib ki, Rusiya ABŞ üçün ciddi təhlükə deyil. Jurnalist həmçinin Rusiya Federasiyasının 2016-cı ildə Amerikada keçirilən prezident seçkilərinə müdaxilə ittihamlarına qarşı çıxıb və ABŞ-ın Ukraynaya hərbi yardımını kəskin pisləyib.

Taker Karlson “Siyasətçilər, əlaltılar və parazitlər: kabel TV xəbərlərində mənim sərgüzəştlərim” (2003), “Axmaqlar gəmisi: eqoist hakim sinif Amerikanı necə inqilaba aparır” (2018) və “Uzun slayd: Amerika jurnalistikasında otuz il” (2021) kitablarının müəllifidir.

Bu, hazırda  bütün dünya mətbuatının Rusiyaya səfəri  haqqında danışdığı Taker Karlsonun qısa tərcümeyi-halıdır. Bəs ABŞ-ın  hakim siyasi elitasının xoşuna gəlməyən nədir? Əlbəttə, siyasi elitanın “hamı üçün”  hesab etmədiyi həqiqəti jurnalistin üzə çıxarmaq və söyləmək cəsarəti? Bəs İraqda, Liviyada, Yuqoslaviyada, Suriyada demokratiya, vicdan, əqidə və söz azadlığını “təmin etmək” naminə bombalar tökən ABŞ-ın özündə nədən Taker Karlsonun “dilini kəsməyə” qalxıblar? İnanmaya bilərsiniz, amma Taker Karlson özü bunu söyləyir.  

Rusiyaya məhz Prezident Vladimir Putindən müsahibə almaq üçün gəldiyini açıqlayan jurnalist deyir: “Putindən müsahibə almağa ona görə gəldim ki, amerikalıların əksəriyyəti Rusiyada və Ukraynada nə baş verdiyindən xəbərsizdirlər. Müharibə başlayandan iki il keçməsinə baxmayaraq, əksər amerikalıların heç bir informasiyası yoxdur. Onların regionda nə baş verməsi haqqında real təsəvvürləri belə yoxdur”. 

Buna qədər  amerikalı politoloq Con Varoli Karlsonun Rusiya lideri ilə gözlənilən müsahibəsi fonunda ABŞ-dakı sərt senzuradan danışıb. O qeyd edib ki, ABŞ-da informasiya məkanı 99 faiz hakim təbəqənin və Ağ evin nəzarətindədir. Onun sözlərinə görə, siyasətçilər insanlara təbliğatdan fərqli başqa heç bir məlumat öyrənməyə imkan vermirlər.

Karlson onu izləyənləri arxayın etmək üçün bildirib ki, İlon Mask X sosial şəbəkəsində onun Putinlə müsahibəsini bloklamayacaq.  Karlson deyir: “Amerikalı milyarder İlon Mask bu müsahibəni X platformasında yayımlamağa mane olmayacağına söz verib. Biz buna görə ona minnətdarıq. Qərb hakimiyyətləri isə, əksinə, çox güman ki, bu videonu digər az əhəmiyyətli platformalarda senzura etmək üçün əllərindən gələni edəcəklər. Onlar nəzarət edə bilmədikləri informasiyalardan qorxurlar”.

Taker Karlsonun Moskvaya gəlişi xəbərini alan ABŞ siyasi hakimiyyətinin bəzi nümayəndələri onun geri dönüşünə qadağa qoyulmasını tələb ediblər. Lakin jurnalist Brayan Krasenşteyn Putinlə mümkün müsahibəsi səbəbindən Karlsonun ABŞ-a girişinin qadağan edilməsi təklifini kəskin tənqid edib və İlon Mask bunu şərh edərək, jurnalistlə tam razı olduğunu bildirib. Amerikalı politoloq Uilyam Kristol da oxşar ideya ilə çıxış edib.

Karlson özü isə Ağ evi Rusiya lideri ilə müsahibəni pozmağa çalışmaqda ittiham edərək  deyib ki, “Ağ ev iki dəfə onun Vladimir Putinlə müsahibəsini pozmağa cəhd edib. İlk dəfə bu, üç il əvvəl, ikinci dəfə – indi, Moskvaya səfər ərəfəsində baş verib”.

Taker Karlson yazır: “Söz azadlığı bizim təməl haqqımızdır, biz inandığımızı söyləmək hüququ ilə doğulmuşuq. Ağ evdə kimin olmasından asılı olmayaraq, bu hüququ əlimizdən almaq olmaz. Ancaq onlar bütün hallarda buna cəhd edirlər”.

Keçmiş “Fox News” aparıcısının sözlərinə görə, təxminən, üç il əvvəl ABŞ Prezidenti Co Baydenin administrasiyası onun komandasının SMS yazışmalarını casusluq yolu ilə izləyib və sonra Karlsonun Rusiya liderindən müsahibə  almaq planlarını pozmaq üçün onların məzmununu öz nəzarətləri altında olan KİV-ə sızdırıb. Karlson əmin edir ki, Amerika hakimiyyəti ötən ay da eyni addımı atıb, lakin Moskvaya budəfəki səfərinə mane ola bilməyib. 

Taker Karlson qətiyyətlə bildirir ki, ABŞ adminstrasiyası uzun illər ərzində media vasitələrinin məzmununa “nəzarət etmək üçün çox aqressiv cəhdlər” edib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller öz növbəsində Karlsonun Rusiya Prezidentindən müsahibə almasına kimin qadağa qoymasından xəbərsiz olduğunu bildirib. O, Amerika hakimiyyətinin bu qadağa ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Karlson ABŞ mediasını “korrupsiya”da ittiham edərək bildirir ki, Amerika mediası Ukrayna Prezidenti Vladimir Zelenskidən çoxsaylı müsahibələr alaraq, əslində jurnalistika ilə deyil, “ən iyrənc formada” təbliğatla məşğuldur. 

Karlson Moskvada verdiyi açıqlamada deyib: “Biz Vladimir Putini sevdiyimiz üçün deyil, ABŞ-ı sevdiyimiz, firavan və azad qalmaq istədiyimiz üçün buradayıq. Biz sizi Putinin bu müsahibədə söylədiyi fikirlərlə razılaşmağa təşviq etmirik, lakin onu izləməyə dəvət edirik”.

Söz azadlığını, demokratiyanı əlində təzyiq və hədə bayrağına çevirən ABŞ-ın ən tanınmış və sevilən jurnalisti,  Qərbin bəyan etdiyi söz azadlığı vədlərinin yalan və saxta olduğunu açıqlayandan sonra ölkəsinin düşməninə çevrilirsə, demək ki, o səmtdən əsən demokratiya küləyi sonradan bir çox xalqlar üçün amansız dağıdıcı fırtınaya çevrilə bilər. Biz bunu çox görmüşük. 

"Mümkün qədər çox şey bilməlisən ki, sonra qul deyil, azad vətəndaş kimi özün qərar verə biləsən". Bunu da məhz Taker Karlson bəyan edir. Biz də bu fikirlə tam şərik olduğumuzu bildirir və deyirik: İndi çətin dövrdür, “azad Amerika” jurnalistinin başına gələnləri sizə çatdırırıq ki, müstəqil Azərbaycanın azad vətəndaşları kimi özünüz bu hadisələrdən nəticə çıxarıb müstəqil qərar verə biləsiniz. 

İlqar RÜSTƏMOV  
XQ 

 

Siyasət