Özbəkistan mətbuatında Azərbaycan müsabiqəsi keçirilir

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 2024-cü il üzrə Özbəkistan mətbuatı və ictimaiyyəti arasında Azərbaycana, habelə Özbəkistanla tarixi dostluq əlaqələrinə dair müsabiqə elan edib.

Nominasiyalar arasında “İlin televiziya verilişi”, “İlin tərcümə əsəri”, “İlin sənəd­li filmi”, “Dostluq əlaqələrini təbliğ edən ilin ən fəal azərbaycanlı və özbək ədibi”, özbək mətbuatında dostluğumuz, Azər­baycan haqqında ən çox materiallar dərc edən mətbu orqan (qəzet, jurnal, sayt, televiziya kanalı, radio), habelə Özbəkis­tanda Azərbaycan dilinin tədrisi və təbliği, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyya­tına aid ilin layihəsi və başqa mövzular var. 

Müxtəlif nominasiyalarda qaliblər Mə­dəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər. 

2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya na­minə həmrəylik” ili elan edilməsi ilə əlaqə­dar AMM tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilmə­si plandaşdırılır. 

Bununla əlaqədar mərkəz müsabiqə­də mətbuat üzrə COP-29 Beynəlxalq ekoloji təşkilatda Azərbaycanın rolu, ətraf mühitin mühafizəsi, tullantısız mühit və texnologiyalar, yaşıllıqların qorunması və artırılması, iqlim dəyişiklikləri mövzularını təşviq edən məqalələrə üstünlük verəcək və müsabiqəyə bu mövzular üzrə nomina­siyalar da daxil edib.

Bildiyimiz kimi, İSESKO tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu­nunla əlaqədar “Şuşa – İslam dünyası­nın Mədəniyyət paytaxtı” adlı nominasiya müsabiqədə yer alıb. Bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, Prezi­dent İlham Əliyevin uğurlu siyasəti, rə­şadətli Azərbaycan ordusunun Şuşanı azad etməsi, Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, eyni zaman­da, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi və s. barədə məqalələr əsas götürüləcək. 

Eyni zamanda Özbəkistanda 2024-cü ilin Prezident Şavkat Mirziyoyev tərəfin­dən “Gənclərə və biznesə dəstək ili” elan edilməsi ilə əlaqədar builki müsabiqədə xüsusi nominasiya yer alıb. Nominasiya­da gənclərin milli dəyərlərə əsaslanaraq intellektual inkişafı, onların elm və texno­logiyalara yiyələnməsi, güclü iqtisadiyya­tın qurulması, biznesin, innovasiyaların dəstəklənməsi mövzularına önəm verilə­cək. 

Qeyd edək ki, müsabiqədə qalib gələn özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan Mediaturda iştirak etmək imkanı əldə edə­cəklər.

Media nümayəndələri ölkəmizin pay­taxtı Bakıya və respublikamızın tarixi məkanlarına, işğaldan azad edilmiş böl­gələrə səfər edəcək, mədəniyyət, turizm məkanlarında olacaq, çəkilişlər aparacaq, məqalələr hazırlayacaqlar.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Mədəniyyət