Samir Səmədov: “Leyla Vəkilovanı bəyənməyənlər ona təbrik məktubu göndərirdilər”

post-img

Leyla Vəkilovanın Azərbaycan baletinin inkişafına verdiyi töhfələr yetərincədir. Çox xoşbəxt insanam ki, onun mənim həyatımda nəinki müəllim kimi, o cümlədən mənəvi ana kimi böyük rolu olub. Sonbeşiyi olmuşam deyə xətrimi çox istəyirdi.

Bu barədə XQ-ya açıqlamasında Əməkdar artist, Brüssel Beynəlxalq Xareoqrafiya Akademiyasının fəxri professor akademiki, filmin rejissoru və ssenari müəllifi Samir Səmədov deyib. Bildirib ki, Leyla Vəkilova həm də balet məktəbinin davamçısı idi: - Leyla xanım Azərbaycanın ilk balerinası Qəmər Almaszadənin tələbəsi olub. Biz də Leyla Vəkilova məktəbinin davamçılarıyıq. Leyla Vəkilova balet sənətinə çox ağır illərdə gəlib. Hansı ki, həmin dövrdə bu sənət insanlar tərəfindən heç də müsbət qarşılanmırdı. Filmdə bu barədə özü də danışır. Ekran işində gördüyünüz materialları Leyla xanım hələ sağ ikən mənə vəsiyyət etmişdi. Oları indiyə qədər qoruyub saxlayıram. Orada 5 minə yaxın foto var. Video kadrların bir hissəsini Milli Arxiv İdarəsindən, bəzilərini isə Rusiyadan əldə etmişəm. Qeyd edim ki, bu kadrlar bu günə qədər heç harda yayımlanmayıb. İlk dəfə burada görəcəksiniz. 

Leyla Vəkilova balet sahəsində yüksək nailiyyətlər əldə edəndə onu bəyənməyənlər şəxsən ona təbrik məktubu göndərmişdilər. Bu məktub məndə var. Sonda onu da qeyd edim ki, Sovet dövründə altı güclü balerina olub: Marina Semyonova, Qalina Ulanova, Maya Priserskaya, Nataliya Dudinskaya, Olqa Lepişinskaya və təbii ki, Azərbaycan balet sənətinin estetik siması Leyla Vəkilova. 

Fidan SALMANOVA
XQ

Mədəniyyət