Sazın Ədaləti – Ədalətin sazı…

post-img

Aşıq Ədalət Nəsibov – 85

Bu iki məfhumu bir-birindən ayırmaq olmur. Saz deyəndə Ədalət, Ədalət deyəndə qara saz yada düşür. Elə buna görə də UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında Aşıq Ədalət Nəsibovun musiqi albomu buraxılıb.

Ədalət Nəsibov 1939-cu il yanvarın 27-də Qazaxda yoxsul bir ailədə dün­yaya göz açıb. Atası pinəçi idi. Amma gözəl saz çalmağı da bacarırdı. Ədalət də erkən yaşlarından saza könül verib, bu gözəl musiqi alətinin “dil”ini də elə atasından öyrənib... Hələ 11 yaşında ikən Moskvada, Kremlin Qurultaylar Sa­rayında möhtəşəm ifası ilə tamaşaçıları heyrətləndirib.

Ömrünün sonunadək sazla kö­nül-könülə yaşayıb. O, haqq aşığı ol­maqla, Tanrı töhfəsi kimi verilən fitri istedadı ilə şöhrət qazanıb, sənətin zir­vəsinə ucalıb. Saz sənətinə yeniliklər gətirib. Saza 5 pərdə, 6 sinə pərdəsi və 7 yarımpərdə əlavə edib. Onun ifasında “Ruhani”, “Yanıq Kərəmi”, “Naxçıvanı”, “İncəgülü” və onlarca digər saz havala­rı bənzərsiz və təkrarolunmaz səslənib həmişə. Mərhum şair Qasım Qasımza­də Aşıq Ədalətə ithaf etdiyi şeirdə onun sənətinə heyranlığını belə ifadə edib: 

O əfsuna sən daldıqca

Düşünürsən, bu avazda 

Yüz sənətin hikməti var.

Şövqə gəlib o, çaldıqca

Deyirsən ki, bu tək sazda

Bir orkestr qüdrəti var…

Dünya şöhrətli hind aktyoru Rac Kapur da Ədalətin ifasını dinləyən za­man onun sazında bir orkestr qüdrəti­nin olduğunu deyib. Ümumiyyətlə, Aşıq Ədalətin sənətinə dünyaca məşhur in­sanlar, o cümlədən, böyük türk yazıçısı Əziz Nesin, Xalq şairi Səməd Vurğun, Xalq yazıçısı Mirzə İbrahimov və başqa­ları çox yüksək qiymət veriblər. 

Aşıq Ələsgərin şeiriyyətdə və aşıq söz sənətində ucaldığı zirvəyə, saz ifa­çılığında da Aşıq Ədalət ucalıb. Doğ­rudan da, onun ifaları möhnətin qədə­rindən, insan ürəyinin qəhərinə qədər elə duyğuları, elə hissləri dilə gətirir ki, bunu ifadə etməkdə söz də acizdir. Ba­şını sazının çanağına söykəyib çalanda düşünürdüm ki, sanki bənövşə ətri içib, yuxuya gedib. Amma sazı sinəsində dil-dil ötür, barmaqları pərdələrdə gəzişdik­cə yorulmaq bilmirdi… 

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhər­rəm Qasımlı deyir: “Biz Ədalət Nəsibo­vu gözəl çalğısına görə tanıyırıq və se­virik. Amma bizim tanıdığımız bir Ədalət Nəsibov da var. O Ədalət Nəsibov ki, 50-dən çox dastanı, saya gəlməyən aşıq şeirini sinəsində dəftər edib.” 

Dədə Ədalətin özündə, sözündə, sə­sində, nəfəsində, bütöv ruhunda bir saz havası vardı. O, danışanda da saz dilin­də danışırdı. Onun havacatları Vətənin qıraqda qalan yerlərində də məclisləri bəzəyirdi. Sazının səsi Göyçə–Göy­çə, Borçalı–Borçalı yayılırdı… Onun sazının sədaları hələ Sovetlər Birliyi dönəmində sərhədləri aşıb, bütün Türk dünyasında eşidilirdi. O, adi saz səsi deyildi, Türkün səsi idi, Türklük sevdası idi, Türkün yenilməz ruhu idi.

Saz sənətimizin inkişafında Ədalət Nəsibovun rolu danılmazdır. O, bütün havaları ilahi bir qüdrətlə dilləndirirdi, bizlərə ərmağan edirdi. Tək bircə ha­vacatdan savayı. Amma mən Ədalətin içindəki o havacatı duyurdum. O, Ədalə­tin özü ilə tək qalanda ifa etdiyi hava idi. Ədalət əfsanəsinin ruhunun havası idi, “Ədalət əfsanəsi” havası idi.

…Onun çalğılarını dinləyəndə bir tərəfdən könlümüz şadlanır, bir tərəfdən də ürəyimiz odlanır. Bu havacatlar sazın fövqündə dayanır. Ədalət təkcə saz çal­mır, ruhumuza layla çalır. Vətən laylası, ana laylası çalır.

Bir dəfə onun məclisinə qonaq ol­dum. Çal-çağırı şirin bir dastana, uzun bir qış gecəsinin nağılına bənzəyirdi. Arada Ədalət nəfəsini dərirdi. Təzanəni bənd edəndə xərəyə, sanki xal düşürdü ürəyə. Mən ürəkdən-ürəyə daşınan o havacatı daha çox dinləmək istəyirdim. Ürəyimdə sazın nuru dolanır, qönçə kimi açılırdı. İndi o unudulmaz görüşü xatır­layanda həsrətdən göynəyirəm, Kərəm qoşması kimi odsuz-alovsuz qovrulu­ram, təəssüflə dərin bir ah çəkirəm.

Ədalətlə təsadüfi görüşümüz bir ta­rix kimi yaddaşımda yaşayır. İlk tanış­lıq sonrakı görüşümüzə bir körpü oldu. Söhbəti olduqca maraqlı idi. Xalq yara­dıcılığından, aşıq sənətimizin incəliklə­rindən, özünün saz dünyasından qatı açılmamış o qədər şirin epizodlar da­nışırdı ki, vaxtın axarını hiss etmirdim. Bir-birindən gözəl, bənzərsiz ifalarının ovsununa düşmüşdüm. Onun sirli-se­hirli sənətinin ecazına düşənlər nə qə­dərdi, ilahi! Onun ifaları milyonların sev­gisini, məhəbbətini qazanıb. 

Türk dünyasının ünlü sənətkarı, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun anadan olmasının 85-ci il­dönümü tamam olur. Aşıq Ədalət Nə­sibovun sənəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, Prezidentin fərdi təqaüdçüsü idi, “Şərəf” ordeni ilə təltif edilmişdi. Xalq tərəfindən isə Dədə Ədalət titulunu qazanmışdı. Dədə Ədalətin xatirəsinə hörmət əlamə­ti olaraq onun qəbri üzərində möhtəşəm abidə ucaldılıb. Eyni zamanda, Xaçmaz şəhərindəki “Şəxsiyyətlər parkı”nı da Dədə Ədalətin möhtəşəm büstü bəzəyir.

Aşıq Ədalət Nəsibov 2017-ci ildə, 78 yaşında vəfat edib. Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olu­nub. Ruhu şad olsun…

Həzi HƏSƏNLİ,
şair - publisist

Mədəniyyət