Azərbaycanın “Əl-Cəzirə”dəki səsi

post-img

Bu gün öz müstəqilliyi ilə tək kanal olan “Əl-Cəzirə” dünyada baş verən­lərə qərəzsiz və operativ münasibəti ilə seçilir. Qarabağ savaşında Azərbay­can həqiqətlərinin dünyaya çatdırılmasında da bu kanal ədalətli mövqe­yindən çəkinməyib. 2020-ci il oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini yayımlamaqla Vətən savaşı dövründə Azərbaycanın in­formasiya blokadasının yarılmasına töhfəsini verib. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi, həmçinin 44 günlük müharibədə Azərbay­canın qələbəsindən sonra Qarabağda və regionda yaranmış vəziyyət barədə ge­niş reportaj da həmin dəstəyin davamı olub və fəxrlə deməliyik ki, bu əlaqələr bu gün də uğurla davam etdirilməkdədir...

Məşhur kanalın belə xidmətlərin­də orada çalışan həmyerlimiz Aysə­ba Umudlunun danılmayan rolu olub. “Əl-Cəzirə”nin əməkdaşı olmaq da hər kəsə qismət olmayan uğur sayıla bilər. Aysəba xanımın orada calışması öyünə biləcəyimiz faktdır. 

Aysəba Umudlu bu qurumda çalışan yeganə azərbaycanlıdır. O, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin mə­zunudur. Magistratura təhsilini London Siti Universitetinin beynəlxalq siyasət və insan hüquqları fakültəsində alıb. Həm də Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) rəhbəri kimi Böyük Britaniyadakı diasporumuzun fəaliyyətində yaxından iştirak edib, Azərbaycan həqiqətlərinin yayılması, milli mədəniyyətimizin tanıdıl­ması və təbliği istiqamətində mütəmadi keçirilən tədbirlərin təşkilatçılarından olub. Məhz onun rəhbərliyi, BBTK-nın təşkilatçılığı və Azərbaycan Respublika­sı Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda Əcnə­bi Tələbə Gənclərin II Ümumrespublika Forumu” keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fon­dunda çalışdığı vaxtlarda Avrasiya Me­dia Şəbəkəsinin qurucularından biri, Azərbaycanda təhsil alan əcnəbi gənclər şəbəkəsinin – Bakı Beynəlxalq Tələbə Təşkilatının qurucusu olub. Hələ tələbəlik illərində ictimai işlərdə fəallığı ilə seçilən Aysəba Umudlunun jurnalist kimi fəaliy­yəti “Xəzər TV” ilə bağlıdır. Bu kanalda, ola bilsin, tamaşaçıların da unutmadı­ğı “Səfirlərə səfər” verilişinin həm ideya müəllifi, həm də icraçısı olub.

“Əl-Cəzirə” TV-də çalışmaqsa onun iş həyatının zirvəsi olub və Aysəba xanım bu günə qədər məşhur kanalda çoxsay­lı uğurlara imza atıb. Xüsusən də 44 günlük Vətən müharibəsi dövründə bir vətənpərvər azərbaycanlı kimi ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında Aysəba xanımın böyük rolu və zəhməti olmuşdur. 

Aysəba xanım hazırda Dohada ya­şayır, doğma Azərbaycanı, doğulduğu Qarabagı unutmur, çiçəklənən Vətənimi­zin uğurlarının dünyaya tanıdılmasında yorulmadan çalışır. Həm də Qətərdə bu sahədə fəaliyyət göstərən Azərbaycan Diaspor Şurasının sədr müavinidir. Gənc azərbaycanlı xanım 2020-ci ildə Qətər­də daha məsul vəzifəyə də təyinat alıb. O, "Yaxın Şərq Liderlik Akademiyası"nın (MELA) 2020–2022-ci illər üçün Qətər üzrə prezidenti seçilib və bu mötəbər təş­kilatda yeganə ərəb olmayan prezident olub. 

Xatırladaq ki, Aysəba Umudlu Bey­nəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin qızıdır. Heç şübhəsiz, onun beynəlxalq aləmdə qa­zandığı uğurlar təkcə Mirzəyevlər ailəsi­nin deyil, bütövlükdə Azərbaycan xalqı­nın öyünə bildiyi hadisədir. Həm də ona görə ki, Azərbaycan həqiqətlərinin dün­yaya olduğu kimi çatdırılmasına bu gün də böyük ehtiyacımız var. 

Namiq QƏDİMOĞLU
XQ

Sosial həyat