“Muzeyimizin xəzinəsindən incilər”

post-img

Milli İncəsənət Muzeyi “Muzeyimizin xəzinəsindən incilər” rubrikasını böyük məmnuniyyətlə muzeysevərlərə təqdim edir. Bu rubrikada kolleksiyaya aid dəyərli sənət nümunələrini görə biləcəksiniz. 

Şuşanın zadəgan ailələrindən birinə  məxsus olan təkəlduz tikməli süfrə belə qiymətli nümunələrdəndir. Süfrənin böyük ölçüsü, zəngin naxışları, tikmələrin yüksək sənətkarlıqla icra edilməsi və nəhayət, çox yaxşı vəziyyətdə muzeyə daxil olması onun bayram süfrəsi kimi işlədilməsinə dəlalət edir. Bu nümunə klassik “Ləçək-turunc” kompozisiyası əsasında həll edilmişdir. 

Belə bədii tərtibata Şuşadakı imarət və sarayların bəzədilməsində istifadə olunan dəst xalı-gəbələrin mərkəzi və xalq arasında “kəllayi gəbə” adlanan otağın baş hissəsinə salınan xalçalarda rast gəlinir. Süfrə dizaynının xalça variantını Şuşada toxunan məşhur “Xanlıq” xalçalarında müşahidə etmək olar. Belə kompozisiyalı xalçalardan biri hazırda Fransanın Luvr Muzeyində, digəri isə Frankfurt (Almaniya) Tətbiqi İncəsənət Muzeyində saxlanılır.









Mədəniyyət