Ceyhun Bayramov: Azərbaycan Qoşulmama Hərəkatının mövcud çağırışlarla mübarizədə səmərəliliyinin artırılması üçün substantiv və institusional tədbirlər görüb

post-img

Yanvarın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampalada Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu Zirvə görüşündə iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Zirvə görüşündə Hərəkatın sədri qismində açılış nitqi ilə çıxış edən nazir Azərbaycanın dörd əvvəl Hərəkata sədrliyi beynəlxalq münasibətlər sistemi üçün olduqca mürəkkəb bir dövrdə təhvil aldığını vurğulayın. Nazir ölkəmizin bu təsisata uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə səmərəliliyinin artırılması üçün substantiv və institusional tədbirlər gördüyünü diqqətə çatdırıb.

Sonra Hərəkatın 19-cu Zirvə görüşünün gündəliyi qəbul edilib.

Gündəliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində uğurlu fəaliyyətini və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub.

Sonra nazir Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.

2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə daha bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən nazir Azərbaycanın sədrlik dövründə öz fəaliyyətini tarixi Bandunq prinsipləri əsasında qurduğunu bildirib. Bu istiqamətdə Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətinin əlaqələndirilməsinin, çevikliyinin təmini istiqamətində əməli tədbirlər gördüyü, bu işlər nəticəsində yüzlərlə bəyanat, kommünike və bəyannamələrin razılaşdırıldığı, Hərəkat üzvləri tərəfindən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında irəli sürülmüş qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.

Azərbaycanın Hərəkata sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, bir sıra təşəbbüslərin, xüsusilə Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub. Sədrlik dövründə Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılmasının, Qadınlar Platformasının əsasının qoyulması ilə bağlı atılan addımların Qoşulmama Hərəkatının institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Bununla yanaşı, Hərəkatın üzvlərinin sayının artırılması, onun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, Hərəkata üzv dövlətlərin beynəlxalq təşkilatların seçkili orqanlarında namizədliklərinin dəstəklənməsi, üzvlərin inkişafına istiqamətlənən təşəbbüslərin həyata keçirilməsinin də Azərbaycanın sədrliyi dövründə qazanılan uğurlar sırasında olduğu vurğulanıb.

Ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə Qoşulmama Hərəkatının sədrlik üçlüyü çərçivəsində Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən digər üzv dövlətlərin nümayəndələri Azərbaycanın Hərəkata dörd illik uğurlu sədrliyini təqdir edərək, xüsusilə təsisatın institutlaşdırılması istiqamətində ölkəmizin atdığı addımları və pandemiya dövründə COVID-19 ilə mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər.

Zirvə görüşündə qəbul edilən Yekun Sənəddə ölkəmizin maraqlarını əks etdirən müddəalar əks olunub, Azərbaycanın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın növbəti Tərəflər Görüşünə (COP29) ev sahibliyi etməsi Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən yekdilliklə alqışlanıb.

Daha sonra Qoşulmama Hərəkatının sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, Zirvə görüşü Uqanda Respublikasının Prezidenti Yoveri Museveninin sədrliyi ilə davam edib.



Siyasət