Unudulmaz Yalçın müəllim...

post-img

Yalçın Əlizadə... Bu ad məni 29 il əvvələ aparır: 1994-cü il, BDU-nun Jurnalistika fakültəsi, 1-ci kurs, 2-ci semestr, ixtisaslara seçim üçün müsahibə mərhələsi. Qrupumuzda çoxları Televiziya və radio jurnalistikası kafedrasına düşmək istəyirdi. Düzdür, kafedra müdiri Yalçın Əlizadənin zəhmi hamımıza sirayət etsə də, efirə həvəsimiz bu qorxuya qalib gəlirdi. Hər kəs özünü bu cəlbedici qrupda görürdü. Mən şanslılardan oldum. 

İstəyimi reallaşdıran ilk şansın ardın­ca digərləri gəldi. Artıq 29 ildir zəhmin­dən çəkidiyim insanın – Yalçın müəllimin göstərdiyi yol və bu yolda yandırdığı ya­şıl işıq sayəsində Jurnalistika fakültəsinin bir parçasına çevrildim. Bakalavriatdan sonra magistratura, daha sonra disser­tantura... 

Bu pillələrlə irəlilədikcə elmi rəhbərim Yalçın müəllimin məsləhətlərindən ya­rarlandım. “Hər kim 100 il yaşamasa...” (Mirzə Babayev və Nəsibə Zeynalova ilə müsahibə) mövzusunda diplom işi yaz­maq istəyimə qarşı çıxmasa da, siyahıda diplom rəhbərim kimi Yalçın Əlizadənin adını oxuyanda – “bu, çox çətin olacaq”, – düşündüm. Elə düşündüyüm kimi də oldu. Təkcə sənət korifeylərinə ünvan­layacağım suallara görə üç ay dekanlı­ğa ayaq döydüm. Həmin dövrdə hər iki Xalq artistinin səhhəti yaxşı deyildi. Dip­lom işimlə yanaşı, narahatlığım həm də bununla bağlı idi. Bunun üzərinə Yalçın müəllimin tələbkarlığını da əlavə edəndə, situasiya daha da dramatikləşirdi. Amma geriyə yol yox idi. Yalçın Əlizadəyə ve­riləcəyim ilk “yaradıcılıq hesabatından” nəinki yayınmaq, bu barədə düşünmək belə mümkün deyildi. Bütün çətinliklərə baxmayaraq, tələbə-jurnalistin hazırladı­ğı radio-kompozisiya diplom rəhbərinin məqbul sayacağı səviyyədə alındı. Məhz Yalçın müəllimin xeyir-duası ilə veriliş Azərbaycan radiosunun “Musiqili görüş­lər” proqramında efirə verildi... 

***

Magistraturanı bitirdikdən son­ra Yalçın müəllim mənə dissertant olmaqla yanaşı fakültədə işləməyi tək­lif etdi. Jurnalist kimi çalışmaq istəyimi bildirəndə etiraz etmədi, amma elmi fəaliyyəti unutmamağı tapşırdı. Qısa müddət ərzində çap və elektron medi­ada çalışdım. Amma ustadımın tövsiyə­sini unutmadım. Sonra fakültəyə Təd­ris Televiziya Studiyasının müdiri kimi qayıtdım. Dissertant kimi əvəzolunmaz elmi rəhbərimlə mövzu üzərində məs­ləhətləşmələrə də elə o vaxtdan başla­dıq. Artıq Yalçın Əlizadə Jurnalistika fa­kültəsinin dekanı, mənsə müəllimi idim. Onu tanıyanlar qayğıkeşliyi ilə bərabər, nə qədər tələbkar olduğunu da yaxşı bi­lirlər. Heç yadımdan çıxmaz, sənəd işi ilə bağlı rektorluğa getdiyim üçün dər­sə 5 dəqiqə gecikdim. Fikirləşirdim ki, buna görə problem olmaz. Amma dəh­lizdə məni gözləyən dekanı görəndə, onun “tənbehini” eşidəndə yanıldığımı anladım. 

Ustadımın növbəti etimadını BDU-da vəzifədə olanların dərs yükünün azaldıl­ması ilə bağlı qərar çıxarkən gördüm. Məzuniyyətdə olarkən fakültədən zəng edib, “təcili Yalçın müəllimin yanına gəlin”, dedilər. Düzü, elmi işimlə bağ­lı problem olduğunu düşündüm. Amma yanılmışdım. Yalçın müəllim Televiziya və radio kafedrasının iki əsas fənnindən birini, illərdir özünün tədris etdiyi “Radio jurnalistikasının əsasları” fənninin mənə həvalə olunduğunu dedi və əlavə etdi: “Bir aya yeni mühazirələrlə səni gözlə­yirəm”. Gözlənilməz təklifdən imtina et­məyə çalışdım. “Hazır deyiləm”, “çox az vaxt qalıb” kimi bəhanələr işə yaramadı. O, dərsə gecikdiyim zaman üzləşdiyim eyni ciddiyyətlə məni susdurdu.

Xəstəliyi ilə əlaqədar fakültədən uzaqlaşdığı zamanlarda belə Yalçın müəllim tələbələrdən dəstəyini əsirgəmə­di. Magistratura səviyyəsində dərslərə girmək üçün elmi dərəcəm olmasa da, Yalçın müəllim yenə də yaşıl işığını yan­dırdı, “magistraturadakı dərslərimi Aynu­ra verin” – dedi. 

Sağlığında sonuncu uğurumu – Bey­nəlxalq Jurnalistika və informasiya si­yasəti kafedrasının müdiri vəzifəsinə təyinatdan öncə Yalçın müəllimə zəng vurdum. “Müəllim, proqnozlarınız, hə­mişə olduğu kimi, yenə də özünü doğ­ruldur...” deyəndə onun bir dəqiqəlik sü­kutunda Ustadın böyüklüyünü duydum. Yalçın müəllim heç vaxt dəyişmədi. İnsan kimi sabitqədəmliyini həmişə qoruyub saxladı. 

Mənim üçün cığırını açdığı və yaşıl işıq yandırdığı peşə yolunda addımla­yarkən əmin oldum ki, Yalçin müəllim özündən sonrakı illərin Jurnalistika fa­kültəsini də formalaşdırdı. İndi tək mənə yox, fakültənin bir çox əməkdaşına yaşıl işıq yandıran Ustadı anırıq. İl yarım bun­dan əvvəl Nəsir Əhmədli ilə vidalaşmış­dıq. Cismani ayrılıq onun da payına düş­dü. Məkanınız cənnət olsun, ustad!!! 

Aynur NƏSİROVA,
BDU-nun beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri

Mədəniyyət