Saatlı torpağı “ağ qızıl”ın işığında

post-img

Ötən il respublikada ən çox – 38 min ton pambıq bu rayonda toplanıb

Saatlı rayonunun fermerləri növbəti pambıq mövsümündə istər suvarma suyu ilə bağlı yaşanan bəzi çətinliklərə, istərsə də təbiətin şıltaqlığına– pambıq yığımı dövründə intensiv yağışların yağmasına baxmayaraq, ruhdan düşmədilər. Onlar 38 min 270 ton məhsul toplamaqla ölkə üzrə birinci yerdə qərarlaşdılar.

Qeyd edək ki, 2023-cü ildə Saatlıda respublika üzrə ən çox– 12 min 624 hek­tar sahədə pambıq əkilib və 1787 fermer­lə müqavilə bağlanıb. Rayon üzrə hek­tarın məhsuldarlığı isə 30,31 sentnerə yüksəlib. 

Əməktutumlu sahə olan pambıqçılı­ğın respublikamızda yenidən dirçəlməyə, başqa sözlə desək, pambığın yenidən “ağ qızıl”a çevrilməyə başladığı dövrdən, yəni 2016-2017-ci illərdən Azərbaycan dövləti bu sahəyə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Belə ki, sö­zügedən sahənin inkişafı ilə bağlı döv­lət proqramları qəbul edilib, fermerlərə məhsul subsidiyası ödənilməyə başlanıb, pambığın alış qiyməti ilbəil artan tenden­siya üzrə fermerlərin xeyrinə dəyişməkdə davam edib. Təkcə 2022-ci ildə pambıq tədarükü və emalı müəssisələri tərəfin­dən məhsulun fermerlərdən alış qiyməti­nin artırılmasına dair iki dəfə qərar qəbul olunub: pambığın alış qiyməti hər tona 50 manat olmaqla iki dəfə, yəni 100 manat artırılıb. 

Beləliklə, 2023-cü ildə pambığın fermerlərdən alış qiyməti (hər tonuna) I növ üçün 800 manat, II növ üçün 780 manat, III və IV növlər üzrə isə müvafiq olaraq, 740 və 700 manat müəyyənləşdi­rilib. Eyni zamanda, 2022-ci ildə tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat subsidiya ödənildiyi halda, ötən il Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu rəqəm artırılaraq190 manata çatdırılıb. Əlbəttə, göstərilən bütün bu dəstək fer­merlərin də pambıqçılığa olan marağını və həvəsini xeyli artırıb. 

Xatırladaq ki, Saatlı rayonunda ən yüksək pambıq istehsal 1981-ci ilə ümummilli lider Heydər Əliyevin Azərbay­cana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Lakin həmin dövrdə respublika üzrə pambıqçılıq sahəsində ilk iki yerdə, bir qayda olaraq, Bərdə və Sabirabad ra­yonları qərar tutardı. Sevindirici haldır ki, hazırda Saatlı rayonu bu estafeti uğurla davam etdirir. 

Mahir ALLAHYAROV,
“Dönüş” qəzetinin redaktoru



Sosial həyat