Ana və körpələrini qızılcadan necə qoruyaq?

post-img

Ötən ilin sonlarından başlayan və hazırda davam edən qızılca epidemiyasının yayılması ilə əlaqədar ölkədə əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. 2023–2024-cü ilin payız–qış mövsümündə 15 min 550 nəfərin vaksinasiyası aparılıb.

TƏBİB-dən verilən məlumata görə, qrip əleyhinə inaktivləşdirilmiş vaksin­lər mövsümi olaraq, qrip ağırlaşmaları­nın meydana çıxma riski yüksək olduğu vaxtlarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxa­nalarında, Bakı şəhəri üzrə isə müəyyən olunan müvafiq ilkin səhiyyə müəssisələ­rində bu tibbi xidmətdən ödənişsiz olaraq yararlana bilərlər.

Peyvəndləmə ilə bağlı Səhiyyə Na­zirliyi əhaliyə çağırış ünvanlayıb. Qurum qeyd edib ki, yaranmış epidemioloji və­ziyyətin təhlilinə əsasən, azyaşlılarla yanaşı, 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları müşahidə edilir. Yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və bu xəstəliyi ke­çirməyənlərdir.

İnfeksiyanın yerli yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan profilak­tik peyvəndlər təqviminə əsasən, vak­sinasiyası ilə yanaşı, qızılcaya həssas 11– 40 yaşlı əhali qruplarının da peyvənd olunması vacibdir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi vaksin preparatlarının ölkəyə gətirilməsini təşkil edib. Alınan vaksinlər Niderland istehsalıdır, ÜST və Avropa Şurasının tövsiyələrinə uyğundur.

40 yaşa qədər insanlara vaksin tövsiyə edilməsi ilə bağlı belə bir sual da meydana çıxır: hamilələrə peyvənd vurdurmaq olarmı? Elmi-Tədqiqat Ma­malıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Aysel Bəyişova bu­nunla bağlı XQ-yə bildirdi:

– Vaxtında qızılcaya qarşı peyvənd olunmayan qadınlarda hamiləlik müd­dətində xəstəliyin gedişi ağır ola bilər. Çünki həmin dövrdə qadının fizioloji ola­raq immun sistemi nisbətən zəifləyir. Ha­miləlik zamanı yoluxma mənbəyi xəstə insanla ünsiyyətdə olmaqdır. Xəstəliyin hamiləliyə təsiri yoluxma müddətindən asılı olaraq dəyişir. İlk 3 ayda inkişafdan qalmış hamiləliyə, düşüklərə səbəb olur. Əgər hamiləlik dövründə xəstəlik inkişaf edirsə, bu zaman döldə mərkəzi sinir sis­teminin zədələnmələri, mayalanma döv­rünə təsadüf etdiyi halda isə xromosom anomaliyalarının yaranmasına səbəb ola bilər. İkinci 3 ayda isə uşaq vaxtından əvvəl olsa da, bəzən tam sağlam doğula bilər. 

Qızılca zamanı ağciyər pnevmoni­yasının inkişafı riski hamilələrdə yüksək olur. Belə olanda 72 saat ərzində ha­miləyə qızılca əleyhinə immunoqlobulin vurulmalıdır. Bu, həm virusa yoluxmanın qarşısını alır, həm də xəstəliyin yüngül keçməsinə şərait yaradır. 

Qızılcadan qorunmağın ən təhlükə­siz yolu vaxtında peyvənd olunmaqdır. Qızılca peyvəndi məxmərək peyvəndi ilə birgə vurulduğu üçün insanı hər iki xəstəlikdən qoruyur. Peyvəndlənmiş şəxslər xəstə insanla təmasda olsalar da, ya xəstəliyə yoluxmurlar, ya da çox yüngül keçirirlər. Xüsusən də qızılcaya qarşı vaxtında peyvənd edilən uşaqlarda xəstəliyin ağırlaşmaları müşahidə edil­mir.

Həkimin fikrincə, hamiləlik zamanı qızılca peyvəndi vurdurmaq qəti şəkil­də məsləhət görülmür:

– Hamiləlik planlaşdıran qadınların, ən azı, 6 ay əvvəl qızılcaya qarşı pey­vəndlənməsi tövsiyə olunur. Xəstəliyə yoluxan hamilələr üçün xüsusi bir müa­licə üsulu mövcud deyil. Ona görə də simptomatik müalicə təyin edilir. Körpə dünyaya gəldikdən sonra müayinə olu­nur. Əgər uşaqda qızılca aşkar olunarsa, o, anası ilə bərabər qalır və ana südü ilə qidalanır. Amma yoluxmayıbsa, ana izolyasiya olunur və müalicə kursu təyin edilir.

Qeyd edək ki, yüksək yoluxuculuq qabiliyyəti olan qızılca infeksiyasından qorunmağın ən təsirli yolunun vaksina­siya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edir və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olun­mağa çağırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyüklərə ambula­tor-poliklinik xidmət göstərən tibb müəs­sisələrinə müraciət oluna bilər.

Z.HÜSEYNOVA
XQ



Sosial həyat