Şuşa zirvəsində əbədiləşən qardaşlar

post-img

Otuz il idi ki, düşmən tapdağında qalan torpaqlarımız üz qaramız olmuşdu. Şükürlər olsum ki, nəhayət, 44 günlük “Zəfər Yürüşü” ilə erməni işğalına son qoyduq. Amma Qarabağın məkrli düşməndən təmizlənməsi, ərazi bütövlüyümüzün bərpası qurbansız ötüşmədi, 3 min şəhid verməli olduq. 

Haqqında söhbət açmaq istədiyim şuşalı Vidadi Fərhadov da Qarabağda şəhadətə ucalan soydaşlarımızdandır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis işləyən Vidadi bu il sentyabrın 19-da separatçı erməni silahlı dəstələri­nin Şuşaya terror hücumu zamanı iş yol­daşlarını sığınacağa apararkən həyatını itirib. Qəhrəman hərbçilərimizin 23 saat ərzində düşmən tör-töküntülərini zərər­sizləşdirməsini və dövlət suverenliyimizi tam bərpa etməsini görməsə də, onun ruhu şaddır ki, bu yolda canını qurban verənlərdəndir. 

Elə buradaca xatırladaq ki, Vidadinin böyük qardaşı Füzuli də 1991-ci ildə eyni aqibətə düçar olub: 1991-ci ildə Şuşada kənd təsərrüfatı idarəsinin rəhbəri işləyən Füzuli müdafiə tədbirlərinin təşkili zama­nı düşmənin atdığı “Alazan” mərmisinə tuş gələrək həyatını itirib. İkinci Qarabağ müharibəsi başlananda Vidadi Vətən müdafiəçilərinin sırasına qatılmağa çox can atsa da, yaşına görə bu, mümkün olmayıb. Amma Böyük Zəfərdən sonra yaranan ilk imkandaca o, Şuşaya gedib və bərpa-quruculuq işlərində çalışmağa başlayıb. Təəssüf ki, nankor ermənilərin növbəti xəyanəti bu yurdsevər insanı da aramızdan apardı. 

Vidadi Şuşasız illəri ömründən say­mırdı. Bu nisgillə 29 il canını dişinə tu­tub yaşadı, bir cüt övlad böyütdü. Şuşa azad olunanda sevinci yerə-göyə sığma­dı, fərəhdən qanad taxıb, doğma yurda pərvazlandı. Elə orada da əbədiyyətə qovuşdu. Ona məxsus sosial şəbəkə statuslarına, fotolara, videosüjetlərə bax­dıqca, Şuşanın istisinə bələnərkən necə vəcdə gəldiyinə, uşaq kimi şadlanmağına heyrətlənməmək mümkün deyil. Vidadi o şuşalılardan idi ki, yurdunu Ayı, ulduzu, yağışı, qarı, dolusu, dumanı, dovşanı, kirpisi ilə sevirdi... 56 yaşlı Vətən fədai­sindən həzin, kövrək xatirələr qalıb. 

Taleyin, qismətin gərdişinə baxın ki, iliyinə qədər vətənpərvər qardaşlar olan Füzuli və Vidadinin atası Aydın kişi xəstə canı ilə 29 il “Şuşa, Şuşa!” deyərək həs­rətə dözdü və tac-şəhərimizin işğaldan qurtulan gününü görəndən sonra Şuşa torpağına tapşırılmaq vəsiyyəti ilə ömür karvanını çəkib getdi. İndi Şuşa səmasın­da ata və övladlarının pak ruhu bərabər pərvazlanır...

Vidadinin qardaşı oğlu, babasının adını daşıyan kompüter mütəxəssisi Ay­dın Fərhadlının dedikləri: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ən böyük təsəllimiz düşmən tapdağındakı tor­paqlarımızın azadlığa, əsl sahiblərinə qovuşması, yurd həsrətlilərinin oralara qayıtmasıdır. Ailəmiz doğma şəhəri tərk eləmək məcburiyyətində qalanda mənim 2 yaşım vardı. İndi isə 33 yaşındayam və bir müddət öncə icra hakimiyyətinin sifa­rişi ilə həmin ərazilərin elektron xəritəsini hazırlayanların sırasında olmağımla fəxr edirəm. Məxsusi duyğularla cənnətmə­kan Qarabağımızın virtual səyahətləri gerçəkləşdirənlərdənəm. Ən böyük ar­zum həmişəlik köçüb Şuşada yaşamaq, övladlarımı orada böyütməkdir”. 

Babası və əmiləri Şuşada uyuyan Aydını dinlədikcə yadımıza ulu şairimiz Məhəmmədhüseyn Şəhriyarın Vətən eşqli misraları düşür:

Can qurban etmənin vaxtı çatıbsa,

Səndən hansı namərd əsirgəyər can?

Qoyaram başımı ayaqlarına,

Ey ana torpağım! Ey Azərbaycan!

Bu, Vətən uğrunda vuruşan, çarpı­şan, yurdun hər daşına can qoyan insan­ların həyat kredosu, ölməzlik himnidir. 

Qurban CƏBRAYIL,
“Mədəniyyət” jurnalının redaktoru

Sosial həyat