Vətəndən can əsirgəməyən oğul

post-img

Bu yaxınlarda Sumqayıtın Tarixi Muzeyində Vətən müharibəsi şəhidi Səbuhi Əlixan oğlu Həsənquliyevin xatirəsinə həsr olunmuş tədbirdə anasının ona həsr etdiyi şeirləri söyləməsi hər kəsi təsirləndirdi. Qəhrəmancasına ölümü ilə tarix yazan igidin anası ondan sonra şəhid balasının adını özünə təxəllüs götürüb və “Maisə Səbuhi” imzası ilə yeni kitabını nəşr etdirib. 

“Şəhidlik Tanrı hədiyyəsidir” adlanan kitabının üzqabığında qəhrəmanın iri şəkli, səhifələrində isə haqqında yazılmış kövrək, həzin və qürur dolu neçə-neçə şeir yer alıb.

Nə zaman böyüyüb qəhrəman oldun?

Şuşanı qurtarıb arzuna doldun.

Vətənçün döyüşüb gül kimi soldun,

Məzarın zirvədə qazılıb sənin...

Səbuhi Həsənquliyev 2002-ci ildə Ucar rayonunun Boyat kəndində dünya­ya gəlib. Ailənin 2 oğlan övladından biri olub. 2008-ci ildə Sumqayıt şəhərində­ki Cəbrayıl rayonu 5 nömrəli məktəbin 1-ci sinfinə gedib və 9-cu sinfi bitirəndən sonra Peşə liseyində təhsil alıb. 2020-ci ilin yazında həqiqi hərbi xidmətə yol­lanıb. Vətən müharibəsi başlananda o, sadəcə 5 ayın əsgəri idi. Qürurlanırdı ki, düşməndən qisas almaq imkanı yaranıb. Cüssəsinə və ayıq-sayıqlığına görə onu XTQ-yə cəlb ediblər. Bundan sonra Sə­buhi "yaşma"larla birgə ən öndə getməyə başlayıb, döyüşlərdə fəal iştirak edib, qəhrəmanlıqlar göstərib. Cəsur döyüşçü şəxsi nümunəsi ilə daim silahdaşlarını qələbəyə ruhlandırıb. 

Yaralı, ya da şəhid olmuş dostlarının birini də döyüş meydanında yalnız bu­raxmayan qəhrəmanımız Şuşada şiddətli əlbəyaxa döyüşlərdə iştirak edib. Tac şəhərimiz uğrunda son döyüş ərəfəsində sanki şəhid olacağını əvvəlcədən hiss edən Səbuhi toya gedirmiş kimi, qoluna qırmızı parça bağlayaraq “Vətən uğrunda qurban gedirəm”, – deyib. Döyüşdə çox sayda düşməni məhv edib. Dostunun düşmən tərəfindən vurulduğunu görüb və onu mərmi yağışının altından çıxar­mağa çalışarkən özü də gülləyə tuş gəlib. Döyüş yoldaşları ona çatanda Səbuhinin artıq ağır yaralanaraq şəhid olduğunu görüblər. 

Onun Vətən bayrağına bükülmüş nəşi Sumqayıta gətirilib və Şəhidlər xiya­banında qəhrəmanla izdihamlı vida mə­raimi keçirilib. Səbuni Həsənquliyev ölü­mündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətənə xidmət görə” ordeninə, Cəbrayılın, Füzulinin,Qubadlı­nın, Şuşanın azad olunmasına görə və “Vətən uğrunda” medallarına layiq görü­lüb... 

Yuxarıda xatırlatdığımız anım tədbi­rində şəhidin keçdiyi qısa, lakin şərəfli yoldan, onun Vətənə naminə fədakarlıq­larından ətraflı bəhs olunub. Torpaq üçün canından keçən qəhrəmanlara həsr olun­muş şeir və mahnılar səsləndirilib.

Mərasimin sonunda çıxış edən şəhi­din şair anası igid övladı ilə fəxr etdiyini dilə gətirib, bundan sonrakı yaradıcılığını bütünlüklə igid övladına və digər şəhid­lərə həsr edəcəyini söyləyib.

Əli ƏLİYEV
XQ

Sosial həyat