Vandalların Bastiliya təqdimatı

post-img

Paris saxta erməni göz yaşlarına ayna tutur

Fransa paytaxtının Bastiliya meydanında Paris meriyası və “L’OEuvre d’Orient” katolik icması birgə açıq səma altında “Dağlıq Qarabağ: erməni irsi təhlükə altında” sərgisini təşkil ediblər. Ermənistanın Fransadakı səfirliyinin yaydığı məlumatda qeyd olunur ki, sərginin nüvəsi “Dağlıq Qarabağın erməni tarixi və mədəni irsini təcəssüm etdirən” 30 eksklüziv fotoşəkildən ibarət imiş. “Böyük bacı”larının yaxından dəstəyi ilə təşkil olunmuş, Qarabağ üçün “həyəcan təbili”nin çalındığı sərginin rəsmi açılış mərasimində çıxış edən Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyanın “humanist təşəbbüsə” görə Paris meriyasına və katolik təşkilatına minnətdarlığını bildirməsi təbii qəbul olunmalıdır. Axı bu qurumlar həmişə Ermənistanın və erməni xalqının yanında olublar, onlara “haqq işlərində” hərtərəfli dəstək veriblər. 

30 il işğal altında saxladıqları Qara­bağımızda insanlarımıza və təbiətimizə qarşı vandalizmin ən son həddini sı­naqdan çıxarmış ermənilərin milli-dini, tarixi-mədəni abidələrimizə tutduqları divanı, Yer üzündən sildikləri, əcnəbilə­rin “Qafqazın Xirosiması” adlandırdığı Ağdamın xarabalıqlarını unudaraq, sax­ta irslərinin həyasızcasına təbliğinə və müdafiəsinə qalxmalarına ad verməkdə çətinlik çəkirik. 

* * * 

Üç il iki ay bundan əvvəl Azərbay­canın möhtəşəm Zəfərlə bərpa etdiyi tarixi ədaləti həzm etməyə başlamış er­mənilərin “miatsum” xülyasını ölməyə qoymayan rəsmi Parisin körüklədiyi se­paratizm-revanşizm meyillərinin okeanın o tayında, Kaliforniyada da təzahürlərini tez-tez görürük. Bu cür avantürist ide­yalara “siyasi züytutanlar”ın məqsədinin heç də ermənilərə canlarının yanmadığı, sadəcə Cənubi Qafqazda korporativ ma­raqlarını güddükləri barədə yazmışdıq. 

Paris meriyasının və kilsənin həmrəy­liyinin rəmzi sayılan həmin sərgidəki çıxı­şında erməni səfir Azərbaycanın “Dağlıq Qarabağda etnik təmizləmə apardığını”, indi isə bölgədə ermənilərin “mövcud­luğunun izlərini silmək üçün addımlar atdığını” bəyan edib. “Dağlıq Qarabağ: erməni irsi təhlükə altında” sərgisində nümayiş etdirilən fotoşəkillərdəki kilsələr, heykəllər və monumentlər Bakının “bu si­yasətinin sübutları” imiş. 

Sərgi ilə bağlı Ermənistanın Fransa­dakı səfirliyinin məlumatında daha son­ra deyilir ki, mərasimdə Paris merinin müavinləri Arno Nqaça və Karin Rollan, “L’OEuvre d’Orient” katolik icmasının pre­zidenti Jan-İv Tolo, eləcə də “Dağlıq Qa­rabağın Fransadakı nümayəndəsi” Ova­nes Qevorkyan alovlu nitq söyləyiblər. 

Parisin tarixi Bastiliya meydanında nümayiş etdirilən itib getməkdə olan “art­sax irsi”nə aid fotoşəkillərin arxasından, əslində, ermənilərin Qarabağda törətdik­ləri və insanlıqla bir araya sığmayan vəh­şiliklərin, vandalizmin “portreti” boylanır. Həqiqəti əks etdirən həmin “portreti” tək­cə biz deyil, Fransanın sağlam düşüncəli ziyalıları, praqmatik siyasiləri də görürlər. Otuz ildən sonra əsl sahibinə qayıtmış və bir də geri dönməyəcək Qarabağ mü­naqişəsinin gerçək tarixinə az-çox bələd olan fransızlar da yox deyil. 

Fransanın fəxri senatoru tituluna layiq görülmüş Alen Vassel qondarma sərgidə­ki fotoşəkillərə deyil, 30 il ərzində Azər­baycanın Qarabağ torpağında törədilən vəhşiliklərdən, eləcə də indi Fransanın özündə hayların yalan və riyakarlıqdan yoğrulmuş fəaliyyətlərindən kifayət qədər məlumatlı adamdır. O, Evian şəhərində ermənipərəst qüvvələrin təzyiqləri nəticə­sində Azərbaycan parkına vurulan zərər, eləcə də şəhər meriyası tərəfindən par­kın adının dəyişdirilməsi təşəbbüslərinə münasibət bildirib. Onun qənaətincə, baş verən hadisələrə narazılıq bildirməyin çe­şidli üsulları, müxtəlif yolları var. “Amma yazıçılar, şairlər bizim ümumi tariximizdir. Aleksandr Düma və şair şahzadə Xur­şidbanu Natəvan kimi dahilərin əsərləri bizim mədəni irsimizin bir hissəsidir və mədəniyyətimizə məxsusdur”, – deyən Vassel Evianda baş verənləri absurd, ob­yektivlikdən tamamilə uzaq ermənipərəst qüvvələrin qanunsuz əməllərinin nəticəsi kimi qiymətləndirib. 

Yəni, dünya ədalət və reallıq hissini itirməmiş fransızlardan xali deyilmiş. Elə ermənilərin öz işərisində də millətinin gələcəyinin qonşuları Azərbaycan və Türkiyə ilə birgə yola çıxmaqdan başqa alternativin olmadığını dərk edən sağ­lam düşüncəlilər az deyil. İki ölkə arasın­da sülhün hənirtisinin duyulduğu indiki məqamda məhz onlar sözlərini deməli, mövqelərini sərgiləməlidirlər. Bundan ötrü Parisə getməyə gərək yoxdur, İrəva­nın Teatr meydanı yetərlidir. 

İ.HƏSƏNQALA
XQ



Siyasət