Qalib xalq kimi Zəfər ruhu ilə yaşadığımız daha bir il arxada qalır. Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə... duyulan mədəni yüksəliş artıq doğma Qarabağımızda da aşkar duyulur. Azad nəfəs alan torpaqlarımız abad olduqca, doğma sakinlərini qoynuna aldıqca o yerlərə mədəniyyətimiz, incəsənətimiz də daha iri addımlarla qayıdır.
Müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev Azərbaycanın mədəniyyət siyasətinin banisi kimi də müstəsna xidmətlər göstərib. Ulu öndər mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”, – deyən unudulmaz dahi şəxsiyyət hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını diqqət mərkəzində saxlayıb.
2023-cü ilin yekunları öncə unudulmaz dahi şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illiyi ilə yadda qalacaq. Bu ilin əsl mədəniyyət ili olduğunu da söyləmək olar. Çox fərəhli haldır ki, müstəqil Azərbaycanın mədəniyyət siyasətini 20 ildir ki, ölkə başçısı, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev uğurla davam etdirir. Bunu bir daha görmək üçün il ərzində bu sahədə görülən işlərə ötəri nəzər salmaq kifatətdir.
Bir neçə gün əvvəl Bakıdakı Nizami Kino Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin ilin yekunlarına həsr olunan toplantısında da qeyd olunduğu kimi, cəmiyyətimizin bütün təbəqələrini əhatə edən mədəni tərəqqi ictimai həyatımıza, təşəbbüskarlığımıza, innovativ düşüncə tərzimizə yeni nəfəs verməklə, Azərbaycanın dünyada müsbət imicinin daha da artmasına xidmət edib. Ondan bir həftə əvvəl böyük uğurla keçən “Mədəni irs” Forumunda da uğurlar ətraflı sərf-nəzər edilib. Təsadüfi deyil ki, UNESCO, İSESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycanın yüksək sivilizasiyalı bir ölkə olduğu dönə-dönə etiraf edilib.
İl ərzində “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşa şəhərində möhtəşəm mədəni tədbirlər keçirilib. “Xarıbülbül” festivalı,Vaqif Poeziya günləri və digər möhtəşəm tədbirlərin təmtərağı yaddaşlara həkk olunub. Dekabrın 10-da tac-şəhərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi olub və estafet Türkmənistanın Anev şəhərinə ötürülüb. Yekun olaraq düzənlənən Türk dünyası rəssamlarının Şuşa sərgisi təşkilatçıların yüksək səviyyəsindən soraq verib. Bütün bu tədbirlər Şuşanın mədəniyyət incisi kimi təbliğinə xidmət edib. Yeri gəlmişkən, gələn il üçün də Şuşa İslam dünyasının mədəniyyət paytaxtı seçilib ki, bu da başlıca olaraq dövlətimizin mədəni siyasətinin uğurudur.
Mədəniyyət naziri Adil Kərimli tədbirdə bildirib ki, il ərzində həyata keçirilən fəaliyyətləri təhlil edərkən həm TÜRKSOY təşkilatının institusional təkmilləşməsi, həm də türk dövlətləri arasında mədəniyyət əlaqələrinin inkişafı baxımından bir sıra irəliləyişlərə nail olunduğunu deyə bilərik. Azərbaycan 3-cü “Qorqud Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı, TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı toplantısı və Türk Dünyası Muzeylər Görüşünə evsahibliyi etməklə yanaşı, ilk dəfə gerçəkləşən TÜRKSOY Beynəlxalq Teatr Festivalı və Türk Dünyası Mədəniyyət Forumu da dövlət başçıları tərəfindən mədəni əməkdaşlıq sahəsində qarşımıza qoyulan tapşırıqların uğurla həyata keçirilməsində mühüm rol oynayıb.
Xüsusi vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərimizdə mədəni irs nümunələrimizin bərpası prosesi 2023-cü ildə də uğurla davam edib. Bu gün Qarabağ nəhəng tikinti meydanını xatırladır. Dövlət başçısı İlham Əliyev tarixi-mədəni abidələrə ikinci həyat verilməsinə müstəsna qayğısını əsirgəmir. Azərbaycan mədəniyyətinin əsl himayədarı olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir, Qarabağın ənənəvi mədəni-mənəvi mühiti yenidən dirçəlir.
Ölkəmizdə kino, teatr, Azərbaycan dili və ədəbiyyatı, musiqi, rəssamlıq üzrə silsilə forumlar təşkil olunub, yaradılan yeni mədəniyyət strategiyası üçün rəy və təkliflər kompleksləşdirilib. Bunlar “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.
Ötən il peşəkar Azərbaycan teatrının yaranmasının 150, “Azərbaycanfilm”in 125 illiyi qeyd olunub. Uğurlara nəzər salınıb, qarşıda duran ən mühüm vəzifələr müəyyənləşdirilib. Bakıda dövlət başçısının iştirakı ilə tanınmış bəstəkar Tofiq Quliyevin abidəsinin açılışı olub. lkəmizin ilk yaradıcı ali təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd edilib. Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı 6 iyul 2023-cü il, eyni zamanda ADMİU-nun bir sıra əməkdaşının mükafatlandırılması ilə bağlı 13 dekabr 2023-cü il tarixli sərəncamları ölkə başçısının mədəniyyətə, incəsənətə və təhsilə diqqət və qayğısının ən gözəl nümunələrindən biridir.
Lap bu günlərdə isə Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib. Orada keçirilən son tədbirlərdən biri Kərkük musiqisi axşamı idi. Məclisdə bildirilib ki, İraq türkmanları ilə tarixi əlaqələrimiz özünü mədəniyyət və musiqidə daha bariz şəkilldə göstərib. Heç uzağa getməyək: “Ninnə yarım”, “İpək yaylığım”, “Gözələ bax” kimi mahnılar həm Kərkük elinin, həm də Azərbaycan xalqının dillər əzbəri deyilmi Təsadüfi deyil ki, həmin axşam Kərkük elindən əsən musiqi rüzgarı könülləri sevindirib.
Mədəni yüksəliş ab-havası Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə, Şamaxıda – bütün bölgələrimizdə da aşkar duyulur. Festivallar, sərgilər, konsertlər, dəyirmi masalar, yubiley gecələri həyatımıza rəng qatıb.
Üzümüzə gələn il Şərq təqviminə görə Yaşıl Əjdaha ilidir. Əjdaha bu təqvimdə yeganə mifik varlıqdır, mifologiya isə mədəniyyətin bir parçası sayılır. Gəlin, inanaq ki, qarşıdakı il bizə xeyli sevinc bəxş edəcək.
Ə.DOSTƏLİ
XQ