TAP Azərbaycanı Avropanın enerji bazarına qovuşdurur

post-img

3 il əvvəl  işə salınmış kəmər 9 ölkəyə qaz ixrac edir

Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən  Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istismara verilməsindən 3 il ötür. Xəzər regionu ilə Avropa qitəsi arasında vacib enerji körpüsü rolunu oynayan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP kəməri ötən müddətdə Azərbaycanın Avropa İttifaqının mötəbər enerji tərəfdaşına çevirib.  

TAP layihəsinin 10 il əvvəl həyata vəsiqə alması isə heç də təsadüfi deyildi. Çünki həmin dövrdə ölkəmiz potensial qaz tədarükçüsü kimi Avropanın diqqətini getdikcə daha çox cəlb edirdi. Eyni zamanda, regionda siyasi sabitlik və əməkdaşlıq meydanına çevrilmiş Azərbaycan Respublikası enerji sahəsində Qərbin fəal əməkdaşlıq edə biləcəyi bir ölkə kimi də yüksək inam və etimad qazanmışdı. Həmin inamın nəticəsi idi ki, Qərb tərəddüd etmədən üzünü qaz ehtiyatları ilə zəngin, mühüm tədarükçü rolunda gördüyü Azərbaycana tərəf çevirdi. Elə 2013-cü ildə Trans-Adriatik boru kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də məhz bunun nəticəsi idi. Beləliklə də, XXI əsrdə Avropanın enerji xəritəsini zənginləşdirəcək yeni bir qaz dəhlizinin formalaşdırılmasına əsaslı zəmin yarandı.

Xatırladaq ki, Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP kəməri vasitəsilə Avropaya nəqlinə isə həmin il dekabrın 31-də başlanılıb. Bununla da, ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağa nail olub. Eyni zamanda, dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan, həm də öz ixrac imkanlarını şaxələndirmək imkanı əldə edib. Elə Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1 milyard kubmetr həcmində qaz nəql olunması da məhz ixrac infrastrukturunun şaxələndirilməsinin nəticəsidir. Yeri gəlmişkən, bu ilin 4-cü rübündə Azərbaycanın “Şahdəniz” yatağının ikinci işlənmə layihəsi çərçivəsində çıxarılan təbii qazın ən böyük Avropa alıcısı olan İtaliyaya Trans-Adriatik boru kəməri ilə 2,5 milyard kubmetr “mavi yanacaq” nəql olunub. Kommersiya istismarı başladıqdan ötən müddətdə TAP vasitəsilə bu ölkəyə nəql olunan qazın ümumi həcmi 25,9 milyard kubmetrə çatıb. Bütövlükdə isə, ötən 3 il ərzində TAP vasitəsilə Azərbaycandan Avropa bazarına 31 milyard kubmetrdən çox qaz ixrac olunub. Bütövlükdə isə, hazırda Azərbaycan 9 ölkəyə “mavi yanacaq” ixrac edir ki, bunun da 7-si Avropa ölkəsidir.

Bu ilin yekununda ölkəmizdən Avropaya nəql olunan qazın 12 milyard kubmetrə çatacağı gözlənilir. Avropa ölkələrinin “mavi yanacağ”a olan tələbatının getdikcə artdığı indiki şəraitdə isə bu, son hədd sayıla bilməz. Təkcə onu qeyd etmək kifayətdir ki, qarşıdakı illərdə Azərbaycan Avropanın 10-dək ölkəsinə qaz ixrac etməyi planlaşdırır. Buna isə TAP-ın mövcud nəqletmə gücünün iki dəfəyədək artırılması, eləcə də Avropa ölkələlərinin qaz şəbəkələrini sözügedən kəmərlə əlaqələndirən interkonnektorların inşası ilə nail olmaq mümkündür. Məlum olduğu kimi, illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr təşkil edən TAP-ın yeni borular çəkməyə ehtiyac olmadan mərhələli şəkildə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Hazırda isə TAP konsorsiumu tərəfindən kəmərin genişləndirmənin birinci mərhələsi üzrə işlər davam etdirilir.

Mirbağır YAQUBZADƏ

XQ

***

İlham Şaban 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri 

Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycan qazının böyük bazarlara çıxarılmasını təmin edən infrastrukturdur. TAP-ın ərsəyə gəlməsində ölkəmizin çox böyük rolu olub. Məlum olduğu kimi, 2013-cü ildə boru kəmərinin tikintisi ilə bağlı imzalanmış müqavilənin iştirakçıları olan  təsisçi şirkətlərin 60 faizi məhz Azərbaycandakı hasilatçılar idi. Bunlar, əsasən, hər biri 20 faiz iştirak payına malik  SOCAR, BP və Statoyl şirkətləri idi. Yəni, TAP-ın ərsəyə gəlməsinə sərf olunan əziyyətin, çəkilən xərcin yarıdan çoxu Azərbaycan və tərəfdaşlarının payına düşür.

Bir məqamı da qeyd edim ki, Avropa 2018-ci ilin dördüncü rübündə  TAP vasitəsilə bizdən qaz qəbul etməli idi. Amma onlar üçün, bir növ, yaxşı dövr olduğu üçün buna tələsmədilər.  Nəhayət, 2 il sonra, 2020-ci ilin dekabrın sonuncu günü bu qazı almağa başladılar. Həmin gün kəmərlə 10,7 milyon kubmetr Azərbaycan qazının Avropaya ixracı qeydə alındı. 2021-ci ildə artıq bu həcmlər 8 milyard 150 milyon kubmetrə qədər yüksəldi. tən il qaz ixracının 11,4 milyard kubmetr təşkil etdiyi halda, cari ildə bu rəqəmin 12 milyard kubmetr olacağı gözlənilir.

Yeri gəlmişkən, Azərbaycan öz qazını Avropa bazarlarına çıxarmaqla nəinki “Şahdəniz”in zəngin ehtiyatlarının işlənməyə cəlb edilməsinə, həmçinin sonradan digər  yataqlardan hasil ediləcək qazın da böyük bazarlarda satılması üçün fürsət qazandı. Burada söhbət “Abşeron” yatağının ikinci işlənmə mərhələsindən gedir. Çünki həmin qaz həcmləri Cənub Qaz Dəhlizinin, o cümlədən də TAP-ın genişləndirilməsi üçün əsas resurs rolunu oynayacaq. Göründüyü kimi, TAP Azərbaycanı böyük meqa bazarlarla bağlayan ilk layihə oldu. Müqayisə üçün deyim ki, əgər Bakı – Tbilisi – Ceyhan kəməri region ölkələri içərisində, yəni qonşu ölkələrin bazarında bitən və oradan digər bazarlara çatdırıla biləcək bir layihə idisə, Cənub Qaz Dəhlizi birbaşa olaraq Azərbaycanda hasil edilən enerjidaşıyıcısının Avropa istehlakçılarına çatdırılmasını həyata keçirən layihə oldu. Nəticə etibarilə Azərbaycanın həm təsir dairəsi, həm xarici ticarət əlaqələri, həm də ölkəmizlə münasibətlər yeni müstəviyə keçdi. Digər tərəfdən, 2022-ci ilin fevralında Rusiya – Ukrayna müharibəsi başlayandan sonra 50 il ənənəvi logistik-nəqliyyat və enerji bazarında pozulmalar, dayanmalar, qeyri-sabitliyə keçilməsi səbəbindən Azərbaycan qazı Balkan və Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamağa başladı.

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan vaxtında bu layihəyə maliyyə sərf etməklə, onu dəstəkləməklə, özü də beynəlxalq tender vasitəsilə öz seçimini etməklə nə qədər doğru, düzgün addım atıb.  Nəticə etibarilə biz həm özümüzün iri yataqlarını işləməyə, həm də Avropa ilə Azərbaycan, Xəzər arasında bir  körpü yaratmağa imkan əldə etdik . Eyni zamanda, qaz gəlirlərimizi artırmağa nail olduq. Bir müddət sonra isə iri qaz həcmlərinin böyük bazarlarda satılması nəticəsində bu enerjidaşıyıcısından əldə edəcəyimiz vəsaitlər neftdən qazandığımız gəlirləri üstələyəcək. Bu hədəfə nail olmağımızda isə TAP-ın rolu şəksizdir.



İqtisadiyyat