Ermənistanın üçüncü prezidenti, sanki, “asqırıb” “artsax”ı xatırlayıb
Hayların adına “dqr”, “artsax”, daha nələr dedikləri, bizdən ötrü Qarabağdakı Konstitusiyamıza zidd, qeyri-qanuni qurum, qondarma rejim həm “de-fakto”, həm də “de-yure” tarix səhnəsindən silindi. Daha doğrusu, Azərbaycan Xankəndidəki separatçı xunta rejimini bir sutkalıq antiterror tədbirləri ilə təmizlədi. Üstündən bir həftə keçəndən sonra özünü həmin rejimin “sonuncu prezidenti” adlandıran Samvel Şahramanyan imzaladığı “fərmanla” 2024-cü il yanvarın 1-dən onun bütün “psevdodövlət strukturları” öz fəaliyyətini dayandırdı.
İndi məlum olub ki, Qarabağı tərk edəndən sonra İrəvanda lövbər salan Şahramanyan 27 sentyabr tarixli məlum “fərmanını ləğv edib”. Hazırda bu mövzu ətrafında cəmiyyətin müxtəlif siyasi qüvvələri arasında “debatlar” başlanıb. Üzdə rəsmi İrəvanın bu məsələnin gündəmə gətirilməsində dəst–xətti görünməsə də, arxada bəzi qüvvələrin qızışdırıcılığı istisna edilmir. Ən azı, Paşinyan hakimiyyətinin Şahramanyana müxtəlif üsullarla təzyiqlərin göstərilməsinə, “artsax”ın buraxılmış strukturlarını diriltməsinə təşəbbüslərə susqun və loyal yanaşması şübhəsizdir. Belə revanşist-separatçı təşəbbüslərə daxildəki “beşinci kolon”un, o cümlədən Ermənistan parlamentindəki Rusiyayönlü müxalifətin də dəstək verdiyi faktdır. Onların Şahramanyanın ünvanına özünü buraxmış “dqr” xunta rejiminin strukturlarının “işini davam etdirməsi” ilə bağlı çağırışları daha ucadan eşidilməkdədir.
Sarkisyan xələfini qızışdırır
Şahramanyandan növbəti faydasız “artsax oyunu”nda alət kimi istifadə edildiyi aydındır. Ondan bu statusda öz xeyrinə yararlanmağa çalışanlardan biri də Ermənistanın üçüncü prezidenti, “Qarabağ klanı”nın vurulmuş nümayəndəsi Serj Sarkisyandır. “Ümummilli” dedikləri məsələ ətrafında gedən diskussiyaya qoşulan Sarkisyan “vəziyyətdən çıxış yolları tapmaq və özünü rüsvay etməmək üçün” Şahramanyana məsləhətlər verməyə girişib.
Bu yerdə oxuculara bir incə nüansı xatırladaq. Azərbaycanın Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatlarına qədər Ruben Vardanyanın, Bako Saakyanın və Arkadi Qukasyanın (hazırda hər üçü Bakının istintaq təcridxanasında hakim qarşısına çıxarılacaqları günü gözləyir) təzyiqləri altında “istefa vermiş” separatçıların lideri Arayik Arutyunyanın (o da çayını “kpz”də içir) yerinə Samvel Şahramanyanın namizədliyinin əsas dəstəkçisi məhz Serj Sarkisyan olub. İndi, o, Şahramanyanın “artsaxı xilas edəcəyinə” inandığını bəyan edir. Xələfi ilə görüşü və mövcud vəziyyəti müzakirə etdikləri barədə jurnalistlərə danışan Xocalı soyqırımının təşkilatçı və icraçılarından biri Sarkisyan hayları açıq-aydın revanşa hazırlaşmağa çağırışlar edir. O, revanşı “ermənilərin haqqı” sayır.
Jurnalistlər sabiq prezidentlərinə Azərbaycanın sülh müqaviləsinə Ermənistanın revanşizmdən imtinasının da salınması tələbini xatırladaraq sual ediblər: “Bu halda “Qarabağ problemi” necə həll edilə bilər ”. Müharibə canisinin suala “elmi-fəlsəfi cavabına” diqqət yetirin: “Revanş sözü bizim cəmiyyətimizdə tez-tez istifadə olunur. Revanş – yeni uğurların əldə edilməsidir. Yəni, əvvəlcə azərbaycanlıların revanşı oldu. Bundan hansı məntiq hasil olur? Onlara olardı, bizə yox? Başqalarında olduğu halda, sənin belə bir haqqın yoxdursa, ümumiyyətlə, yaşamağa dəyərmi? ”.
Dediklərinin reallıqla daban-dabana zidd, utopiya olduğunu özü də yaxşı anlayan Sarkisyanın “artsax”ı diriltmək cəhdləri, necə deyərlər, “stəkanda tufan yaratmaq effekti”kimi bir şeydir. Onun kimi digər “eks”lər də süni deyil, əsl tufanda çoxdan yollarını itiriblər.
“Vətən” var ki ?
Hər şeydən göründüyü kimi, Azərbaycanın kitabını bağladığı “artsax”ın formal olaraq bircə səhifəsinin “qorunub saxlanması” bir növ revanşist müxalifət cəbhəsini psixoloji cəhətdən dəstəkləmək amilinə çevrilib. Rəsmi Bakının hər müstəvidə tərk-silah etdiyi həmin cəbhəyə Sarkisyan və onun kimilər daxildir. Problem sadəcə ondan ibarətdir ki, “Vətən, yaxud ölüm!” ideyasından populistcəsinə istifadə edən “Qarabağ klanı” və onun əqidədaşları çox vacib iki məqamı yadlarından çıxarırlar. Birincisi, Qarabağ heç vaxt onların vətəni olmayıb. İkincisi, bu başıpozuq kütlənin revanşa yönəlik maniakal xəyallarının özlərinin yeganə dövlətləri – Ermənistan Respublikası üçün öldürücü fəsadları ola bilər. Bu yerdə Azərbaycan dilini yaxşı bilən Sarkisyanın yadına “Çox istəyən azdan da olar” el məsəlimizi salmağımız yerinə düşər.
Üstündən 3 il keçməsinə baxmayaraq, zəfərimizi hələ də həzm etməkdə çətinlik çəkən separatçı tör-töküntüsünün anti-Azərbaycan isterikasının yeni dalğasına start verməyə hazırlaşmasının bütün əlamətləri göz önündədir. Çox güman ki, Qərbdən və Şərqdən əlləri üzülən bu avantüristlər arxivləşmiş revanş iddiasını gündəmdə saxlamaq üçün yeni üsullar, fürsətlər axtarışına girişiblər. Onların düşüncəsinə görə, Azərbaycanla sülhə gəlmək məhz bu baxımdan “uğursuzluq” sayılır. Bəli, sülh revanşistlər üçün ölümə bərabərdir.
Xəyalpərəstləri ruhlandıran amil
İrəvan ətrafında məskən salmış separatçıların ayağının yer almasının əsas səbəbi iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının gecikməsidir. Daha doğrusu, İrəvanın bu nəticənin əldə olunmasını ən müxtəlif bəhanələrə ləngitməsidir. Siyasi səhnədə azlıqda qalmış separatçı-revanşist düşərgəni “ruhlandıran” əsas amil məhz budur. İndi bunlara necə başa salaq ki, əgər Qarabağda on illər boyu topladığı silah-sursat, ağır hərbi texnika, “keçilməz Ohanyan sədləri” karlarına çatmadısa, on bir min fərarisi olan orduları 44 gündə darmadağın edildisə, hazırda rəzilcəsinə sığınacaq tapdıqları Ermənistanda “Bəlkə də qaytardılar” xülyası beşiyindən uğursuzluğa məhkumdur. Bəlkə onların xəbis ürəklərindən yenidən qanunsuz silahlı birləşmələr yaratmaq, Üçüncü Qarabağ savaşına hazırlaşmaq keçir ? Zühurunu ehtimal etdiyimiz həmin silahlı quldur dəstələrinin daxildə özünə qarşı çevrilə biləcəyini gözəl başa düşən baş nazir Nikol Paşinyan çətin ki, belə bir siyasi səhvə yol versin. Bəlkə də indi, o, hakimiyyətinə real təhdidi münasibətləri tarıma çəkilmiş Şimaldan deyil, daha çox daxildəki həmin başıpozuq sərgardan kütlə tərəfindən görür.
“Bu günlərdə “artsax”ın və Ermənistanın bir sıra siyasi qüvvələri, tanınmış xadimləri ilə görüşdüm. Onların narahatlığını gördüm, arqumentlərini dinlədim. İndi bunu bildirməkdən məmnunam ki, yanvarın 1-dən “artsaxın dövlət qurumları”nın fasiləsiz fəaliyyət göstərməsi üçün bütün hüquqi əsaslar mövcuddur. Şəxsən mənim bununla bağlı heç bir narahatlığım qalmadı. Buna görə “artsax respublikasının prezidenti” Şahramanyana, eləcə də bu prosesdə iştirak edən bütün fiqurlara son dərəcə minnətdaram”. Bu “şad xəbəri” hay izləyiciləri ilə revanşist-daşnak politoloq Qrant Melik-Şahnazaryan paylaşıb.
“Dərin təfəkkürə” malik Melik-Şahnazaryan xəyalı reallıq kimi təqdim etməklə kifayətlənməyib, diqqəti “Ы ” planının “məxfiliyinə” yönəldir: “Amma təəssüf ki, müəyyən risklər səbəbindən məsələnin təfərrüatından danışmağa ehtiyac duymuram. Sadəcə, sizlərə problemi sırf emosional müstəvidə nəzərdən keçirməməyi tövsiyə edirəm. Amma “artsaxın dövlət orqanları”nın fəaliyyəti üçün hər hansı hüquqi maneə olmadığı mənə gün kimi aydındır. Allah qoysa, gələcəkdə daha sevindirici xəbərlər eşidəcəyik. “Artsax dövlətçiliyi”nin qorunub saxlanmasına hər zaman dəstək və tərəfdar olan bütün insanlara təşəkkür edirəm. Bu, bizim hamımızın borcudur”.
“Məxfi planın” az qala bütün detallarını açıb ortaya qoyan bu gerizəkalı daşnakın yazdıqlarından həm də belə bir nəticə hasil ola bilər ki, rəsmi İrəvan bu avantüradan xəbərdardır. Bunun həqiqətən də, deyildiyi kimi olub-olmamasının cavabını sabah, yeni ilin ilk günü biləcəyik.
Dünən yazmışdıq: oyun başa çatdı, sülhlə imitasiya cəhdləri də tükəndi. Artıq Paşinyan hökuməti qəti qərar verməyin məqamının çatdığını birmənalı qəbul etməlidir. Rəsmi İrəvan, özünün bəyan etdiyi kimi, doğrudan da, yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalayacağına əmindirsə, bu təqdirdə prosesə əngəllər törədən revanşist-separatçı qüvvələrin hərəkətlərinin qarşısını qəti şəkildə almalıdır. Əgər Nikol Vovayeviç xalqını yeni və daha böyük fəlakətə sürükləyəcək perspektivdən xilas etmək istəyirsə, onda qələmini əlinə götürsün.
İmran BƏDİRXANLI
XQ
***
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Aydın məsələdir ki, Serj Sarkisyan böyük oyunda istifadə edilən “piyada”dır. Onun arxasında dayanmış dairələrin, yaxud qüvvələrin xarakteri də məlumdur. Əslində, özü də yaxşı başa düşür ki, Qarabağa bir daha “artsax” adı ilə qayıtması mümkün deyil. Bu yöndə səsləndirdiyi şüarlar, etdiyi çağırışlar, ilk növbədə, mövcud hakimiyyətin devrilməsinə istiqamətlənib. Görünür, Sarkisyanın arxasındakı həmin dairələr baş nazir Paşinyana dərs vermək istəyirlər. Çünki Paşinyanın Qərbə meyilliliyi artıq özünü aşkar şəkildə büruzə verməyə başlayıb.
Əlbəttə ki, bu meyil Rusiyanı da narahat etməyə bilməz. İndi Moskva bunu açıq şəkildə deyir. İntəhası, qondarma “artsax respublikası”nın bərpa olunması sadəcə fantastik ideyadır. Bu ideya uğrunda kimlərinsə gedib canını verməyə hazır olduğunu demək də utopiyadır. 44 günlük müharibədən sonra Ermənistanda heç kəsin ağlından belə bir istək və ya arzu da keçmir.
“Artsax oyunu” Paşinyana qarşı düşünülmüş və ssenariləşdirilmiş siyasi addımdır. Aydın məsələdir ki, hazırda Ermənistanda ağlı başında olan heç bir siyasətçi “artsax” şüarı altında Qarabağa qayıtmağı düşünmür. Axı onlar Azərbaycanın buna imkan verəcəyini təsəvvürlərinə belə gətirə bilməzlər.