Vüsal körpüsü
Körpü olmaq istəyirəm
Arazın üstündə bir körpü.
Əsrlərlə ölçülsün onun ömrü...
Bir körpü olmaq istəyirəm,
Ayrı düşənləri qovuşdura bilim.
Arazın üstündən sovuşdura bilim.
Bir körpü olmaq istəyirəm,
Hicran daşlarından hörsünlər onu,
Daha hicran olmasın.
Kəsməsin insanların yolunu,
Adı “Vüsal körpüsü” olsun
İnsanlar keçsin üstündən,
Vətəndən Vətənə.
Kaş o körpüdən keçmək,
Qismət ola bir gün mənə.
Balaş AZƏROĞLU,
Xalq şairi
Yaxşılıq
Bir Allah var – yaxşılıqdır gözümdə
O var olub hər adamın özündə
Gəz Allahı sən yaxşılıq sözündə,
İnsanların pənahıdır yaxşılıq.
Allahların Allahıdır yaxşılıq.
Yaxşı olma yaxşılıqdan ötəri,
Yaxşılıq et qoy olmasın xəbəri.
Ək, dünyaya birə yüzdür səməri
Qızıl taxıl dənəsidir yaxşılıq.
Zəmilərə dönəsidir yaxşılıq.
O ürəyin fəryadıdır, harayı,
O, bəşərin qızıl xislət sarayı,
Bu dünyada hər adamın öz payı,
Xalqa yaxşı oğulluqdur yaxşılıq,
Salamatlıq, “sağol”luqdur yaxşılıq.
Aldım onun sorağını tanışdan,
Gizlənmişdi bir mehriban baxışda.
Kömək oldu mənə o hər qarışda
Kömək olsun, borc olmasın yaxşılıq.
Borc olsa da mərc olmasın yaxşılıq.
Boş əllə də yaxşı olar adamlar,
Xəsisləşər əli dolu olanlar
Ələ baxar, dilə baxar qalanlar,
Aç əlini, ovcundadır yaxşılıq
Danış, dilin ucundadır yaxşılıq.
Söhrab TAHİR ,
Xalq şairi
Yaddan bizə ana olmaz
Bizə anadan yaxın dayə lazım deyil
S.C.Pişəvəri
Səni tək bir ana deyil,
Səni xalqın özü doğub.
Sənin fikrin, əqidənsə
Bizi doğub.
“Yaddan bizə ana olmaz”,
“Dayələrin” yoxdur yeri.
Öz yurduna ana dedin,
Öz xalqına ana dedin,
Seyid Cəfər Pişəvəri!
Zülmət qorxub çəkdi köçün,
Günəşdən nur daşıdın sən.
Yaşamadın özün üçün,
Xalqın üçün yaşadın sən.
Azadlığa çağırardın
Hüquqsuz olan milləti.
Zaman özü verdi sənə
Bu qüruru, bu hünəri,
Seyid Cəfər Pişəvəri.
Hər cümləni, hər yazını,
Dönə-dönə öyrənirik.
Sən tutduğun yol – yolumuz
Səninlə bir yol gedirik.
Düşmənlərin yığın-yığın,
Yarpaqlar tək xəzan oldu
Sənin zirvən, ucalığın
“21 Azər” oldu.
Aparırıq Gələcəyə
Qəlbimizdə bu səhəri,
Seyid Cəfər Pişəvəri.
Tariyel ÜMİD, İranlı Mühacirlər Ədəbi Birliyinin sədri



