Azərbaycan alimi Özbəkistanda tələbələrə ustad dərsləri keçib

post-img

AMEA Folklor İnstitutunun (Fİ) əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova  Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Fərqanə vilayətindəki filialının (FF) Xalq Yaradıcılığı fakültəsində ustad dərsləri keçib.

A. İbrahimova institutda bakalavr və magistratura tələbələrinə folklorun lirik növ və janrları haqqında məlumat verib, onlara bu janrın atributiv ,poetik, estetik və nəzəri xüsusiyyətlərindən söz açıb. Dərslərdə türk xalqlarının mahnı yaradıcılığında özünəməxsus yeri olan layla-ninni- əllə  janrının  meydana gəlməsindən danışılıb,  tarixən xalqlarımızın məişət və ailə ənənələri ilə bağlılığı vurğulanıb. Alim geniş yayılmış lirik folklor janrlarından olan xalq mahnılarından, və onların konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərindən söz açıb, eyni zamanda həmin mətnlərin tələbələr  tərəfindən icrasını dinləyib.

Səfər çərçivəsində Aynur İbrahimova filialın direktoru  Mirmuxsin Gapurov, elm və innovasiyalar üzrə müavin Rəşid Turqunbayev və idarə  heyəti ilə görüşüb, inteqrasiyalı yanaşma tərzindən  məmnunluğunu ifadə edib,tələbələrin yüksək hazırlığından və yaradıcılığından söz açıb.

     Görüş və müzakirələrdən sonra  Fİ ilə FF arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb, əməkdaşlığa dair saziş imzalanıb. Sazişdə gələcəkdə elmi işçilərin, informasiya və nəşrlərin mübadiləsi, birgə elmi tədqiqatların, maarifləndirici tədbirlərin təşkili, kadr hazırlığı məsələləri öz əksini tapıb. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Fərqanə       







Mədəniyyət