Tarixi “İmarət” Ağdamın bugününə qayıdır

post-img

Qarabağ xanlarının ata ocağı və əbədiyyət ünvanına mediaturdan reportaj

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu il dekabrın 24-də Ağdamda olarkən şəhərin keçmişində “İmarət” adı ilə tanınan tarixi kompleksə də baş çəkmiş, burada aparılan elmi-tədqiqat və bərpa-quruculuq işləri ilə tanış olmuşlar. 

Xatırladaq ki, dövlət başçısı işğaldan azad edilmiş Ağdam şəhərində Dövlət Bayrağımızı ucaldarkən ilk baş çəkdiyi ünvanlardan biri Qarabağ xanlarının ata-baba mülkü və axirət evi olan “İmarət” tarix-memarlıq kompleksi olmuşdu. Prezident o zaman Qarabağın keç­mişi ilə bağlı bu önəmli tarixi məkanın tədqiqi və layiqincə bərpası barədə göstəriş və töv­siyələrini vermişdi.

Ötən müddətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Azər­baycan Milli Elmlər Akademiyası Arxeo­logiya, Etnoqrafiya və Antropologiya İnsti­tutunun səyyar ekspedisiyaları Qarabağ və Ağdamın son 3 əsrlik tarixinin canlı yadigarı olan bu qiymətli tarixi məkanda geniş elmi-tədqiqat və arxeoloji axtarış işləri aparıb, Qarabağ xanları ailəsinin tarixi ilə bağlı bir çox qiymətli faktları aşkara çıxarıblar. Eyni zamanda, ərazidə elmi-bərpa işləri də aparılıb və hazırda davam etdirilir.

Dövlət başçısının “İmarət” Komp­leksinə ötən həftəki səfərindən sonra Mədəniyyət Nazirliyi yanında Mədə­ni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Et­noqrafiya və Antropologiya İnstitutu bir neçə gün sonra mərkəzi media təmsil­çilərinin “İmarət” kompleksinə media-turunu təşkil etdilər.

Qarabağa jurnalist səfərlərinin start məntəqəsinə çevrilmiş Səbail rayonun­dakı Su İdmanı Sarayının qarşısından səhər saat 7-də yola çıxan avtobus 4 saatlıq məsafəni aşıb Ağdam ərazisinə daxil oldu. İşğaldan azad edilmiş ərazi­də aparılmış bərpa-quruculuq işlərinin il­kin nişanələri olan yeni salınmış 4 cərgəli avtomobil və dəmiryol xətti nə qədər xoş duyğular oyadırdısa, erməni vandalların 30 il müddətində ölü zonaya çevirdikləri yolkənarı yaşayış məntəqələrinin miskin görkəmi bir o qədər kədər doğurur, bu cəhənnəmi yaradanlara qarşı barışmaz bir nifrət doğururdu. 

Yeni yolun sonunda nəhəng tikinti meydanını xatırladan Ağdama yetişməyi­miz öyünclü-fərərəhli duyğularımızı coş­durdu. İnsanlıq simasını itirmiş düşmən bir güllə atılmadan Qarabağın baş qapı­sı sayılan Ağdamdan qovulub çıxarılmış və son 3 ildə burada regionun ən böyük şəhərinin sıfırdan ucaldılmasına başla­nıb. Bu qədim torpağın üstündə onun keçmişinin yeganə nişanələrindən sa­yılan “İmarət” Kompleksinin bərpa olun­ması Ağdamın məhv edilmiş keçmişi ilə Azərbaycanın ən gözəl yeni şəhəri ara­sında canlı körpü kimi salınır.

Şəhərin ilk diqqətçəkən tikililərindən olan “Qarabağ” çoxmərtəbəli yaşayış kompleksi ilə “Muğam mərkəzi”nin arasın­dan keçib “İmarət”ə yetişdik. Burada bizi ölkə Prezidentinin Qarabağ nümayən-dəliyinin və səfərin təşkilatçısı olan Mə­dəniyyət Nazirliyinin, həmçinin AMEA-nın əməkdaşları qarşıladılar. 

Xatırladaq ki, işğaldan azad edilmiş Ağdam şəhərinə jurnalistlərin ilk 2 sərə­rini 2021-ci ilin mart və aprelində Media Agentliyi təşkil etmişdi. O zaman gördü­yümüz mənzərə – Qarabağın müqəd­dəs məkanlarından birinin qəddarcasına təhqir edilməsi və murdarlanması qəl­bimizi nə qədər ağrıtmışdısa, indi boy göstərən ağappaq bir görsəniş bizi bir o qədər sevindirdi və məmnun etdi. 

Ötən müddətdə dağıdılmış, sökülmüş tikili və türbələr bərpa edilib, Ağdamın ağ əhəng daşının bəyaz rənginə bürü­nüb. Ərazi arxeoloji tədqiqat məkanı kimi diqqəti cəlb edir. Torpağın altının 2–3 əsrlik mənzərəsi üzə çıxarılıb. Yer altın­dan çıxarılmış qəbir daşları və yazılı löv­hələr səliqə ilə bir yerə toplanıb sərgilənir. Tezliklə muzey kompleksinə çevriləcək ərazinin mənzərəsini əks etdirən bərpa eskizləri və layihə mənzərələri xoş ovqa­tımızı bir az da artırdı.

Burada aparılmış işlər və ərazinin yaxın gələcəyi barədə turun təşkilatçıla­rının verdikləri məlumat “İmarət” barədə təsəvvürlərimizi dolğunlaşdırdı. Bildirildi ki, Ağdam rayonunda erməni vandaliz­minə məruz qalan tarixi-memarlıq abi­dələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayı kimi tanınan tikililər və xan ailəsinə mənsub nekro­pol-türbələr olub. Əsas tikili olan XVIII əsrə aid tarix-memarlıq abidəsi Azər­baycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abi­dələr kimi, Pənahəli xanın imarəti də iş­ğalçılar tərəfindən təhqir edilib, dağıdılıb.

Burada Qarabağ xanlığının əsası­nı qoymuş Pənahəli xanın və xanlıq­da müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, sonuncu hakim Mehdiqulu xanın qızı Xur­şidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib­lər. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra məzarlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəva­nın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin müvafiq tap­şırığına uyğun olaraq 2021-ci ilin ortala­rından Pənahəli xan sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpa­sı ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyab­rın 4-də dövlətimizin başçısına təqdim olunub və müvafiq işlərə start verilib. Kon­sepsiyaya əsasən, kompleksin Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət tarixi məkan kimi öyrə­nilməsinə və bərpa edilməsinə başlanılıb. Xanın sarayı bərpa edildikdən sonra inte­raktiv muzey kimi fəaliyyət göstərəcək.

Daha sonra qeyd edildi ki, xarici mütəxəssislərin Ağdama səfərləri çərçi­vəsində sahənin inspeksiyası və çəkiliş­ləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks, ümumilikdə, 3,3 hektar ərazini əhatə edib.

“İmarət” Kompleksindəki tarixi qəbiris­tanlıqda mövcud 5 türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfa­tının tullantılarından və digər qalıqlardan təmizlənib. Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abi­dələrin fraqmentləri – başdaşıları, sinə­daşları, antik dövr sütun bazası, antropo­morf büt aşkarlanıb. 

Ərazidə, xüsusilə, kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qə­birlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir his­səsi vandalizmə məruz qalıb. Ərazidə aş­karlanan sümüklərdən DNT nümunələri götürülüb, qəbirlərin identifikasiyası üzə­rində araşdırmalar davam etdirilir.

Erməni işğalçılar tərəfindən məzarla­rın sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qə­biristanlıq ərazisindən çıxarılıb.

Kompleksin ərazisində arxeoloji təd-qiqatların aparılmasını AMEA-nın Arxeo­logiya, Etnoqrafiya və Antropologiya İns­titutunun mütəxəssislərdən ibarət elmi ekspedisiya gerçəkləşdirib.Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkiliş­ləri həm fotoaparat, həm də kvadrokop­terlə aparılıb. Müəyyən edilib ki, “İmarət” Kompleksinə aid olan tarixi qəbiristanlı­ğın ərazisi 6 min kvadratmetrdir. Hazırda kompleksin ərazisindəki tarixi qəbiristan­lıqda arxeoloji tədqiqat işləri davam etdi­rilir. Kompleksin tədqiqi və bərpası Qara­bağ Dirçəliş Fondunun vəsaiti ilə aparılır.

Bu ümumi məlumatdan sonra jur­nalistlər ərazi ilə ayrı-ayrı detallar üzrə tanış edildilər. Gördüklərimizlə bağlı suallarımızı cavablandıran Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ya­nında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirdi:

–Dayandığımız bu ərazi Qarabağın keçmişi ilə bağlı çox qiymətli bir tarixi ya­digardır. Bu ərazinin bəxti sovet dövründə də gətirməyib. “Sinfi düşmən” sayılan Qa­rabağ hakimlərinin adı və xatirəsi ilə bağlı bu məkana ögey münasibət bəslənilib, 1920-ci illərin sonunda ərazidəki tikililərlə bağlı yarımçıq tədqiqat aparılsa da, işlər davam etdirilməyib. Stalinizmdən sonrakı yumşalma illərində ərazidə stadion sa­lınanda yerli əhalinin arzu-istəyi nəzərə alınıb, tikili və türbələr dağıdılmayıb. Məzarlıq baxımsız qalaraq bərbad hala düşüb. Erməni vandallar isə türbələrdən ikisini dağıdıb, Xan qızı Natəvanın bərpa edilmiş məzarını dağıdıb, saray tikililərini donuz tövləsinə çeviriblər.

Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın müstəsna diqqəti sayəsində bu tarixi məkan ən yük­sək səviyyədə dirçəldilir. Hər şey tarixi görkəminə qaytarıldıqdan sonra burada qoruq-muzey fəaliyyət göstərəcək. Ərazi­nin stadion hissəsi isə tarixi funksiyasına uyğun Qarabağ atlarının cıdır meydanına çevriləcək. Bütün bu işlərdə bizim xidmət yaxından iştirak edir. Tezliklə layihə üzrə işlər başa çatdırılacaq və ölkənin turizm marşrutuna daxil ediləcək.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direk­toru Fərhad Quliyev isə aparılmış təd-qiat işlərindən və onun elmi cəhətdən araşdırılmasından söz açdı:

–Ərazidə aparılmış tədqiqat bizə zəngin məlumat verdi. Türbələrdə dəfn edilənlərin məzarlarından götürülmüş DNK materialları onların konkret kimliyi­ni və qohumluq əlaqələrini öyrənməyə imkan verəcək. Hətta kəllə quruluşuna görə simalar da bərpa ediləcək. Ərazidə 214 məzar aşkar etmişik. Onların da kim­liyi öyrənilir. Torpaq altından çıxan digər daş abidə və eksponatlar da tədqiq edilir. Erməni vandalizminin dağıdıcı izlərini yox etmək üçün ciddi araşdirmalar aparılır. Bütün bunlardan elmi-bərpa işlərində is­tifadə edilir.

Müsahiblərimizin dediklərinə əlavə olaraq bildirək ki, “Pənahəli xan sarayı”, “İmarət məzarlığı”, “İmarət stadionu” ad­ları ilə bugünümüzə gəlib çıxmış bu tarixi məkan barədə elmi-tarixi mənbələrdə və Ağdam ziyalılarının yaddaşlarından döv­rümüzə gəlib çatan məlumatlarda müəy­yən fərqli məqamlar olsa da, bu bilgiləri bir ortaq cəhət – ərazinin müqəddəsliyi və misilsiz tarixi dəyəri barədə söylənənlər birləşdirir.

Tarixi mənbələr göstərir ki, ərazidəki əsas bina birinci Qarabağ xanı Pənahəli xanın Ağdamda yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pə­nahəli xanın Ağdamdakı sarayı xan nəs­linin ən birinci mülklərindən olmaqla 2 binadan ibarətdir. Çox güman ki, ilkin ça­ğında bu kompleksə daha çox bina daxil olub. Həmin kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qara­bağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib. 

Saray yaxınlığında yerləşən “İmarət” qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilib. Pənahəli xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.

Başqa bir məlumatda deyilir ki, XVIII əsrin birinci yarısında qarabağlı Pənah-əli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Hə­min imarət uzun müddət ətraf kənddən ağ görkəmi ilə diqqəti cəlb edib. Ağdam adı da buradan yaranıb. “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənası­nı ifadə edib. Bina Pənahəli xanın imarəti də adlandırılıb. Ağdam xan sarayı haki­miyyətin zirvəsinə gedən yolda irəliləyən gənc xan Pənahəlinin mülk yerindəki qə­rargah rolu oynayıb.

Sarayın ilk memarlıq təsviri isə 1928-ciilə təsadüf edir. “Arxeoloji oçerkə” görə, keçmiş xan sarayından yalnız dağıntılar qalıb. Sarayın fasadının qarşısında, təx­minən, 50 metr məsafədə, düz xətt bo­yunca bir sıra nəhəng, qamətli, hündür çinar ağacları yerləşib. Görünür, Pənahəli xan Qarabağlı (1754-1759) sarayın inşası ilə eyni vaxtda bu çinarların da əkilməsini əmr edib. Sarayın, məscid evinin və çi­narların xətləri sarayın qarşısında, demək olar ki, nizamlı olaraq dördbucaqlı, çox gözəl bir meydan yaradır.

“İmarət stadionu” barədə isə deyilir ki, bu, ərazidəki cıdır meydanında 1952-ci ildə salınıb. “İmarət” adını qoruyub sax­layan ağdamlılar onun giriş qapısına bu sözü milli ornamentlərlə həkk ediblər.

Stadionun direktorları olmuş Əli Hü­seynov və Asif Mustafayev ərazidəki tarixi abidələrin qorunmasına da qayğı iə yana­şıblar. Ümumiyyətlə, ağdamlılar Qarabağ xanlarının bu axirət ünvanına müqəddəs məkan kimi yanaşıblar və onun təntənəli “İmarət” adını repressiyalardan qoruyub yaşadıblar.

Qarabağ tarixinin bir çox məqam­ları barədə jurnalist tədqiqatlarının müəllifi, “Şuşa” qəzetinin baş redakto­ru Vasif Quliyev tarixi mənbələri araş­dırmaqla “İmarət” barədə yazılıb-de­yilənlərə xeyli dürüstlük gətirib: 

–“İmarət”in ərazisi orta əsrlərdən Cavanşirlər nəslinə məxsus olub. Nadir şah öləndən sonra Qarabağa qayıdan Pənahəli ata mülkündə müxtəlif bağlar saldırıb. Bunlardan biri onların nəsil qəbi­ristanlığı olan ərazidəki “Barlı bağ” olub. Xan bu bağın məhsulunu ehtiyacı olanla­ra payladarmış. Şuşadan tez-tez Ağdama enən xan burada da özünə bir iqamətgah tikdirir və bu tikili xan sarayı, xan imarəti adı ilə tanınır.

Ata-babalarının xatirəsini əziz tutan Pənahəli vəsiyyət edir ki, öləndə onu bu halal mülk yerlərindəki məzarlığında dəfn etsinlər. Beləliklə, bu yer Cavanşirlər nəs­linin yeni məzarlığı kimi ikinci həyat qaza­nır. İlk türbədə Pənahəli xan, ikinci türbə­də İbrahim xan, ücüncüdə isə Mehdiqulu xan dəfn olunub. Şairə Xan qızı Nətəvan da ata-babaları kimi burada dəfn olunma­ğını vəsiyyət edib və atasının türbəsinin yanında dəfn edilib.

Həmkarımızın dediyinə əlavə olaraq qeyd edək ki, “Cıdır düzü” şuşalılar üçün nə olubsa, “İmarət” də ağdamlılar üçün həmişə eyni dəyər daşıyıb. Sovet döv­rünün son illərində “İmarət” stadionunda sivil Azərbaycan qadınının timsalı olaraq şairə Natəvanın şərəfinə hər il Ağdamda ümumrespublika “Natəvan” qızlar bayra­mı təşkil edilirdi. 1989-cu ildə isə Şuşa mühasirədə olduğundan “Xarıbülbül” beynəlxalq musiqi festivalı Ağdamda–“İmarət”də keçirildi. Həmin bayramın vi­deogörüntüləri ağdamlılar üçün qiymətli yadigardır.

Nəhayət, bildirək ki, “İmarət”dəki stadionun tarixi cıdır meydanına çevril­məsi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə yenidən qurulan Ağ­damda onun yeni simasına uyğun müasir idman kompleksi və futbol meydançası da tikiləçək. “İmarət”adı daşıyacaq sta­dionun tamaşaçı tutumu 30 min nəfərdən çox olacaq. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa ra­yonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qəzetimizə müsahibəsində bununla bağlı bildirmişdir: “Futbol azarkeşlərinə demək istəyirəm ki, biz “İmarət” stadionunun tikintisini nəzər­də tuturuq. Düzdür, stadion əvvəlki yerdə deyil, yəni Pənahəli xanın “İmarət” kom-pleksində deyil, şəhərin digər daha böyük, geniş infrastrukturlu guşəsində olacaq. Bu idman məhəlləsində tək futbol stadi­onu deyil, böyük Olimpiya İdman Kom-pleksi, müxtəlif idman yarışları üçün qa­palı-açıq meydançalar, idman təmayüllü orta məktəb, bundan əlavə, uşaqlar üçün idman yay düşərgəsi olacaq”.

Beləliklə, Ağdama–tarixi “İmarət” kompleksinə 1 günlük media turumuz Qarabağ tarixinə bələdlik və sevgimizə yeni rənglər qatmaqla başa çatdı. Öyrən­diklərimizi və bildiklərimizi qısaca oxucu­larımıza çatdırdıq. Şübhəsiz, “İmarət”də gerçəkləşdirilən layihə tezliklə yekunlaşa­caq və növbəti mediatur oxucularımıza bu tarixi məkan barədə əlavə məlumat çat­dırmağa imkan yaradacaq.

Tahir AYDINOĞLU,
Elşən AĞALAR (foto)
XQ

Bakı – Ağdam – Bakı

 









Sosial həyat