Səkkiz kəndimizin qaytarılacağı gün uzaqda deyil

post-img

Bu məsələyə sərhədlərin delimitasiyası prosesi çərçivəsində baxılacaq

Yola saldığımız ildə Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyini tam təmin edən ölkəmiz üçün hazırda həllini göz­ləyən əsas məsələlərdən biri işğal altında olan 8 kəndimizin gələcək taleyidir. Qeyd edək ki, bunlar Qazax rayonunun Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara və Qızıl Hacılı kəndləri, həmçinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndidir. 

Bu məsələ ölkəmiz üçün hər zaman aktual olub: İstər 30 ilə yaxın davam edən işğal dövründə, istərsə də ondan sonra rəsmi Bakı işğal altındakı kənd­lərin qaytarılması məsələsini müxtəlif platformalarda daim qaldırıb. Oktyabrın 7-də Avropa İttifaqı Şurasının preziden­ti Şarl Mişellə telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın iş­ğalı altında olduğunu deyərək onların işğaldan azad olunmasının vacibliyini vurğulayıb. 

Eyni zamanda, son vaxtlar iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsində müsbət irəliləyişlər nəzərə çarpır. Xüsusilə, no­yabrın 30-da Azərbaycan–Ermənistan şərti sərhədində iki ölkənin baş nazir­lərinin müavinləri – Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdikləri dövlət sərhədinin delimitasiyası və sər­həd təhlükəsizliyi məsələləri üzrə ko­missiyaların iclasında müəyyən nəticə əldə olunub.

Görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildiril­mişdi ki, tərəflər delimitasiya məsələlə­rinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələlərini nəzərdən keçiriblər: “Tərəflər Azərbay­can və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azər­baycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya arasında iclasların və birgə işçi görüşlərin təşki­li və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar”. Dekabrın 14-də isə Baş nazir Əli Əsədov reqla­mentin təsdiq olunmasına dair qərarı imzalayıb.

Azərbaycanın rəsmi şəxslərinin verdikləri açıqlamalar əsasında bu qə­naətə gəlmək olur ki, ölkəmiz delimi­tasiya prosesini sülh müqaviləsi üzrə danışıqlar prosesindən ayrı aparmaq­da qərarlıdır. Əslində, məqsədəuyğun olan da elə budur. Dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransı keçirən Xarici İşlər naziri Ceyhun Bay­ramov Ermənistanla bütün görüşlər zamanı işğal altındakı kəndlər məsələ­sinin müzakirə olunduğunu bildirib. Na­zir 8 kəndin geri qaytarılması ilə bağlı məsələyə delimitasiya prosesi çərçi­vəsində baxılacağını qeyd edib: “Sülh müqaviləsi kontekstində bu məsələlə­rin ümumi prinsiplərinin əks etdirilməsi mümkündür. Çünki, hətta, ciddi ərazi münaqişəsi, problemli keçmişi olma­yan ölkələr arasında belə delimitasiya prosesi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha qısa zamanda başa çatdırılmasında maraqlıyıqsa, bu iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz. Delimitasiya komis­siyasının növbəti iclasları zamanı bu məsələlərə baxılacaq. Məsələ gün­dəmdədir və hər zaman qaldırılır”.

Eyni zamanda, C.Bayramov qeyd edib ki, 8 kəndin özünün də ayrı-ayrı spesifik xüsusiyyətləri var: “Bu kənd­lərdən dördü anklavdır, qalanları isə anklav deyil və bizim digər kəndlərə bitişikdir. Bizim yanaşmamız hər za­man ondan ibarətdir ki, burada da bəlli bir ardıcıllıq ola bilər. İlk növbə­də, qeyd-şərtsiz həll olunan məsələlər ola, digər məsələlərin müzakirəsi isə qarşılıqlı formada davam etdirilə bilər. Ermənistanın da bir sıra iddialarının olması sirr deyil. Onların sərhədlərlə bağlı öz baxışları var. Ancaq biz hesab edirik ki, bu, bir qədər fərqli qəbildən olan məsələdir. Çünki digər mübahisəli məsələlərdən fərqli olaraq biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə məxsus olması heç zaman mübahisə predmeti olmayıb. Orada minlərlə insan yaşayıb. Hamı hələ SSRİ dövründə bu kəndlə­rin kimə aid olduğunu bilir. Ona görə də biz tələblərimizin ədalətli olduğunu he­sab edirik. Proseslərin gedişatı zamanı bu məsələlər hər zaman gündəmdədir və düşünürəm ki, həllini tapacaq”.

Beləliklə, Azərbaycan ilk dəfə xarici işlər naziri səviyyəsində 8 kəndin geri qaytarılması ilə bağlı müzakirələrin sülh müqaviləsi ilə bağlı danışıqlar pro­sesindən ayrı aparıldığını, məsələyə delimitasiya prosesi çərçivəsində baxı­lacağını, eyni zamanda, sülh müqavilə­si kontekstində bu məsələlərin ümumi prinsiplərinin əks etdirilməsinin müm­künlüyünü bəyan etdi. Eyni zamanda, rəsmi Bakı ölkəmizin bir qarış torpağı­nın da güzəştə gedilməyəcəyini bildir­di.

Xarici işlər naziri ilə eyni gündə ilin yekunlarına dair mətbuat konfransı ke­çirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də 8 kəndlə bağlı məsələnin delimitasiya prosesi çərçivəsində həll oluna biləcəyini deyib. Qeyd edib ki, sülhə mane olan əsas məsələlər həll olunub. “Azərbaycanın hədəfi Ermə­nistanla sülh müqaviləsinin imzalan­masıdır və buna çox yaxınıq. Hələlik sülh sazişinin imzalanacağı dəqiq tarixi demək çətindir. Əsas odur ki, mənfi məqamlar minimuma endirilib. Ortada, sadəcə, 8 kəndlə bağlı məsələ var. Ola bilsin ki, onlar delimitasiya çərçivəsin­də həll olunacaq. Çünki delimitasiya və demarkasiya uzun prosesdir. Güman ki, 8 kəndlə bağlı məsələ bu sənədə daxil edilməyəcək, çünki onlarla bağlı proses çox çəkə bilər. Rusiya ilə sər­hədlərin dəqiqləşdirilməsi 25 il davam etdi. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb”.

Görünən odur ki, Azərbaycanın mövqeyinin əsaslı, yəni sülh müqa­viləsi üzrə danışıqlarla delimitasiya prosesinin ayrı-ayrı proses olduğunu İrəvanda da dərk edirlər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu günlərdə bildirib ki, sülh müqaviləsində delimitasiya prosesinin qeyd olunması lazımdır. Onun sözlərinə görə, bu da prosesi proqnozlaşdıra bilər.

Bir neçə gün öncə Ermənistan par­lamentinin sədri Alen Simonyan da buna bənzər fikirlər səsləndirib. Bildirib ki, sərhədlərin delimitasiyası və demar­kasiyası prosesi illərlə davam edə bilər. Simonyan bu məsələnin həllinin sülh müqaviləsi imzalandıqdan sonra da həyata keçirilə biləcəyini vurğulayıb: “Əgər ölkələr, həqiqətən də, cəmiyyət­lərini sülhə hazırlayırlarsa və münasi­bətlərin normallaşmasında maraqlı­dırlarsa, o zaman sərhəd məsələsinin sonraya saxlanması ssenarisi kifayət qədər məqbuldur. Eyni zamanda, sülh sazişi, təbii ki, yeni müharibədən sığor­talana bilməz, ona görə də, ilk növbədə siyasi iradə lazımdır”.

Dünən İrəvanda mətbuat konfran­sında çıxış edən Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan 8 kəndlə bağlı məsələyə münasibət bildirərkən deyib: “İndi pro­ses elə təşkil oluna bilər ki, bu ərazilər təyin olunsun, onların hüquqi əsasları göstərilsin. Sonra iki proses baş verə bilər: Bunlardan biri mübadilə, digəri sırf məkan tənzimləmələri ilə olduğu kimi qalmasıdır. Tənzimləmə dedikdə onu nəzərdə tuturam ki, bu ərazilər müəyyən xarakter daşıyır və delimita­siya, demarkasiya deyilən təzahür bu suala cavab verə bilər. Fikrimcə, məhz sərhədlərin demarkasiyası və delimita­siyası baş verəndə işçi qrupu çərçivə­sində bu suala cavab vermək olar”.

İrəvandan verilən bu açıqlamalar optimizm üçün müəyyən əsaslar ya­radır. Bu kontekstdə noyabrın 30-da sərhəddə iki ölkə arasında vasitəçi olmadan keçirilən görüşü və dekabrın 7-də Azərbaycan Prezidenti Administ­rasiyası və Ermənistan baş naziri apa­ratının bir sıra məsələlər üzrə razılaş­malar əldə edilməsinə dair yaydıqları birgə açıqlamanı da xatırlatmaq yerinə düşər. Beləliklə, 2023-cü ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb. Sevindirici məqam bütün bunların bir­başa təmas nəticəsində əldə edilməsi­dir.

Nazir Ceyhun Bayramov da de­yib ki, Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. İndi isə Ermə­nistan tərəfinin sülh müqaviləsi ilə 8 kəndin məsələsinin ayrı-ayrılıqla mü­zakirə olunacağı fikrinə pozitiv yanaş­dığını bəyan etməsi danışıqların irəliyə aparılması üçün daha bir impulsdur. Bütün bunlar gələn ilin ilk rübündə Bakı və İrəvanın mühüm razılaşmalar əldə edə biləcəyinə ümidləri artırır.

Yeganə HACIYEVA,
politoloq

Ermənistan son vaxtlara qədər 8 kəndlə bağlı məsələni Azərbaycanı, guya, ittiham edə biləcəyi prosesə çevirməyə çalışırdı. Yəni, bunu Azər­baycana qarşı, necə deyərlər, “Da­mokl qılıncı” kimi istifadə üçün sax­lamaq istəyirdi. Halbuki, İrəvanda nə deyilməsindən asılı olmayaraq, bu kəndlər Azərbaycan ərazisidir və qaytarılmalıdır.

Amma kəndlərin qaytarılması məsələsi tərəflər arasında bundan əvvəl də müzakirə mövzusu olub və bu, Rusiyanın da iştirak etdiyi üçtərəfli Bəyanatda öz əksini tapıb. Həmin bəyanat tam miqyasda iş­ləmədi, ilkin mərhələdə bəzi bəndləri yerinə yetirilsə də, sonradan Rusi­ya, ABŞ və Avropa İttifaqının, eləcə də Fransanın təhriki ilə Ermənistan bundan yayındı. Ermənistan sonra­kı mərhələdə təxribatçı fikirlər səs­ləndirməklə Azərbaycanı onun ərazi bütövlüyünü pozmaqda ittiham etdi.

Azərbaycan hər dəfə 8 kəndlə bağlı məsələni gündəmə gətirəndə ABŞ və Avropa İttifaqından “Azərbay­can Ermənistanın ərazi bütövlüyünü pozur” kimi təxribatçı fikirlər eşidirik. Amma kəndlərin qaytarılmasının al­ternativi yoxdur. Əslində, məsələnin xoşməramlı həlli Ermənistan üçün də faydalı olar. Bununla belə, Ermə­nistan bu məsələni sərhədin delimi­tasiya və demarkasiyası, yaxud sülh müqaviləsi ilə eyniləşdirməyə çalışır. Halbuki, bunlar ayrı-ayrı məsələlər­dir. Azərbaycan onsuz da ərazi bü­tövlüyünü təmin edib. Ermənistan isə bunu qəbul etmir, sərhəd və sülh sazişi məsələlərini eyniləşdirməyə çalışır. Bu, yanlış yanaşmadır. Deli­mitasiya sülh müqaviləsinin imzalan­masından sonra həyata keçiriləcək prosesdir.

Zənnimcə, sülh müqaviləsinin imzalanacağı tarix uzaqda deyil. Ən azı ona görə ki, Ermənistanın bun­dan imtina üçün əsası yoxdur. Amma məsələ ondadır ki, bu məsələ ilə bağlı Ermənistana beynəlxalq təz­yiqlər var. Həmin təzyiqi edən təkcə Fransa deyil. Fransa isə həm sülh müqaviləsinin imzalanmasını, həm də kəndlərin qaytarılması məsələsini pozmağa çalışır. Paris bu məsələlər­lə bağlı regionda destruktiv fəaliyyət aparır. Ancaq bu təşəbbüslər də fay­dasız olacaq.

Səxavət HƏMİD
XQ



Siyasət