“Sülhlə imitasiya” dövrü bitdi

post-img

Rəsmi Bakının təkliflər paketinə İrəvanın cavabı, hələlik, qeyri-müəyyəndir 

Anlayış göstərmək problemin həllinə doğru aparan ilkin amildir. Əgər tərəflər bunun ardınca qarşılıqlı etimad mühitini yaradacaq xoşməramlı addımlar atsalar, deməli, anlaşılmazlığın tam aradan qalxmasına lap az qalacaq. 

Ermənistan və Azərbaycan ara­sında sülhə nailolma prosesinin in­diki həlledici mərhələsində müsbət sonluğun əldə olunması üçün İrəva­nın siyasi iradə göstərməsinə ehtiyac duyulur. Bunu Nikol Paşinyanın kabi­neti də yaxşı anlayır. Elə son günlər rəsmi İrəvan təmsilçilərinin bir-birinin ardınca sülh sazişinin imzalanması ilə bağlı nikbin açıqlamalar verməsi bu siyasi iradənin nümayişi kimi qə­bul edilə bilər. 

* * * 

Ermənistan baş naziri Nikol Pa­şinyan, parlament sədri Alen Simon­yan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan son günlər çıxış və müsahibələrində sülh sazişinin aktu­allığından bəhs edirlər. Azərbaycan Prezidenti İlham Əliyevlə N.Paşin­yan arasında Sankt-Peterburqda MDB Sammiti çərçivəsində ayaqüstü söhbətdə də elə bu məsələ müzakirə olunub. A.Simonyan rəsmi Bakının bu istiqamətdə atdığı addımları alqış­layıb. O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır, İrəvanla Bakı arasında razılaşma mümkündür. Erməni spikerin söz­lərinə görə, sülh heç vaxt bu qədər yaxın olmayıb. Simonyan bir az da irəli gedərək ermənilərin yaşamaq üçün Azərbaycana, azərbaycanlı­ların isə Ermənistana gedəcəklərini istisna etmədiyini, bu iki xalqın öz aralarında ticarət edəcəyinə inandı­ğını dilə gətirib. Düzdür, bu zaman o, belə bir perspektivin nə qədər yaxın olduğunu dəqiqləşdirməkdə çətinlik çəksə də, fəqət, arzu və niyyətinin saf olduğuna inanmaq istərdik. 

Yeri gəlmişkən, baş nazirin özü də yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasının real göründüyünü dekabrın əvvəlində də­nizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində bəyan etmişdi.

Bu zaman Ermənistan lideri sülhə nail olmaq üçün üç əsas prinsiрi irəli sürmüşdü. Bunlar – ölkələrin suverenli­yi saxlanılmaq prinsipi ilə regional nəq­liyyat kommunikasiyalarının açılması, Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün (müvafiq surətdə 29.800 və 86.600 kvadrat kilometr) rəsmən ta­nınması və SSRİ-nin sonuncu xəritələri əsasında sərhədlərin delimitasiyasıdır.

“Sülh prosesi barədə danışarkən, mühit çox önəmlidir. Ona görə də hər hansı müsbət irəliləyiş ümumi prosesə yaxşı mənada təsir edə bilər”. Bu sözlə­ri Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. Nazir bil­dirib ki, bu mənada dekabr ayında baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri hesab edilə bilər: “Bunun önəmi ondan ibarətdir ki, proses iki ölkə ara­sında vasitəçi olmadan baş verdi. No­yabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edil­məsi də müsbət inkişaf kimi qiymət­ləndirilməlidir”. Əslində, C.Bayramovun bu açıqlamasını rəsmi İrəvanın son təşəbbüslərinə bir növ ca­vab kimi də dəyərləndirmək olar. Nazir bununla rəsmi İrəvanı bütün şərtlərin hazırlandığı sülh prosesini bir daha lən­gitməməyə, Bakının təkliflərinə konkret addımlarla cavab verməyə çağırıb.

* * * 

Vasitəçilərin iştirakı olmadan Bakı və İrəvan arasında birbaşa görüşlə­rin keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü sülh danı­şıqlarının formatıdır. Qarşı tərəfin buna müsbət cavab verməsi isə hələ də va­sitəçilik iddiasında olanlara tərəflərin birgə cavabı kimi qəbul oluna bilər. Bu kontekstdən yanaşanda Azərbaycanla Ermənistan arasında hərbçilərin dəyiş­dirilməsinə dair razılaşma üzrə birgə açıqlamanı rəsmi Bakının məhz vasitə­çisiz, birbaşa dialoqa doğru atılmış ilk addımı sayılmalıdır.

Azərbaycanın 2022-ci ilin martında iki dövlət arasında normal münasibətlə­rin bərpası üçün baza prinsiplərinə dair təklifi Ermənistana təqdim edilib. Bakı­nın ortaya qoyduğu təkliflər paketində aşağıdakı beş baza prinsipi öz əksini tapıb:

- Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədləri­nin toxunulmazlığı və siyasi müstəqilli­yini qarşılıqlı şəkildə tanıması;

- dövlətlərin bir-birinə qarşı ərazi id­dialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırıl­mayacağına dair hüquqi öhdəliyin götü­rülməsi;

- dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törət­məkdən, siyasi müstəqillik və ərazi bü­tövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsi­nin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlə­rin qurulması;

- nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasi­yaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Bu zaman qeyd etmək lazımdır ki, tərəflər məhz bu baza prinsipləri əsa­sında intensiv, substantiv və ikitərfli sülh danışıqları prosesinə köklənib. Amma bu prosesə üçüncü tərəfin – vasitəçi­nin xoşməramlı təşəbbüsünə, sülhün əldə olunmasına müsbət töhfə vermək istəyinə də normal yanaşılacaq. Sadə­cə olaraq, həmin vasitəçi tam neytral, gündəliyi isə pozitiv olmalıdır. Son üç ildə bu xarakterli təşəbbüsləri Moskva, Brüssel və Vaşinqton irəli sürüblər. On­ların təklif etdikləri platformalarda aparı­lan danışıqlar prosesi daha çox Ermə­nistan tərəfinin ikiüzlülüyü, yalanları və bəzi vasitəçilərin onlara “züy tutması” ilə yadda qalıb. 

* * *

Bakı daha yalanlara inanmadığı kimi, İrəvanın da sülhlə diplomatik imita­siya limiti tükənib. Bu məqamda erməni yazıçı, ekspert Karen Xurşudyanın Er­mənistan hakimiyyətinin sülh sazişinə münasibəti ilə bağlı fikirləri maraq do­ğurur: “Heç bir avropalı Ermənistanın sərhədlərini qorumağa gəlməyəcək. İqtisadi sanksiyalardan başqa Avropa­nın Azərbaycana təsir rıçaqları yoxdur. Yəni Bakı İrəvana qarşı təmkinli olmağa məcbur deyil. Ermənistan xarici siyasi əlaqələrini genişləndirməli, ordusunu gücləndirməlidir. Sülh ancaq bu vəziy­yətdə imzalana bilər. Əks halda başqa qüvvələr İrəvandan öz məqsədləri üçün istifadə etməyə davam edəcəklər”. 

Düzdür, erməni ekspert sülhün yal­nız güclü Ermənistan üçün sərfəli olca­ğına işarə vursa da, bu zaman danışıq­lar prosesində Azərbaycanın üstün tərəf olduğunu dolayısı ilə etiraf edir. 

Hamıya məlumdur ki, iki ölkə ara­sında sülh müqaviləsinin mətni ilə bağlı ilk təklif paketini Bakı irəli sürüb. Azər­baycan XİN başçısı Ceyhun Bayramov məsələnin incəliyini dəqiq qeyd edib: “Bu məsələnin tarixi var. Burada ol­duqca çox istiqamət var. Biz hər detalı razılaşdırmağa çalışsaq, bu, çox uzun proses olar. İstəyirik ki, bunun əvəzinə, ciddi fikir ayrılığı yaratmayan, hər iki tərəfin beynəlxalq universal və qarşılıq­lılıq prinsipləri əsasında münasibətlərin bazasını formalaşdıran sənəd ortaya qoyulsun, imzalansın. Sülh müqavilə­sinə gedən yol açıqdır, bunu əldə etmək çox real görünür”.

Əlbəttə, ümumilikdə sülh prosesinə realist mövqedən yanaşmaq lazımdır. Otuz illik tarixə malik münaqişənin bü­tün aspektləri üzrə birdən-birə tam ra­zılığa gəlinməsi mümkün deyil. Hazırda söhbət əsas istiqamətlərdən, yəni Ba­kının təklif etdiyi baza prinsiplərindən gedir. Həmin prinsiplərə söykənəcək sülh sazişinin özü də bütün problemlə­rin həlli demək olmayacaq. Sülh müqa­viləsi bir çox məsələlər üzrə ondan son­rakı müzakirələrə zəmin hazırlayacaq. Son nəticə isə iki ölkə arasında normal qonşuluq, əməkdaşlıq, iqtisadi-ticari münasibətlərin bərpası olmalıdır. Bakı­nın irəli sürdüyü vasitəçilərsiz, ikitərəfli dialoq kimi, bunun da alternativi yoxdur. Deyəsən, İrəvan da bunu yavaş-yavaş anlamağa və qəbul etməyə başlayıb.

Qafar ÇAXMAQLI, 
Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim

Sankt-Peterburqdakı sammitdə Nikol Paşinyanın çıxışı göstərdi ki, Ermənistan bəzi siyasi situasiyalar­da nə edəcəyini bilməyən “təcrübə meydanı”na çevrilib. İndi İrəvan nica­tını Qərbdə axtarmaq yolunu seçən, amma dərhal da ondan geri addım atan zavallıya dönmüş durumdadar. Paşinyan deyir ki, üzvü olduğu və ha­mıdan əvvəl yerini almağa tələsdiyi Avrasiya İqtisadi İttifaqının siyasiləş­məsini istəmir. Haqlı olaraq ortaya sual çıxır ki, Avropa İttifaqı da iqtisa­di birlikdir, bəs nə üçün bu qurumun Cənubi Qafqazda siyasi və energetik proseslərə müdaxiləsinə etiraz etmir? Yaxud Azərbaycana qarşı Aİ-nin son zamanlarda atdığı addımlara adekvat yanaşmır? Paşinyan bunu deməklə, guya, sözügedən təşkilata yeni ni­zam gətirmək istəyir. Həm də 2024-cü ildə sədrlik edəcəyi bu təşkilatı Rusi­yanın öhdəsinə buraxır. Bəli, sədrlik Ermənistanda olacaq, amma bütün tədbirlər Moskvada keçiriləcək. Bu, o deməkdir ki, Ermənistan bir dövlət kimi ciddiliyini itirib. Vektor dəyişikliyi kimi apardığı siyasəti iflasa uğrayıb. Əslində, rəsmi İrəvanın Azərbaycan­la sülhə nail olmaq istəyi bölgədə təhlükəsizliyin səmimi şəkildə bərqə­rar olmasına hesablanmayıb. Daha çox ayrı-ayrı supergüclərin qarşıdur­masına yönəlib. Sülh sazişi ilə bağlı Azərbaycan təkliflərini çoxdan verib, müzakirə ediləcək bir şey olmadığı da ermənilərin özləri tərəfindən dəfələrlə etiraf edilib. Müqavilənin imzalanması üçün bəzi məsələlərin razılaşdırılma­sı ikitərəfli görüşlər zamanı əldə edilə bilər.

İmran BƏDİRXANLI
XQ





Siyasət