Bu il valyuta ehtiyatları 16,6 faiz yüksəlib
Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində 2023-cü ildə ölkədə makroiqtisadi sabitlik göstəricilərinin yaxşılaşdığı və iqtisadi artımın davam etdiyi bildirilib.
Eyni zamanda, bu dövrdə inflyasiyanın hədəf intervalına qaytarılmasına yönəldilən pul siyasəti həyata keçirilib. Bunun nəticəsində hesabat dövründə illik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək 25 aylıq fasilədən sonra azalıb. Başqa sözlə, valyuta bazarında tarazlığın qorunması, manatın məzənnəsinin möhkəmlənməsi, pul siyasəti qərarları və hökumətin həyata keçirdiyi tədbirlər sayəsində inflyasiya təzyiqləri zəifləyib.
Gələn il ərzində də Mərkəzi Bankın pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına, yəni inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılmasına yönəldiləcək. İnflyasiyanın “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə elan edilən hədəf intervalında saxlanılması pul siyasətinin əsas məqsədi olacaq. Qiymət sabitliyini dəstəkləməklə Mərkəzi Bank ölkə iqtisadiyyatının dayanıqlı artımını şərtləndirəcək. Bütün bunlarla bərabər, pul siyasəti qərarları gələn ildə də inflyasiya mühitində xarici və daxili amillərin dəyişməsi və yenilənən makroiqtisadi proqnozlar əsasında veriləcək. Ümumiyyətlə, pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və pul siyasətinin kommunikasiyanın genişləndirilməsi istiqamətlərində islahatlar davam etdiriləcək.
Mərkəzi Bankın bəyanatında vurğulandığı kimi, geosiyasi münaqişələr və geoiqtisadi parçalanmalar, pandemiyanın təsirlərinin davam etməsi, kəskin iqlim anomaliyaları, maliyyə şəraitinin sərtləşməsi cari ildə qlobal iqtisadi artıma mənfi təsir göstərib. Bu, bir sıra indikatorlarda nəzərə çarpıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə biznes sektorunda iqtisadi fəallıq göstəricisi olan “biznesə inam” indeksi azalıb. Qlobal iqtisadiyyatda baş verən proseslər beynəlxalq təşkilatların proqnozlarına da təsir edib. Belə ki, Beynəlxalq Valyuta Fondunun (BVF) son hesabatına əsasən, qlobal iqtisadi artımın 2022-ci ildəki 3,5 faizdən 2023-cü ildə 3 faizə enəcəyi proqnozlaşdırılıb.
Ümumiyyətlə, mürəkkəb qlobal iqtisadi mühitin ölkə iqtisadiyyatına təsirlərinə baxmayaraq bir sıra mühüm uğurlar qazanılıb. Məsələn, Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri əlverişli olaraq qalıb. Bu da ölkənin tədiyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi fəallığa müsbət təsir göstərib. Hesabat dövründə tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansı profisitliliyi ilə diqqət çəkib. Belə ki, ilin 11 ayında xarici ticarət balansında 15,7 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti isə 6,7 milyard dollar və ya ümumi daxili məhsulun (ÜDM) 12,5 faizi səviyyəsində qeydə alınıb. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 2023-cü ilin 11 ayında 16,6 faiz artaraq 68,2 milyard dollara yüksəlib.
Mərkəzi Bankın bəyanatında həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə digər müsbət göstəricilərin də əldə edildiyi, iqtisadi artımın davam etdiyi bildirilib. Məsələn, 2023-cü ilin yanvar–noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ÜDM real ifadədə 0,8 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 3,2 faiz yüksəlib. Dövr ərzində məşğulluğun səviyyəsində də artım müşahidə edilib. Bundan başqa cari ilin 11 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3,6 faiz, qeyri-neft-qaz investisiyalarının həcmi isə 12,5 faiz çoxalıb.
Cari ildə inflyasiyanın bütün komponentləri üzrə azalma meyli müşahidə olunub. Keçən ay illik ərzaq inflyasiyası 1,5 faizə enib. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər illik 3,1faiz artıb, xidmətlər son 1 ildə 4 faiz bahalaşıb. Ümumilikdə, illik inflyasiyaya 0,7 faiz ərzaq, 0,7 faiz qeyri-ərzaq, 1,2 faiz isə xidmətlərin qiymət və tarif dəyişimi müsbət təsir göstərib.
Valyuta bazarında tarazlıq da inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb. Belə ki, bu ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərracının 95 faizində təklif tələbi üstələyib. Bu şəraitdə bəzi ticarət tərəfdaşlarında məzənnənin yüksək dəyişkənliyinə baxmayaraq, milli valyuta öz sabitliyini qoruyub saxlayıb. Ötən 11 ayda manatın məzənnəsi 19,5 faiz bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən amil kimi dəyərləndirilib. Beləliklə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi ilin sonuna illik inflyasiyanın hədəf intervalının aşağı hissəsində formalaşacağını proqnozlaşdırmağa əsas verib.
Gələn il Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi gözlənilir. Mərkəzi Bankın məlumatına görə, qarşıdakı dövrdə iqtisadi artım tempinin 3-3,5 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5-5,5 faiz həddində olacağı proqnozlaşdırılır.
Növbəti ildə də işğaldan azad edilən ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcək. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaq. Eyni zamanda, maliyyə sektorunun sabitliyinin qorunması və onun daha da inkişaf etdirilməsi pul siyasətinin səmərəliliyinə müsbət təsir edən amillərdən biri kimi diqqətdə saxlanılacaq. Xüsusən də qanunvericilikdə edilən son dəyişikliklərin nağdsız ödənişlərə verəcəyi töhfə pul siyasətinin təsir dairəsini genişləndirəcək.
Vaqif BAYRAMOV
XQ

