2030-cu ilədək istilik effekti yaradan qazlar 35 faiz azaldılacaq
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Müşahidə Şurasının qərarı ilə təsis edilmiş “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Azərbaycanda və xaricdə “yaşıl enerji”, dekarbonizasiya və aşağı karbonlu layihələrin həyata keçirilməsinə müsbət töhfələr verəcək.
SOCAR-ın mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cüil 25 dekabr tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində təsis olunan şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.
Bərpaolunan enerji, “yaşıl” hidrogenin istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Eyni zamanda, yeni yaradılan şirkət qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək.
“SOCAR Green” MMC Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə “Meqa” layihəsinin ilkin mərhələsində quruda 1 qiqavat gücündə külək və günəş enerjisi, BP şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş enerjisi layihələrini icra edəcək. Həmçinin şirkət tərəfindən “ACWA Power” (Səudiyyə Ərəbistanı), “Masdar” və “Energy China” (Çin) şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrinin icrası nəzərdə tutulur.
Adı çəkilən nüfuzlu şirkətlərlə əməkdaşlıq etməklə “SOCAR Green” MMC “yaşıl enerji”, dekarbonizasiya və aşağı karbonlu layihələrin Azərbaycanda və xaricdə həyata keçirilməsində, SOCAR üçün yeni biznes imkanlarının yaradılmasında, bu sahələrdə kadr bazasının formalaşdırılmasında və mövcud potensialın gücləndirilməsində, həmçinin “Xalis sıfır” emissiya hədəflərinə çatmaqda öz müsbət töhfəsini verəcək.
Xatırladaq ki, SOCAR xarici şirkətlərlə bərpaolunan enerji və dekarbonizasiya sahələrində əməkdaşlığına ötən ildən start verib. Məlum olduğu kimi, 2022-ci il iyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyada SOCAR və BP şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanmışdı. Sözügedən sənəd ölkəmizdə bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirməsini nəzərdə tutur. Sessiya çərçivəsində, həmçinin SOCAR ilə “Masdar” şirkəti arasında anlaşma memorandumu da imzalanmışdı. Hər iki sənədin imzalanmasında məqsəd neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılması və enerji səmərəliliyi sahəsində qabaqcıl texnologiyaların tətbiqi və bərpaolunan enerji mənbələrinin birgə inkişafının təmin edilməsidir.
Yola saldığımız 2023-cü ili “yaşıl enerji” əməkdaşlığı baxımından daha uğurlu hesab etmək olar. Belə ki, yanvarın 15-dəAzərbaycan Prezidenti İlham ƏliyevinBirləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində SOCAR ilə “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 qiqavat gücündə dənizdə külək və hidrogen layihələrinin, həmçinin 1 qiqavat gücündə günəş fotovoltaik və quruda eyni gücdə külək layihələrinin işlənməsinə dair birgə sazişlər imzalanıb.
Yeri gəlmişkən, “Masdar” şirkəti artıq ölkəmizdə bərpaolunan enerji sahəsində ilk uğura imza atıb. Belə ki, cari ilin ok-tyabr ayında şirkətin Azərbaycanda inşa etdiyi 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası istismara verilib. Stansiya hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə yanaşı, atmosferə atılan tullantıların da 200 min tondan çox azaldılmasına imkan yaradacaq.
Oktyabrın 26-da isə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında sənədlərin imzalanması mərasimi keçirilib. Xatırladaq ki, investisiya müqavilələri çərçivəsində Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda günəş elektrik stansiyaları, eləcə də Abşeron – Qaradağ rayonunda quruda külək enerjisi stansiyasının inşası nəzərdə tutulur.
Yeri gəlmişkən, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Hazırda həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bunda da məqsəd 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması ilə bağlı Azərbaycan dövlətinin müəyyənləşdirdiyi hədəf ə çatmaqdır.
Son illər dünyanın irəli sürdüyü “yaşıl keçid” platformasınının fəal iştirakçısına çevrilmiş Azərbaycan “yaşıl enerji” növlərinin yaradılması və beynəlxalq bazarlara nəqlini özünü enerji siyasətinin prioriteti kimi müəyyənləşdirib. Bu məqsədlə ölkəmiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Bu da son illərin etibarlı enerji tərəfdaşı kimi nüfuz qazanmış Azərbaycana inamı bir qədər də artırır. Elə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi də bu inamın bariz nümunəsidir.
Mirbağır YAQUBZADƏ
XQ

