“Xurşidbanu Natəvan” Nizami yurdunda

post-img

Gəncədə Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Xurşidbanu Natəvan" pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunub. 

Tamaşa Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının tələbələrinin təqdimatında nümayiş olunub. 

Tamaşanın hazırlanmasında məqsəd Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamının icrası və “2015-2025-ci illərdə Azərbaycan gənc­lərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında ölkə başçısının Sərən­camı ilə əlaqədar Strategiyanın hədəf qrupları olan yaradıcı, istedadlı gənclərə dəstək olmaq və gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə şərait yarat­maq olub. 

Tamaşaya baxdıqdan sonra gənc­lərlə görüşdə qeyd olunub ki, Ulu öndər Heydər Əliyev gənc yaşlarından teatra çox bağlı idi. Ümummilli lider müntəzəm olaraq teatr tamaşalarına baxır, yaradı­cı heyətlə görüşür, tövsiyələrini verirdi. 1981-ci ildə görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesinin tamaşasına Azərbaycan KP MK-nin büro üzvləri ilə birlikdə baxan Heydər Əliyev əsərin və tamaşanın orjinal təhlili­ni vermiş, ifaçılara öz fikirlərini söyləmiş­di: “Siz ilk növbədə Natəvan – bu şairə haqqındakı şaiyələrə son qoydunuz. Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında siyasi baxım­dan və onun xan qızına layiq hərəkətləri ilə bizim şərq qadınlarının obrazını yara­da bildiniz. Mən buna görə sizə sağ ol de­yirəm. Həm də son monoloqunuza görə sağ ol deyirəm”.

Tamaşa izləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Mədəniyyət