Fuad Məmmədov: Bu il mədəniyyətimiz üçün əlamətdar hadisələrlə yadda qaldı

post-img

Ölkəmiz mütərəqqi milli inkişafın əsası kimi mənəvi mədəniyyətin hərtərəfli inkişafının zəruriliyi haqqında Heydər Əliyevin vəsiyyətlərinə əməl edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik sahəsində böyük uğurlar qazanmışdır. Bu il quruculuq və idarəçilik, xalqın rifah halının yüksəldilməsi və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet olmuşdur. Bu prosesdə mədəniyyətin inkişafı üzrə dövlət strategiyasının daim təkmilləşdirilməsi mühüm yer tutur ki, bunda da Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu vardır.

Bu fikirləri XQ-yə tarix elmləri doktoru, professor, kulturoloq “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov bildirib. 

O qeyd edib ki, 2023-cü il bir neçə cəhətinə görə əlamətdardır. Birincisi, ona görə ki, bu il görkəmli siyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider və Azərbaycan xalqının iftixarı Heydər Əliyevin 100 illiyidir. 

2023-cü ildə Mədəniyyət Nazirliyinin də dəstəyi ilə “Simurq”un yaradıcılıq fəaliyyəti üçün münbit şərait yaradılır və dövlətimizin inkişafına xidmət etmək üçün yeni imkanlar açılır. Azərbaycan xalqının mənəvi mədəniyyəti üçün, əlbəttə ki, bu, vacib istiqamətdir. Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının sosial-mədəni inkişafının yeni strateji kursunun işlənib hazırlanması və həyata keçirilməsinə yönəlmiş ciddi innovativ tədbirlər həyata keçirməyə başlayıb. Eyni zamanda, Mədəniyyət Nazirliyinin yaradıcılıq fəaliyyəti ilk dəfə olaraq mədəniyyət elminin metodologiyası və nailiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Bu il 13-14 oktyabr 2023-cü il tarixlərində Türk xalqlarının mədəniyyət paytaxtı Şuşada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş I Beynəlxalq Türk Xalqlarının Mədəniyyət Forumu keçirildi. Forumun “Türk xalqlarının mədəni-tarixi irsi” panelinə rəhbərlik ilk dəfə olaraq “Simurq” tərəfindən həyata keçirildi. Mən öz platformamızı, gördüyümüz və görəcəyimiz işləri dilə gətirdim. 

Kulturoloq qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən formalaşdırılan yeni mədəniyyət strategiyasının formalaşdırılmasının asanlaşdırılması, ümumbəşəri mədəni biliklərin yayılması, Azərbaycan vətəndaşlarının akkulturasiyası və inkulturasiyası imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə “Simurq” kanalı yaradılıb. Və ümumbəşəri mədəni biliklərin cəmiyyətdə yayılmasını təşviq edən YouTube video hostinq xidmətimizi gerçəkləşdirmişik. Burda uzun illər televiziya tamaşaları və Mədəniyyətşünaslıq üzrə Assosiasiyanın “İdrak”, “Mühazirə”, “Ovqat”, “Xəzərin sahilində”, “Gəl qonaq ol”, “Mədəniyyət dalğası” kimi ustad dərsləri yer alır. Bir çox platformalar cəmiyyətin və dövlətin davamlı, rəqabətədavamlı və təhlükəsiz inkişafı, Azərbaycanda və bütün dünyada strateji bərpa olunan resurs kimi yüksək mədəniyyətli vətəndaşların formalaşması üçün mədəniyyət elminin mənalarını və transformativ imkanlarını ortaya qoyur.

F.Məmmədov əlavə edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Simurq”un 30 illik yubileyləri şərəfinə təsisatımızın qurultayına hədiyyə olaraq müəlliflər qrupu “Mənəvi mədəniyyətin inkişafına xidmət edirik” yubiley monoqrafiyası hazırlanıb. Ümumiyyətlə, 2024-cü ildə mədəniyyətşünaslığa dair monoqrafiyaların, kitabların, dərsliklərin, elmi-kütləvi elmi konsepsiyaların və məqalələrin hazırlanması və nəşri davam etdiriləcək. “Simurq” Beynəlxalq mədəniyyət jurnalının (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi məsələləri) növbəti, beşinci nömrəsini hazırlayıb nəşr etmək planımızdadır.

Bundan əlavə, mədəniyyət konfranslarının və beynəlxalq forumların hazırlanması və keçirilməsi də nəzərdə tutulur. Həmçinin, mədəni ustad dərsləri, uşaq bağçalarının müəllimləri, məktəblilər, valideynlər, müəllimlər, tələbələr, jurnalistlər, rəsmilər və siyasətçilər üçün mühazirə və treninqlər, beynəlxalq iştirakla “Mədəniyyət və cəmiyyət” mədəniyyət seminarlarının keçirilməsi hədəfimizdir. 

Anar ƏLİ

XQ

 

Mədəniyyət