Fransa mediası söz azadlığına qəsdə bəraət qazandırır

post-img

Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşlarına qarşı Fransa mediasında aparılan qarayaxma kampaniyasını qətiyyətlə pisləyən bəyanat yayıb.

Sənəddə bildirilir ki, Fransa mediasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşlarına qarşı aparılan qarayaxma kampaniyası bütün etik qaydalara və dəyərlərə zidd miskin davranışdır. Bu cür qəbuledilməz yanaşma tərzi söz azadlığının məhdudlaşdırılmasına uğursuz bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil. Açıqlamada daha sonra deyilir: 

“AZƏRTAC-ın əməkdaşı Aygün Həsənova bu il dekabrın 3-də yerli əhalinin azadlıq hərəkatını işıqlandırmaq üçün fransız müstəmləkəsi Yeni Kaledoniyaya ezam edilmişdi. Lakin hava limanında onun əraziyə girişinə imkan verilməmiş, guya, vizasının olmaması bəhanə gətirilmişdi. Jurnalist həbslə hədələnərək, üçüncü ölkəyə yola salınmışdı. Belə qanunsuzluq əməli Azərbaycanda ciddi narazılıq doğurmuş və ölkəmizin media qurumları etiraz bəyanatları yaymışdılar.

Görünür, bütün bunlar, eləcə də Yeni Kaledoniyadakı yolverilməz davranışın dünya mediasında geniş əks-səda doğurması Fransanın hakim dairələrini “arqument” axtarışına sövq edib. Ölkəmizin media nümayəndələrinin fəaliyyətində heç bir qanunsuzluq əməli olmayıb. Onların Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini işıqlandırmaq istəklərində əsaslandırılmış bəşəri və ictimai motiv var. Yeni Kaledoniya polisinin bunu nəzərə almaması, jurnalistlərimizin fəaliyyətlərinə süni əngəl yaratması fundamental insan hüquq və azadlıqlarının tərkib hissəsi sayılan söz azadlığına aşkar sayğısızlıqdır”. 

Bəyanatın sonunda deyilir ki, Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşlarına qarşı Fransa mediasında aparılan qarayaxma kampaniyasını, təxribat xarakterli bilgilərin yayılmasını qətiyyətlə pisləyir: “Şura bunu antidemokratik addım, azad sözə münasibətdə dözümsüzlük sayır və bildirir ki, belə yanaşma həm etik dəyərlərə, həm də Fransa dövlətçiliyinin tarixi mütərəqqi mahiyyətinə ziddir. Şura dünyanın media ictimaiyyətini Fransa hakimiyyətinin yolverilməz əməllərinə münasibətdə həmkar təəssübkeşliyinə, etiraz səsini ucaltmağa çağırır”.

XQ

 

Son xəbərlər