Dünən Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət göstərən 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilib. Forum Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in təşkilati dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində təşkil olunub.
Forumda Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və İdman naziri Fərid Qayıbov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətinin səsləndirilməsi ilə rəsmi açılış hissəsinə start verilib. Müraciəti Gənclər və İdman naziri Fərid Qayıbov səsləndirib.
Tədbirdə çıxış edən natiqlər nəcib fəaliyyət olan könüllülüyün tarixindən, gənclərə faydasından danışıb, ulu öndər Heydər Əliyevin gənclərə ünvanladığı dəyərli tövsiyələrin Azərbaycan gənclərinin və könüllülərinin inkişafında hər zaman müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər, könüllülər Vətən müharibəsi dövründə böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərdə böyük pay sahibi olublar.
Sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev tədbir iştirakçılarına ittifaqın illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verib.
Forum çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən forumun gedişatında Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
XQ