Qərbi Azərbaycana qayıdışın beynəlxalq hüquqi əsasları

post-img

Ermənistanın azərbaycanlılara qarşı cinayətləri barədə saysız-hesabsız faktlar, sənədlər, sübutlar mövcuddur. Onların hüquqi müstəvidə araşdırılmasına çox böyük ehtiyac var. Bu gün bu proses ölkəmizdə dövlət siyasəti və ümumxalq hərəkatı səviyyəsində davam edir.

Bir çox tarixçi və tədqiqatçılar ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətininin əsasən üç mərhələsini qeyd edirlər. Azərbaycanlıların Qərbi Azərbaycandan ilk deportasiya dövrü 1905–1920-ci illəri əhatə edir. O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın azərbaycanlı kəndli xəritədən tamamilə silinmişdir. Daha sonra sovetlər dönəmində – 1948–1953-cü illər ərzində hiyləgər erməni millətçilərinin təhriki nəticəsində sovet diktatoru İosif Stalinin göstərişi ilə 150 mindən artıq azərbaycanlı dədə-baba yurdundan deportasiya olunmuşdur. 

1988-ci ildə baş vermiş son deportasiya hadisəsi isə əvvəlkindən fərqli amillərlə səciyyələnir. Tarixi ədalət naminə etiraf etmək lazımdır ki, ötən əsrin ortalarında azərbaycanlıların köçürülməsinə qarşı respublikanın o dövrki siyasi rəhbərliyi bütün mümkün vasitələrlə mane olmağa çalışırdı. Sonuncu deportasiya isə milli zəmində, Qərbi Azərbaycanda yaşayan 300 minədək həmvətənimizin öz doğma yurdlarından zorla qovulması ilə tarixə düşüb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün yeni imkanlar açmışdır. Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan icmasının binasının açılış mərasimində iştirakı və icma nümayəndələri ilə görüşündən sonra bu istiqamətdə ictimai fikirdə köklü dəyişikliklər baş verməkdədir. 

Hazırda Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu dialoq xətti soydaşlarımızın düşmən tərəfindən tapdalanan hüquqlarının bərpasında da müstəsna əhəmiyyət kəsb edir. İcmanın bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərərək həmin qurumları Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması,  bununla bağlı monitorinqlərin aparılmasına çağırması bu istiqamətdə atılan uğurlu addımlardandır. Qərbi Azərbaycan İcmasının Avropa İttifaqından bu məsələyə müdaxilə etməsini istəməsi əlamətdar hadisədir. Çünki Aİ iyunun 12-də icmanın müraciətinə cavab verərək bildirib ki, bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququ dəstəklənir.

Qeyd edək ki, qaçqınların statusu haqqında 1951-ci il Cenevrə Konvensiyası dünyanın 140-dan çox dövlətində (AR 1993-cü ildə bu Konvensiyaya qoşulmuş və 1996-cı ildə ratifikasiya etmişdir) qaçqınların müdafiəsini təmin edən universal beynəlxalq sənəddir. Bu Konvensiyanın təsir sferasına düşən qaçqınlar “konvensiya üzrə qaçqın” adlanır. Buna baxmayaraq Konvensiya müəyyən çatışmazlıqları da özündə ehtiva edir:

1) 1951-ci il Konvensiyası “qaçqın” anlayışının hüquqi məzmununu məhdud müəyyən edir. Konvensiyada  “qaçqın” anlayışının müəyyən edilməsi üçün nəzərdə tutulan meyarlar konkret və məhduddur. Konvensiyanın 1-ci maddəsinin “A” (2) bəndinə uyğun olaraq, irqi əlamətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi mülahizələrinə görə təqib qurbanı olmaqdan tam əsaslandırılmış təhlükə səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və bu ölkənin müdafiəsindən istifadə edə bilməyən və ya belə təhlükələr səbəbindən istifadə etmək istəməyən; və ya müəyyən bir vətəndaşlığı olmayan və belə hadisələr nəticəsində öz əvvəlki adi yaşayış yerindən kənarda olmaqla, belə təhlükələr səbəbindən həmin yerə qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxs qaçqın hesab olunur.

2) Konvensiya qaçqın kimi tanınma üçün zaman məhdudiyyəti müəyyən edir. Belə ki, Konvensiya yalnız 1951-ci il yanvarın 1-nə kimi baş vermiş hadisələr nəticəsində qaçqın vəziyyətinə düşmüş şəxslərə şamil olunur;

3) Konvensiya, eyni zamanda, “1951-ci il yanvarın 1-nə kimi Avropada baş vermiş hadisələr” və ya  “1951-ci il yanvarın 1-nə kimi Avropada və ya digər yerlərdə baş vermiş hadisələr” ifadəsində təzahür edən coğrafi məhdudiyyət də müəyyən edir. Əslində, 1951-ci il Konvensiyasına 1967-ci ildə qəbul edilən Protokol coğrafi və zaman məhdudiyyətlərini aradan qaldırsa da (m.1, b.2), “qaçqın” anlayışının hüquqi məzmununa dar yanaşmanı yenidən təsbit etdi. Bu cür yanaşma qaçqın statusunu fərdi qaydada müəyyən etməklə etnik münaqişələr, vətəndaş müharibələri, hərbi təcavüz, ekoloji fəlakət və s. nəticəsində yurd-yuvalarını kütləvi şəkildə tərk etmiş şəxslərin qaçqın kimi tanınmasına mane olur.

Qeyd olunanlardan əlavə, bu konvensiya Qərbi Azərbaycandan köçürülən azərbaycanlılara tətbiq edilmir, həmçinin ona görə ki, hadisələrin baş verdiyi zaman Azərbaycan və Ermənistan vahid dövlətin SSRİ-nin tərkibində olduqları üçün eyni dövlətin vətəndaşının həmin dövlətin digər ərazisinə köçürülməsi və ya qaçması, qaçqın statusunun malik olduğu əsas əlaməti özündə ehtiva etmir.  

Bu kontekstdə bizim qaçqınlar 1951-ci il Konvensiyasına nisbətdə daha geniş mənada qaçqın olan şəxslər qrupuna daxildir. Bu şəxslər de fakto qaçqınlar adlanır. De-fakto qaçqınlar 1951-ci il Konvensiyasına əsasən, qaçqın statusu ala bilməyən, ancaq iqtisadi miqrantlardan fərqli olaraq zəruri müdafiəyə ehtiyacı olan şəxslərdir. De-fakto qaçqınların hüquqi müdafiəsinin bir xüsusiyyəti də ondan ibarətdir ki, bu müdafiə qrup üzrə yanaşma tələb edir. Belə yanaşmaya görə, qaçqın kimi ayrı-ayrı şəxslər deyil, şəxslər qrupu tanınır. 

Beynəlxalq səviyyədə de-fakto qaçqınların hüquqi müdafiəsi BMT-nin Qaçqınların işi üzrə Ali Komissar İdarəsi çərçivəsində həyata keçirilir. Belə ki, Qaçqınların işi üzrə Ali Komissar İdarəsinin Nizamnaməsinin meyarlarına uyğun şəxs, məskunlaşdığı ölkənin  1951-ci il Konvensiyasına və ya 1967-ci il Protokoluna qoşulub-qoşulmamasından, bu sənədlərin hər hansı birinə görə, sığındığı ölkənin onu qaçqın kimi tanımasından asılı olmayaraq BMT-nin Ali Komissarı tərəfindən təmin olunan müdafiəsindən istifadə edir. Ali Komissarın mandatına görə, bu cür qaçqınlar “mandatlı qaçqınlar” adlandırılır. 

Qərbi Azərbaycandan olan qaçqınlar 1998-ci ildə Azərbaycan vətəndaşlığına qəbul edilsələr də ləyaqətli qayıdış hüququna malikdirlər. Bunu onunla əsaslandırmaq olar ki, onlar Ermənistanın azərbaycanlılara qarşı soyrımı siyasətinin nəticəsi olaraq öz yurd yerlərini tərk etmişlər. Əslində, bu, Soyqrımı cinayətlərinin qarşısının alınması və cəzalandırılaması haqqında 9 dekabr 1948-ci il BMT Konvensiyasının (1951-ci ildə qüvvəyə minib, AR 1996-cı ildə qoşulub) müddəalarına ziddir. Konvensiyanın 2-ci maddəsinə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə belə bir qrup (azərbaycanlılar) üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması yolverilməzdir və cinayətdir. Məhz belə bir şəraitin yaradılması səbəbindən Qərbi azərbaycanlılar öz yurd yerlərini tərk etmişlər. 

Ermənistanın soyqırımı siyasəti isə davam edən siyasət olduğu üçün və deportasiya edilməsi və ya məcburi şəkildə köçürülmə insanlıq əleyhinə cinayət olduğu üçün Qərbi Azərbaycandan olan qaçqınlara müddətlə bağlı məhdudiyyətlər şamil edilmir. Bu baxımdan Azərbaycan Respublikasının soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılaması haqqında 9 dekabr 1948-ci il BMT Konvensiyasına 1996-cı ildə qoşulmasını əsas götürərək, onun bu qoşulmadan əvvəl baş vermiş hadisələrə şamil edilə bilməməsi iddiaları əsassızdır. Digər tərəfdən, “İnsanlıq əleyhinə cinayətlərə və hərbi cinayətlərə iddia müddətinin tətbiq edilməməsi haqqında” 1968-ci il BMT Konvensiyasına görə, hərbi dövrdə baş verib-verməməsindən asılı olmayaraq, deportasiya və məcburi köçürülmə də daxil olmaqla insanlıq əleyhinə cinayətlərə, o cümlədən soyqırımına mürür zaman müddəti şamil olunmur. 

Qeyd olunan hüquqi fonda Qərbi Azərbaycandan olan qaçqınlar sadəcə qaçqın statusu almış və ya bunu itirmiş insanlar deyil, etnik əsaslar üzrə soyqırımına məruz qalmış, məcburi şəkildə köçürülmuş və ya deportasiya olunmuş insanlar olaraq hər zaman öz yurdlarına ləyaqətli şəkildə qayıtmaq hüququna malikdirlər. Bu, müəyyən mənada onlara qarşı edilmiş qeyri-insani cinayətlərə görə mənəvi baxımdan kompensasiya kimi də dəyərəndirilməlidir.     

Qanun qüvvəli beynəlxalq hüquqi aktların icrası isə göründüyü kimi tövsiyə xarakterli deyil, imperativdir. Qeyd olunan hüquqi əsaslara görə hesab edirəm ki, ilk növbədə, 1987–1991-ci illərdə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların Ermənistan Respublikasının vətəndaşlığı hüquqları bərpa olunmalıdır. Bundan əlavə, nəzərə alsaq ki, Ermənistan Respublikası Konstitusiyasının 47-ci maddəsinin 1-ci bəndində “Ermənistan vətəndaşlarından doğulmuş uşaq Ermənistan vətəndaşıdır” anlayışı mövcuddur, onda həmin tələbə müvafiq olaraq qeyd olunan illərdə ölkədən çıxarılan azərbaycanlı vətəndaşların övladlarının da həm vətəndaşlıq, həm də varislik hüquqları təmin edilməlidir. 

Soydaşlarımızın vətəndaşlığının bərpası təmin edilərsə, buradan irəli gələn bütün konstitusion hüquqları, o cümlədən mülkiyyət, dəymiş maddi-mənəvi ziyanın ödənilməsi və s. kimi hüquqların tələbi beynəlxalq hüquq normaları bazasında öz əsasını tapmış olar. 35 il əvvəl Qərbi Azərbaycandan didərgin düşmüş insanlar Ermənistan vətəndaşı olublar. Onların bu vətəndaşlıqdan çıxarılması haqqında heç bir hüquqi sənəd və ya məhkəmə qərarı yoxdur. Bu insanların böyük əksəriyyəti hətta pasport qeydiyyatından çıxmadan Ermənistanı tərk etməyə məcbur ediliblər. Bu isə, öz növbəsində, Ermənistan dövlətinin üzərinə bu şəxlərin ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək və üstəlik, vurulmuş maddi və mənəvi ziyana görə onlara təzminat ödəmək kimi öhdəlik qoyur.

 

Zahid CƏFƏROV,
BDU-nun professoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü

Sosial həyat