“Türk ədəbiyyatı”nın özəl nömrəsi

post-img

Türk Ədəbiyyatı Vaqfının nəzdində buraxılan “Türk ədəbiyyatı” dərgisinin yeni sayı işıq üzü görüb. Azərbaycan ədəbiyyatına həsr edilən və “Şuşa özəl sayı” kimi oxuculara təqdim olunan dərgi Azərbaycan Yazıçılar Birliyi (AYB) və “Qobustan” jurnalı ilə birgə layihə əsasında hazırlanıb.  

Layihədə məqsəd Türk ədəbiyyatını qardaş ölkələrdə daha çox tanıtmaq və qarşılıqlı ədəbi mübadilələr etməkdir.  

Dərginin bu nömrəsində Qarabağın baş tacı olan Şuşa şəhərinin tarixi, memarlıq abidələri, ədəbi məclislərindən bəhs olunur. Professor Okan Yeşilotun “Türkiyə–Azərbaycan əlaqələrinin gələcəyi: Şuşa bəyənnaməsi”, AYB sədri Xalq yazıçısı Anarın “Qarabağ şikəstəsi” məqalələri xüsusi maraq doğurur. Dərgidə hər iki ölkənin digər qələm ustalarının Azərbaycan ədəbiyyatı, Qarabağ zəfəri və Şuşa mövzusunda yazıları da verilib. Faiq Ələkbərlinin Xan qızı Natəvan, Abdullah Gündoğdunun Əhməd Ağaoğlu, Dilqəm Əhmədin Azərbaycanın Türkiyədə ilk səfiri olmuş Yusif Vəzir Çəmənzəminli haqqında məqalələri bu qəbildəndir.  

Özəl saydakı yazıların böyük qismi Azərbaycanın zəngin musiqisinə həsr edilib. Vural Yıldırım “Şuşadan dünyaya yayılan melodiya” məqaləsində dahi bəstəkar Üzeyir Hacıbəylinin milli musiqimizdəki xüsusi rolundan, Aleyna Malkoç Rəşid Behbudovun bülbül kimi xoş avazından, Sevda Nalan Gül dahi sənətkar Qara Qarayevdən söz açır. 

Həmçinin Günel Anarqızının “Atama”, Pərvinin “Qəhrəman Şuşa”, İmdat Avşarın “Şuşaya zəfər yolundan dönmək” adlı esse və məqalələri dərgidə yer alıb. Molla Pənah Vaqif, Səməd Vurğun, Rəsul Rza, habelə Ramiz Qusarçaylı, Sabir Rüstəmxanlı və Rəşad Məcidin şeirləri oxucuya Azərbaycan poeziyasının möhtəşəmliyini bir daha xatırladır.

Qeyd edək ki, layihəyə əsasən, “Qobustan” jurnalının gələn il üçün ilk nömrəsi “Türkiyə Özəl sayı” olaraq işıq üzü görəcək.  

XQ

 

Mədəniyyət