Sözün Çıraqqala əzəməti

post-img

Şabran rayonunda Xaqaninin abidəsinin və Xaqani Poeziya Evinin olması ədəbi irsə qayğıkeş münasibətin təzahürüdür. Azərbaycanda poema janrının ilk müəllifi olan böyük şairin mənəvi varisləri bu gün rayonda ədəbi ənənələri layiqincə davam və inkişaf etdirirlər.   

Mütəfəkkir ədibin abidəsinin və onun adını daşıyan Poeziya Evinin fəaliyyəti fonunda söz sənətinin aşiqləri tez-tez bir araya gəlir, maraqlı görüşlər, təqdimatlar keçirirlər. 11 il əvvəl rayona rəhbərlik edən, həm də tanınmış qələm adamı olan Novruz Novruzov (Nəcəfoğlu) ədəbi mühitin daha da canlandırılması, bədii sözün təbliğinin gücləndirilməsi məqsədilə hər il burada “Xaqani poeziya günləri”nin keçirilməsi təşəbbüsünü irəli sürüb. Eyni zamanda, qədim Şabran şəhərinin adı özünə qaytarılıb. Araşdırmalar göstərir ki, İpək Yolunun üstündə yerləşmiş və Gilgilçay səddi ilə qorunmuş Şabranın tarixi 2500, hətta 3000 ili ötüb keçir. 

Bu diyarı ulu şairimizlə bağlayan tellər burada ədəbi ənənələrin yaranmasına vəsilə olub. Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etmək məcburiyyətində qalıb. Lakin gizlicə Şirvandan çıxmaq istəyərkən 1-ci Axsitanın əmri ilə həbs olunub və Şabran qalasına salınıb. Zindanda 7 ay saxlanılan şair məşhur “Həbsiyyə”şeirlərini də məhz burada qələmə alıb:

Oxşayır kündə ayağımda dəyirman daşına,

Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim...

Keçən illər ərzində Xaqani Poeziya Evi bir-birindən gözəl, bir-birindən maraqlı   tədbirlərə evsahibliyi edib. 2016-cı ildə Şabranda Azərbaycan Yazıçılar Birliyinin   bölməsi də yaradılıb. Üç rayonu – Xızı, Siyəzən və Şabranı əhatə edən bölməyə tanınmış yazıçı-publisist Aydın Tağıyev rəhbərlik edir. Xaqani Poeziya Evində keçirilən görüşlər, aparılan müzakirələr regionda ciddi bir ədəbiyyat ab-havasının yaranmasına səbəb olub. Xaqani Poeziya Evi 2018-ci ildə “İlin klubu” adına layiq görülüb. 

Hazırda Şabranın qələm sahibləri böyük enerji ilə yazıb-yaradır, ədəbiyyatımızı zənginləşdirən maraqlı bədii əsərlər meydana qoymağa səy göstərirlər. Buna nümunə kimi şair Ay Bəniz Əliyarın Vətən müharibəsinə həsr etdiyi “Xarıbülbül” adlı pyesini və “Zəfər yazanlar” adlı poemasını nümunə gətirmək olar. Pyes Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi “Zəfər yazanlar” ədəbi müsabiqəsində dram janrı üzrə 1-ci yerə layiq görülüb və kitab halında nəşr olunub. 

Tarix o vaxt var ki, salırsan yada,

O da unutmayır, səni yaşadır.

Şəhid oğulların məzarları da

Bu ana torpağın qan yaddaşıdır.

Xaqani Poeziya Evində AMEA-nın Xaqani irsinə həsr etdiyi möhtəşəm konfransla yanaşı bir neçə il ard-arda təşkil olunan Beynəlxalq Şairlər günü də həyata keçirilib. AMEA-nın prezidenti, filologiya elmləri doktoru İsa Həbibbəyli yazır: “Regionlarsız yalnız paytaxt ədəbi mühiti qurumaq təhlükəsi qarşısında qalan dəniz kimi olar. Şabran ədəbi mühiti də paytaxtətrafı mühit sırasından olan şeir-sənət mərkəzlərindən biridir. Şabranda yaranan ədəbiyyatla paytaxtda inkişaf edən ədəbiyyat arasında xüsusi bir janr, üslub fərqi yoxdur. Belə hallarda həmin regionda ciddi bir ədəbi mühit formalaşdırmaq çətinliklə baş verir. Lakin artıq neçə illərdir ki, Şabranda Xaqani şeir-sənət ocağı ardıcıl olaraq fəaliyyət göstərməklə davam edir. Azərbaycan Yazıçılar Birliyi Şabran Bölməsinin sədri Aydın Tağıyev ölkə miqyasında yeni hekayəçiliyin tanınmış yaradıcılarından biri kimi qəbul olunur. Tənqidçi Vaqif Yusifli onun hekayələrini “kiçik janrın milli kolorit naxışları” olan qiymətli örnəkləri kimi dəyərləndirir. Novruz Nəcəfoğlu Aydın Tağıyev haqqında “Nağıl adam” adlı bioqrafik roman yazıb çap etdirmişdir. Ay Bəniz Əliyarın harada yaşadığını bilməsək, şeirlərindəki zəngin obrazlar aləminə, düşüncəsində müasirliyə görə onu paytaxtın ən qaynar ədəbi mühitini təmsil edən şairlərdən biri hesab edə bilərik. Fikrimcə, o, müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən biridir və böyük ədəbiyyatın yaranması yollarında məsuliyyətlə xidmət edir.” 

Yeri gəlmişkən, Şabrana hər səfərimizdə Xaqani Poeziya Evinə gedir və qələm dostlarımızla görüşüb onların ədəbi söhbətlərini dinləyirik. Eşitdiyimiz fikirlər ədəbiyyata, sözə ciddi münasibətdən, tükənməz sevgidən soraq verir. Aydın Tağıyevin “İmtina”, “Əkizlərin nağılı”, “Xal” adlı son hekayələri “Ədəbi ovqat” dərgisində dərc edilib və maraqla qarşılanıb. Xalq yazıçısı Elçindən tutmuş Vaqif Yusifli, Paşa Qəlbinur, Rahid Ulusel kimi söz sərrafları da onun, həmçinin Ay Bəniz Əliyarın və digərlərinin yaradıcılığı haqqında ürək dolusu xoş sözlərini deyiblər. Qafar Süleyman, Nəcməddin Mürvətov, Sevinc Məmmədova, Bayram Novruz, Məzahir Zeynal, Zakir Bayramlı, Gülnar Zakirqızı, Günəş Hüseyn, Gülarə Şabranlı, Güləli Bağban, Müşfiq Qərib, Mehrəli Qulu, Əşrəf Dağlı, Qızqayıt Mahmudova, Nərminə Yunis, Əziz Girami, Tural Coşqun, Rəşad Məmmədov, Aynur Nurlu maraqlı şeirlər yazırlar. Vüsalə Anarın hekayələri ümidvericidir.   

Tanınmış yazıçı-publisist Novruz Nəcəfoğlu yazır: “Qədim Şabran torpağına qədəm, ayaq basanları, bu qədim yurd yerində ilk əvvəl uca zirvələrdən boylanan əsrlərin daş yaddaşı əzəmətli Çıraqqala salamlayır. İllər keçəcək, Şabranı bu yerlərin daş yaddaşı ilə yanaşı, həm də bir söz yaddaşı da yaşadacaq”.

 

Əli NƏCƏFXANLI
XQ

 



Mədəniyyət