Bədii ədəbiyyatın üzərinə düşən başlıca vəzifələrdən biri də böyüyən nəslin mənəvi aləmini zənginləşdirmək, sabahımızın sahiblərinə kiçik yaşlarından humanist ideyalar aşılamaqdır. Şair, filologoya elmləri doktoru Rafiq Yusifoğlu bu missiyanı çiyinlərində daşıyanlardandır. İnamla deyə bilərik ki, onun şeirləri müasir uşaq ədəbiyyatımızın qiymətli nümunələridir.
Uzun illərdən bəri “Göyərçin” jurnalının baş redaktoru olan görkəmli şair Rafiq Yusifoğlu uşaq psixologiyasına dərindən bələddir və dünyaya, hadisələrə uşaqların gözü ilə baxa və görüb duyduqlarını bu prizmadan ustalıqla qələmə ala bilir. Uşaq ədəbiyyatı dərsliyinin müəllifi olması, böyüyən nəsil üçün neçə-neçə kitab yazması – bədii söz-məna ocağını məharətlə “körükləməsi” şairin üstün keyfiyyətidir.
Otağa yaz gətirir,
Anamın danışığı.
Körpənin gül üzünə
Düşür layla işığı.
Professor Zahid Xəlil sinəsi folklor nümunələri ilə dolu olan istedadlı şairin yaradıcılığının xalq mənəviyyatından qaynaqlandığını qeyd edərək yazır: “Rafiq Yusifoğlunun bütün şeirləri, poemaları, mənzum nağılları folklor çeşməsindən su içib. Xalq yaradıcılığına böyük əhəmiyyət verən şairin şeirlərinin bir uğuru da elə burdan doğur”.
Sözün hər çalarında
Həyatın sehri vardır.
Söz babaların bizə
Qoyduğu yadigardır.
Söz ləpədir, dalğadır,
Dil ümmandır, dənizdir.
Dilimizin sözləri
Müqəddəsdir, əzizdir.
ADPU-nun Ağcabədi filialının dosenti Vaqif Allahverdiyev isə Rafiq Yusifoğlunun uşaq şeirlərinin hamısının yığcam, sadə və aydın olduğunu vurğulayır: “Dilimizə, tarixi keçmişimizə, milli adət-ənənələrimizə, uşaq oyunlarımıza, mövsüm və mərasim nəğmələrimizə qayğı ilə yanaşmaq, onları yaşatmaq şairin şeirlərinin başlıca mövzularıdır. Adi həyat həqiqətləri onun yaradıcılıq süzgəcindən keçərək poetik həqiqət səviyyəsinə yüksəlir. Bu şeirlərdə uşaq kövrəkliyi, çiçək təmizliyi var:
Adım Novruzgülüdü,
Elçisi mənəm yazın.
Qaranquş lələyilə
Siz mənə məktub yazın.
Rafiq Yusifoğlunun yaradıcılığında təbiət şeirləri xüsusi bir yer tutur. Vətən torpağının əsrarəngiz gözəlliklərini sevə-sevə qələmə alan şair öz balaca oxucularını təbiətin qoynuna, seyrə çağırır. Şair vətənimizin başı qarlı dağlarından, zümrüd meşələrindən, şəfalı bulaqlarından, bərəkətli çöllərindən məhəbbətlə söz açır. Poetik fikrin sadə dillə və uşaqların anlaya biləcəyi bir tərzdə ifadəsinə nail olan şair bədii təsvir vasitələrindən məharətlə istifadə etmişdir.
Şairə görə, insan həyatı gözəlləşdirmək üçün yaradılmış ən alı xilqətdir. Bu aliliyi qorumaq naminə insan daimi olaraq işıqlı ideyalarla tərbiyə olunmalıdır. Bu cəhətdən R.Yusifoğlu yaradıcılığında insan tərbiyəsi, xoş amallara çağırış başlıca yer tutur. Şairin qənaətincə, Yer kürəsi bütün insanların vətənidir, onu hamı qorumalıdır:
Öz qoynunda hamıya,
Yer verib yer kürəmiz.
Gülüstana dönər o,
Bir gül əksək hərəmiz.
Görkəmli uşaq şairinin “Herik şumu” , “Salba”, “Dəryaz”, “Cijim və catı”, “Örüş”, “Kirkirə”, “Ərsin, oxlov və saç”, “İlxı, naxır, sürü”, “Sapand”, “Qısır” və çox sayda digər şeirləri balacalara söz öyrətmək, adların mənalarını bədii dillə izah etmək baxımından gözəl nümunələrdir”.
Vətənpərvərlik mövzusu da Rafiq Yusifoğlunun yaradıcılığında xüsusi yer tutur. Adi bir misal:
Heç vaxt qoymarıq sola,
Biz azadlıq gülünü.
Göylərə sovurarıq,
Düşmənlərin külünü.
Ümumiyyətlə, şairin yaradıcılığı başdan-başa vətənpərvərlik, dürüstlük, sadəlik, təvəzökarlıq və sair kimi ideyalarla yoğrulmuş poetik bir aləmdir.
Əli NƏCƏFXANLI
XQ