Azərbaycan Milli Elmlər Akademiyasının (MEK) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Heydər Əliyev İli” çərçivəsində nəşr olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitabın təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev qeyd edib ki, AMEA-da bu il çərçivəsində silsilə tədbirlər keçirilir, MEK bu tədbirlərin bir qismində təşkilatçı və iştirakçı kimi çıxış edir. “MEK bu ilə öz töhfələrini verir. Ulu Öndərin zəngin siyasi irsini özündə əks etdirən biblioqrafik göstərici hazırlanaraq artıq çapa göndərilib, Elektron resurlar şöbəsinin “Heydər Əliyev – 100 məqalə” layihəsi artıq Vikipediyada yerləşdirilib. MEK-in təşkilatçılığı ilə respublika konfransı baş tutub. Cari ayda isə birinci beynəlxalq elmi konfrans keçiriləcək. Sevindirici haldır ki, bu gün də Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın növbəti layihəsinin təqdimatı da MEK-də keçirilir”, - deyə baş direktor diqqətə çatdırıb.
“Məhz Ulu Öndərin hakimiyyətinin ikinci dövründə baş verənlərə münasibəti görərək bugünki Zəfər günümüzə gəlib çatmışıq. 1993-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda reallaşdırılan köklü dəyişikliklərin, cərəyan edən hadisə və proseslərin, həyata keçirilən xarici siyasət kursunun intensivliyi ingilisdilli xarici mətbuatda Azərbaycan haqqında çap edilmiş materialların sayının kifayət qədər çox olmasını şərtləndirmişdir. Bütün materialları bir kitabda əhatə etməyin qeyri-mümkünlüyü şübhə doğurmur. Eyni zamanda. inanırıq ki, ilk təşəbbüs olan bu layihə müəyyən mərhələlərlə sonra da davam etdiriləcək, yeni-yeni materiallar üzə çıxarılacaq və oxuculara təqdim ediləcəkdir. Oxucu kitabla tanış olduqca Heydər Əliyevin Prezidentliyi dövründə xarici mətbuatda Azərbaycan haqqında işıqlandırılan yazıların məzmununun müsbətə doğru necə dəyişdiyinin şahidi olacaq, Respublikanın inkişafının həqiqi əks sədasını duyacaq”,- deyə kitabın ideya müəllifi akademik Kamal Abdulla təqdimatda çıxış edərkən bildirib. Alim bu ağır və məsuliyyətli işin yerinə yetirilməsində, kitabın ərsəyə gəlməsində iştirak edənlərə təşəkkürünü bildirib.
Təqdimat zamanı AMEA-nın vitse prezidenti, akademik Dilqəm Tağıyev bu gözəl təşəbbüsü müsbət dəyərləndirib. Qeyd edib ki, bu cür mənbələri araşdırmaq və toplu şəkildə təqdim etmək çox vacib, aktual məsələdir.
Millət vəkilləri Arzu Nağıyev, Vüqar İskəndərov, Anar İsgəndərov, Sevinc Fətəliyeva çıxışlarında kitabı Ümummilli Liderin 100 illiyinə ən böyük töhfələrdən biri kimi qiymətləndirib, həmin dövrün araşdırılmasının, geniş işıqlandırılmasının vacibliyinə toxunublar. Kamal Abdullanın kitablarının hər birinin oxucu tərəfindən sevildiyini və bu cür layihələrin davamlı olmasını arzulayıblar.
“Mən sevinirəm ki, Azərbaycanın Kamal Abdulla kimi yazarı, alimi var”- bu fikirləri akademik Vaqif Abbasov səsləndirib, həmçinin kitab haqqında təəssüratlarını bölüşüb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbirdə çıxışı zamanı kitabın ideyasının orijinallığına toxunub. Qeyd olunub ki, nəşrin Zəfərimizdən sonra işıq üzü görməsi diqqətəlayiq olmaqla yanaşı, həm də qalib xalqın nümayəndəsi kimi həmin dövrə başqa gözlə baxmağa imkan yaradır.
Professor Solmaz Rüstəmova-Tohidi kitabın hazırlanma prosesində yaxından iştirak etdiyini və çox böyük bir zəhmətlə ərsəyə gəldiyini vurğulayıb. Alim kitabı siyasətçilər, tarixçilər, regionşünaslar, diplomatlar, mütəxəssislər üçün son dərəcə faydalı vəsait kimi qiymətləndirib. Çıxışçı sözügedən kitabı bilavasitə Azərbaycan Respublikasının dövlət quruculuğu başlayan müddətdən xaricin ölkəmizə olan marağının güzgüsü adlandırıb.
Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə kitabın olduqca axıcı dillə oxuculara təqdim edildiyini vurğulayıb.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı ADU-nun Elmi Şurasının qərarı ilə çap olunub.
Məqalələr toplusu olan yeni nəşrdə toplusu 1993-2003-cü illərdə müxtəlif ölkələrdə olan ingilisdilli mətbuatda Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb.
Dövrün tələbinə uyğun olaraq məqalələr əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları ahatə edir.
Bəzi məqalələrdə bəhs edilən hadisə və proseslərlə əlaqəli yol verilən qeyri-dəqiqliklər, təhriflər və s. barədə kitabın "Qeydlər" bölməsində şərhlər verilib. Kitab tədqiqatçılar, siyasətçilər, Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti və respublikanın beynəlxalq əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulub.
Layihənin ideya müəllifi və rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır.
Layihənin icraçı-koordinatorları ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin elmi işçisi Suğra Ələkbərlidir.
Kitabın tərtibçiləri Şəhla Xudiyeva, Nərgiz Seyidova, Aysu Hüseynli, Pərvanə Cəfərova, Röya Əzizova, İradə Bəylərova, Gülnar Nağıyeva, İlahə Tağızadə, Eleonora Babayeva, Sabir Əliyev, Təvəkkül Zeynallıdır.
Layihənin məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovdur.
Rəyçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Bakı Dövlət Universitetinin Slavyan tarixi kafedrasının müdiri Abutalıb Cəlilovdur.