Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ölkəmizin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Fərqanə vilayətinin Kokand şəhərindəkı Beynəlxalq Sənətkarlıq Muzeyində milli stendimizin yaradılmasına start verib.
Stenddə qədim tariximiz, zəngin mədəniyyətimiz, sənətkarlarımızın əl işləri, digər eksponatların nümayişi nəzərdə tutulub.
Xatırladırıq ki, bu haqda razılıq sentyabr ayında muzeyin rəhbərliyi ilə danışıqlarda əldə olunub.
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən stenddə nümayiş etdirilmək üçün Azərbaycan xalçası, xalqımıza məxsus ən qədim tikmə növü olan təkəlduz, ipəkdən hazırlanmış qadın baş geyimi – kəlağayılar, ağac üzərində oyma ilə hazırlanan, İçərişəhərin və Şuşa qalasının görüntülərini əks etdirən tablolar, Azərbaycan bayrağının əks olunduğu xəritə, milli musiqi alətlərimizin maketləri, milli geyimdə kuklalar, milli naxışlarla bəzədilən armudu stəkanlar, xüsusi dizayn ilə misdən hazırlanmış qədim çırağın maketi hədiyyə olunub.
Bundan başqa, Azərbaycan milli rəqsləri, xalq oyunu olan pəhləvanlıq sənəti, Molla Nəsrəddin haqqında bilgilər, xalça toxuyan Azərbaycan qadınları, muğam ifa edən üçlüyü əks etdirən ağac və plastikdən hazırlanan maketlər də əvəzsiz olaraq muzeyə verilib.
Yaxın zamanlarda muzeydə Azərbaycan stendinin açılışı nəzərdə tutulub.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Kokand