Qazax Dövlət Dram Teatrı Bakıda

post-img

Sentyabrın 25-ində ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Teatr Xadimləri İttifaqı səhnəsində Əməkdar incəsənət xadimi, yazıçı Ağalar İdrisoğlunun “İnan mənə” pyesi əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası keçirildi. 

Sovet hökumətinin dağıldığı, ölkədə hərc-mərcliyin baş alıb getdiyi bir vaxtda yazılan əsər həmin dövrün konfliktlərini özündə əks etdirir. Hadisələr haqsızlıqlara dözməyib köməksiz insanlara dəstək olan, rüşvətxor və cinayətkarlarla mübarizə aparan jurnalist Elçin Poladlının ətrafında baş verir. O, həmişə haqlının tərəfində durur, ədalətin bərpa olunması naminə var gücü ilə çalışır. Səhnə əsərində jurnalist Elçin Poladlıdan başqa xəstə övladını bu pisliklərin qurbanına çevirmək istəməyən ata obrazının şahidi oluruq. Oğlu Emin ağır xəstədir və uzun müddətdir ki, xəstəxanada yatır. Təcili əməliyyat olunmalıdır, lakin ailənin buna maddi imkanı yoxdur. Baş həkim Professor Əmirov Elçinin qarşısına şərt qoyur ki, həkimlərin əleyhinə yazdığı məqaləni hər yerdən sildirsin. Əvəzində övladını pulsuz əməliyyat edəcəyini deyir. Lakin o, bununla heç cür razılaşmır. Oğlunu xəstəxanadan çıxartmaq qərarına gəlsə də həyat yoldaşı Aysel buna mane olur. Bütün bu haqsızlıqlara dözməyib dəli olmaq həddinə çatan Elçin yenə də sona qədər mübarizə aparır. 

Tamaşanın sonunda Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi göstərilir. Millətimizi həkimlərin, məmurların rüşvətxorluq bəlasından xilas edən bu nurlu insanın səsləndirdiyi sözlər, müdrik kəlamlar və ən əsası ölkəni bu çirkabdan qurtarması Azərbaycan xalqını bir daha işıqlı gələcəyə ümidləndirir, onları haqsızlıqlara boyun əyməmək üçün mübarizəyə səsləyir. 

Sonra, Əməkdar artist Xəzər Gəncəli “İnan mənə” tamaşasına verdiyi uğurlu quruluşa görə, Ağalar İdrisoğlu ölkə teatrları ilə uğurlu əməkdaşlığa görə, teatrın aktyoru Aydın Orucov isə 60 illik yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olundular.

Əsər ilk dəfə Qazax Dövlət Dram Teatrında tamaşaya qoyulub. Tamaşanın premyerası bu il iyunun 12-də baş tutub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının Azərbaycan Peşəkar Milli Teatrının yaranmasının 150 illik yubileyinə həsr etdikləri “Qonaq teatrlar və yubileyləri olan teatrlar” layihəsinin altıncı qonağı olan Qazax Dövlət Dram Teatrı bu il 85 yaşını qeyd edir. Bu illər ərzində 70-dən artıq əsərə quruluş verən teatr respublikada keçirilən digər festivallarda da uğurla təmsil olunub. Klassik və müasir Azərbaycan dramaturgiyası teatrın repertuarının əsasını təşkil edir.  

Teatrın aparıcı aktyoru, tamaşanın baş rol ifaçısı Yusif Qoca XQ-ya tamaşa ilə bağlı təəsuratlarını danışdı:  “Aktyor peşəsindən əlavə “təxminən” on ildən çoxdur ki, jurnalist kimi fəaliyyət göstərmişəm. Bu tamaşada da müxbir Elçin Poladlı rolunda iştirak edirəm. Özüm də dəfələrlə bu sahədə haqsızlıqlarla üzləşdiyimə görə onun keçirdiyi iztirabları çox gözəl anlayıram. Bu rolu oynamaq nə qədər çətin olsa da sonda tamaşaçıların alqışları mənə ruh yüksəkliyi bəxş etdi. Təəsuratım çox yaxşıdır. Ümid edirəm ki, bu tamaşa ilə tamaşaçıların qəlbinə yol tapa bildik”. 

 Fidan HÜQUQQIZI,

  XQ

 









Mədəniyyət