“Məktəb illəri” “Çinar” kitab evində

post-img

24 sentyabr saat 12:00-da “Çinar” kitab evində Aqil Yaşaroğlunun "Məktəb illəri" kitabının imza günü keçiriləcək.

Povestdə hər hadisə ayrı-ayrı hekayələr şəklində təqdim olunur. Bu hekayələrdə fərqli süjet xətləri olsa da, onları bir-birinə bağlayan vahid ideya var: dürüstlük, səmimiyyət və milli əxlaqi dəyərlərin aşılanması. 

Kitabda uşaqların üzləşdiyi çətinliklər, müəllim və valideynlərin hər an onlara dəstək olması ön plandadır. Əsərdə həmçinin Ana yurda məhəbbət, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə hörmət anlayışı hekayələr şəklində oxuculara çatdırılmışdır.

Qeyd edək ki, erkən yaşlarından ədəbi yaradıcılığa başlayan müəllifin ilk qələm təcrübəsi olan “İntizar” hekayəsi 2012-ci ildə “Aşkarlıq” qəzetində çap olunmuşdur. Daha sonra yazdığı hekayələr “Kredo”, “Vətəndaş həmrəyliyi”, “Kaspi”, “Poliqlot”, “Ədəbiyyat” qəzetlərində və “Məşəl” “Xəzan” jurnalında dərc edilmişdir.

Aqil Yaşaroğlu özünəməxsus bədii yazıları ilə diqqət çəkən gənc yazarlardandır. O, oxuculara yaxşı tanış olan “Sevgi ürək istər”, “Tənha qadın”, “Yarımçıq qalmış arzular”, “Mənim babam”, kitablarının müəllifidir.

Fidan SALMANOVA,

“XQ”

Mədəniyyət