“Dünyada biz”. Ədəbiyyatımızı tanıyaq və tanıdaq

post-img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ədəbiyyatımızın, mədəni irsimizin dünyada tanıdılması təşəbbüsləri çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin məsləhətçisi, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyi və  “Zərif” Ədəbi Qadınlar Birliyinin rəhbəri Xatirə Fərəclinin rus dilinə tərcümə olunmuş “Qış ağacları” adlı şeirlər toplusundan ibarət kitab-almanax nəşr olunub.

“Dünyada biz” layihəsi  əsasında ərsəyə gəlmiş bu kitab-almanaxın rus dilinə tərcümə olunmasında tərcüməçilər Giya Paçxataşvili, Fəxrəddin Qəribsəs,  Serqey Televnoy və Vaqif  Rəsulun rolu danılmazdır. Kitabın rəssamı Sehran Allahverdi,  korrektoru Şəbnəm Hüseynovadır.  

Avqustun 23-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda istedadlı şair, qayğıkeş ana, Vətəninin hər daşını, çiçəyini ürəkdən sevən və səmimi duyğuların insanı olan Xatirə Fərəclinin “Dünyada biz” layihəsi çərçivəsində rus dilində nəşr olunmuş “Зимние деревья” (“Qış ağacları”) kitabının təqdimatı keçirildi.      

“Dünyada biz” layihəsinə əsasən ədəbiyyat tarixində mənalı və  təsirli şeirləri ilə iz qoyan,  sevimli şair kimi imzası ilə möhürünü vuran  Xatirə Fərəclinin rus dilinə tərcümə olunmuş şeirlər toplusundan ibarət “Qış ağacları” adlı kitab-almanaxın təqdimat mərasimi şair haqqında rəngarəng çıxışlarla yadda qaldı. Məktəblilər   Hacıyeva Nəzrin və Əsgərov Nurlan rus dilində Xatirə Fərəclinin şeirlərini səsləndirdilər. 

Haqqında söylənilən dəyərli fikirlərə münasibətini bildirən layihənin rəhbəri, şair Xatirə Fərəcli vaxt ayırıb tədbirdə iştirak edənlərin hər birinə, həmçinin layihənin gerçəkləşməsində və icra olunmasında qələm sahiblərinə lazımi şəraiti yaradan, yaxından dəstək olan dövlət başçısına, ziyalılara dərin minnətdarlığını bildirdi. 

Şair, həmçinin bildirdi ki, Almaniyada qürbətdə olan Türkmən Yazarlar Birliyinin maliyyə dəstəyi və “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə çağdaş Azərbaycan ədəbiyyatının nümayəndələrinin şeirlərindən ibarət almanax tərtib olunacaq. 

Qeyd edək ki, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ədəbiyyatımızın, mədəni irsimizin dünyada tanıdılması təşəbbüsləri çərçivəsində “Dünyada biz” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi Azərbaycanımızı, onun ədəbi və mədəni irsini dünyaya daha da tanıtmaqdır.

Fidan HÜQUQQIZI,

Ceyran Cəfərli,

“Xalq qəzeti”

 





Mədəniyyət