Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu ölkəni regional çərçivədən çıxararaq daha geniş geosiyasi məkanda söz sahibinə çevirib. Münxen Təhlükəsizlik Konfransında iştirak beynəlxalq sistemdə formalaşan yeni güc balansında Azərbaycanın yerinin nümayişi idi. Prezident İlham Əliyevin tədbirdə iştirakı postmünaqişə mərhələsində ölkənin əldə etdiyi siyasi və hərbi nəticələrin beynəlxalq platformada təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Sirr deyil ki, Azərbaycan artıq Cənubi Qafqazda təşəbbüskar tərəf kimi çıxış edir və regional gündəliyin formalaşmasında aktiv rol oynayır. Müharibədən sonra yaranmış reallıqlar fonunda Bakı beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. Münxendə verilən mesajlar göstərdi ki, ölkəmiz regionda uzunmüddətli sabitliyin təmin olunmasını prioritet hesab edir və bunu kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və qarşılıqlı asılılığın artırılması yolu ilə mümkün sayır. Bu yanaşma klassik təhlükəsizlik modelindən fərqli olaraq iqtisadi inteqrasiya üzərindən dayanıqlı sülhün qurulmasını nəzərdə tutur. Avropanın enerji təhlükəsizliyi məsələsinin kəskinləşdiyi bir dövrdə Azərbaycanın rolu strateji xarakter alıb. Ölkə enerji resurslarının etibarlı təchizatçısı kimi çıxış etməklə yanaşı, enerji siyasətini geosiyasi əməkdaşlıq alətinə çevirib. Münxen çərçivəsində aparılan müzakirələr və rəsmi görüşlər göstərdi ki, enerji amili həm də siyasi etimadın formalaşmasına xidmət edən faktordur. Azərbaycanın sabit və proqnozlaşdırılan tərəfdaş kimi mövqeyi Avropa ilə münasibətlərin dərinləşməsinə əlavə impuls verir. Xüsusilə, dövlət başçısının Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşü diqqət çəkdi. Görüş zamanı Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğu vurğulandı və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə xüsusi diqqət yetirildi.
“Açıq dəhliz siyasəti” və Trans-Xəzər əməkdaşlığı məsələləri isə ölkənin artan nəqliyyat-logistika potensialını ön plana çıxardı. Qlobal təchizat zəncirlərinin müxtəlif risklərlə üzləşdiyi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha aydın görünür. Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirərək Şərqlə Qərb arasında alternativ və təhlükəsiz marşrut təqdim edir. Bu isə ölkənin qlobal iqtisadi təhlükəsizlik sistemində də mühüm halqaya çevrildiyini göstərir.
Almaniyada keçirilən rəsmi görüşlər Azərbaycanın çoxtərəfli diplomatiya kursunun davamlı xarakter daşıdığını nümayiş etdirdi. Balanslaşdırılmış və praqmatik siyasət nəticəsində Bakı müxtəlif güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı maraqlar üzərində qurmağa nail olub. Münxen platformasında səsləndirilən bəyanatlar Azərbaycanın əməkdaşlıq və dialoq tərəfdarı olduğunu bir daha təsdiqlədi.
Beləliklə, konfrans çərçivəsində iştirak və aparılan yüksək səviyyəli təmaslar Azərbaycanın beynəlxalq sistemdə artan çəkisinin göstəricisi kimi yadda qaldı. Ölkəmiz artıq təkcə enerji ixrac edən dövlət kimi qəbul olunmur, regional sabitlik, tranzit təhlükəsizliyi və strateji əməkdaşlıq sahələrində gündəm formalaşdıran aktor kimi çıxış edir. Münxendə verilən mesajlar Azərbaycanın uzunmüddətli hədəfinin, sabitlik, açıq əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan inteqrasiya modelinin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini təsdiq etdi.
Münxendə verilən mesajların davamı kimi Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycanın Avropa istiqamətində enerji diplomatiyasını daha da gücləndirdiyini göstərdi. Balkan regionu hazırda enerji təhlükəsizliyi baxımından həssas məkandır və Azərbaycan bu boşluğu etibarlı təchizatçı kimi doldurur. Serbiya ilə əməkdaşlıq Cənub Qaz Dəhlizi xətti üzrə ixrac coğrafiyasının genişlənməsi və alternativ marşrutların möhkəmləndirilməsi deməkdir. Bu proses Avropada enerji mənbələrinin şaxələndirilməsinə real töhfə verir və Xəzər qazını Cənub-Şərqi Avropanın enerji balansının əsas elementlərindən birinə çevirir.
Beləliklə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan beynəlxalq müstəvidə təhlükəsizliyi təşviq edən, sabitlik və əməkdaşlıq gündəliyini irəli sürən ölkə kimi çıxış edir və Avropanın enerji xəritəsinin yenidən formalaşmasında strateji rol oynayır. Ölkə başçısının Almaniya və Serbiyaya səfərləri zamanı aparılan müzakirələr və əldə olunan razılaşmalar bu reallığı aydın şəkildə göstərdi.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti

