Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Haçadağın zirvəsinə növbəti ekstremal yürüş təşkil olunub. Yürüşə 27-si Türkiyədən, digərləri Naxçıvandan və ölkəmizin digər bölgələrindən olmaqla, ümumilikdə 60 ekstrimsevər qatılıb. İştirakçılar arasında peşəkar alpinistlər, təşkilatçı qurumların təmsilçiləri və könüllü gənclər olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yürüşdən öncə Xocalı soyqırımının qurbanları və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, İğdır Gənclik və İdman İl müdiri Recai Şahin və Türkiyə Dağçılıq Federasiyasının İğdır təmsilçisi Murad Akay tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, bu cür ekstremal idman fəaliyyətlərinin təşkili təbiətə olan sevginin təzahürü, sağlam həyat tərzinə təşviq, ümumilikdə alpinizmin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, yürüş Xocalı soyqırımı qurbanlarının xatirəsinə olan dərin ehtiramın, o cümlədən iki qardaş ölkənin birlik və bərabərliyinin təcəssümüdür.
İlk dırmanışını həyata keçirlənlər üçün təhlükəsizlik qaydaları barədə məlumat verildikdən sonra qruplara bölünən iştirakçılar zirvəyə doğru hərəkət ediblər. Hündürlüyü 2415 metr olan Haçadağın zirvəsində iştirakçıların xatirə şəkilləri çəkilib.
Sonda yürüş iştirakçılarına Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, Türkiyəli alpinistlərin Haçadağa budəfəki zirvə yürüşü sayca onuncudur. Mərasim Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin dəstəyi ilə həyata keçirilib.
Qabil YUSİFOĞLU
XQ

