Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Namiq Dəlidağlının “Namiq Dəlidağlı - Sözdə görünən adam” adlı yeni kitabı işıq üzü görüb.
“Zərdabi nəşr”də nəfis tərtibatla çap olunmuş kitabda müəllifin yaradıcılığına həsr edilən ədəbi-tənqidi məqalələr, təhlil yazıları, doğmalarının, dostlarının onun haqqında fikirləri, eləcə də şairlə aparılan müsahibələr və ona ithaf olunan şeirlərin bir qismi yer alıb. Beş bölmədən ibarət kitabın “Fikirlərin ünvanı” adlı 1-ci bölməsində şairin yaradıcılığını təhlil edən ədəbi-tənqidi yazılar toplanıb. “Görün, dostlar nə deyir...” adlı 2-ci bölmədə müəllifin haqqında oçerkvari düşüncələr təqdim olunub.
“Sual verdilər ki...” adlı 3-cü bölmədə müxtəlif dövrlərdə Namiq Dəlidağlı ilə ədəbi mövzuda aparılan müsahibələr yer alıb. “Misralarda göründüm” adlı 4-cü bölmədə ona ithaf edilən poetik nümunələr toplanıb. "Şəkillərdə qalan vaxt" adlı son bölmədə isə şairin həyatının müxtəlif məqamlarını əks etdirən fotolar verilib.
Müəllifin 55 illik yubileyi münasibətilə hazırlanıb və onun yaradıcılığına maraq göstərən oxucular üçün bir mənbə olan nəşrin redaktoru AYB və AJB üzvü, şair Sevinc Qəribdir.
Qeyd edək ki, Namiq Dəlidağlının indiyədək “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər”, “Sevgi sukunəti” (Özbəkistan), “Men ubakıttan utuldum” (Qırğız Respublikası) adlı şeir kitabları oxuculara təqdim olunub. N.Dəlidağlı həmçinin Vətən müharibəsi şəhidi Sahib Musayevə həsr edilən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik kitabının müəllifi və 4 publisistik toplunun həmmüəllifidir.
Şair ABŞ, Türkiyə, Pakistan, Cənubi Koreya və digər ölkələrdə şeir və məqalələri ilə ardıcıl olaraq çıxış edir. Prezident mükafatına, “Qızıl qələm” və digər ədəbi-media mükafatlarına, o cümlədən Qazaxıstanın “Əhməd Yasəvi” mükafatına, eləcə də “Çingiz Aytmatov – qızıl qələm” medalına layiq görülüb.
Ə.NƏCƏFXANLI
XQ

