Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzi və Evrika Liseyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk Dünyası” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbir Evrika Liseyində təşkil olunmuş, elm, təhsil və ədəbiyyat ictimaiyyətinin nümayəndələrini bir araya gətirmişdir.
Tədbirin əsas məqsədi ümummilli lider Heydər Əliyevin Türk dünyasının birliyi, ortaq milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətləri ictimaiyyətə, xüsusilə gənc nəslə daha dolğun şəkildə çatdırmaq olmuşdur.
Tədbiri giriş sözü ilə açan Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Heydər Əliyevin 1993-cü ildə ölkənin ən ağır və taleyüklü dövründə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanma və dövlətçilik böhranından xilas etdiyini vurğulamışdır. O, Naxçıvandan başlanan milli mübarizə xəttinin ümummilli miqyas aldığını, Türkiyə–Azərbaycan münasibətlərinin isə Türk dünyası birliyinin strateji dayaqlarından birinə çevrildiyini qeyd etmişdir. Bildirilmişdir ki, bu siyasi irs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Evrika Liseyinin təsisçisi Xudu Rzayev və direktor Ofeliya Muradova gənclərin vətənpərvər ruhda formalaşmasında bu cür tədbirlərin əhəmiyyətindən danışmışlar. ADU-nun professoru Adil Babayev Heydər Əliyevin dil siyasətini elmi aspektdən təhlil etmiş, şair Rüstəm Behrudi isə Türk dünyasının ortaq ruhu və istiqlal ideyasının bədii-fəlsəfi mahiyyətinə toxunmuşdur.
Tədbir çərçivəsində fikir mübadiləsi aparılmış, suallar cavablandırılmış və “Heydər Əliyev və Türk Dünyası” mövzusu milli birlik ideyasının gənc nəslə aşılanması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilmişdir.
XQ



