Gənc boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 60 komandanın 276 boksçusu qüvvəsini sınayıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 7 gün davam edən çempionatda oğlanlarda 10, qızlarda 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil olunan final döyüşlərində qalib gələn Əli Əliyev, Nihat Qasımov, Əli Baxışov, Şahin Aslanov, Rza Rzayev, Renat Qiyaslı, İsmayıl Vəliyev, Heydər Əzməmmədov, Zaur Səmədov və Səfdər Məmmədzadə çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 33 xalla birinci yerdə başa vurub. İkinci pilləyə 31 xalla Gəncə komandası yiyələnib, “üçlüy”ü 29 xalla “Qızıl əlcək” İdman Klubu qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Nihat Qasımov, ən yaxşı hakim adına isə Ramiz Yaqnəliyev layiq görülüb.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, U-19 Azərbaycan çempionatında daha öncə başa çatan qızların mübarizəsində Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (51 kq), Zəhra Məmmədova (54 kq), Aynur İsmayılova (60 kq) və Dəniz Babayeva (70 kq) U-19 Azərbaycan çempionatının qızıl medalını qazanıblar.
Qabil YUSİFOĞLU
XQ

