Azərbaycanlı musiqiçinin Badendorf zəfəri

post-img

Dirijor Əyyub Quliyevin ifası beynəlxalq auditoriyanı heyran qoyub

Bugünlərdə Almaniyanın mədəniyyət mərkəzlərindən sayılan Badendorf şəhərində İmmlinq Beynəlxalq Opera Festivalının rəsmi və təntənəli bağlanış mərasimində Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev Bavariya orkestrini parlaq idarəsi ilə avropalı tamaşaçıları bir daha heyran qoyub.

10 iyunda Rixard Ştrausun “Salo­meya” operası ilə başlayan festival­da 2 ay ərzində C. Verdinin “Nabuk­ko” , A. Piazzolanın “Mariya Buenos Ayres” operaları və Q. Malerin 2-ci simfoniyası kimi bir sıra əsərlərin yeni quruluşda təqdimatı sənət ha­disəsinə çevrilib. 

Təntənəli bağlanış mərasimin­də isə son illərin ənənəsinə uyğun olaraq, Bavariya Festival Orkestri 3 müxtəlif ölkənin tanınmış dirijorunun –festivalın bədii rəhbəri Korneliya fon Kersenbrokun (Almaniya/Avstriya), dünyada sürətlə məşhurlaşan gənc maestro Əyyub Quliyevin (Azərbay­can) və professor Mixail Edişaraş­vilinin (Gürcüstan) rəhbərliyi altında orkest şedevr operalardan üvertura, ariya, duet, ansambl və digər mu­siqi parçalarını tamaşaçılara təqdim ediblər. 

Minə yaxın sənətsevərin cəm olduğu salonda yer çatışmazlığı və pərəstişkarların inadlı marağı­nı nəzərə alaraq giriş qapısı açılıb, küçədə əlavə oturacaqlar qoyulub, çox sayda insan isə ifaları ayaqüstdə izləyib. 4 saata yaxın davam edən konsertdə Almaniya, Meksika, Çili, Uels, Avstriya, Kosovo, Qazaxıstan, Ukrayna, Koreya və Gürcüstandan dəvət olunmuş istedadlı müğənnilər məharətlə çıxış ediblər.

Gecənin sonunda dirijor Əyyub Quliyevin rəhbərliyi ilə ifa edilən dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentləri musiqisevərlər davamlı coşğu ilə qarşılayıblar. Soydaşımı­zın şöhrətli alman orkestrini xüsusi bir məharət və şövqlə idarə etməsi onun şöhrət bioqrafiyasında yeni sənət zəfəri səhifəsi olub.

Xatırladaq ki, Badendorf festiva­lının ənənəsinə uyğun olaraq, son konsert Azərbaycan bəstəkarının əsəri ilə tamamlanır. Bavariya Festi­val Orkestrinin 2021-ci ildə Maestro Niyazinin “Qaytağı” simfonik rəqsini, ötən il isə dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üverturasını dirijor Əyyub Quliyev idarəsi ilə möh­təşəm ifa ilə təqdim etməsi konsertin unudulmaz finalı olub. 

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

Mədəniyyət