İlisu sultanlarının məzar daşları

post-img

Bu canlı tarix qorunmalı və öyrənilməlidir

İlisuda qaldığımız ev Tovla-tala məhəlləsində yerləşirdi. Məhəllə­nin bu adı marağıma səbəb oldu. Talanın mənası aydındır – meşədə ağacsız açıq sahə. Bəs tovla? Mə­lum oldu ki, keçmişdə bu ərazidə İlisu sultanlarının tövlələri olub. İlisu şivəsində tövlə tovla kimi səslənir. Deməli, Tovla-tala İlisu sultanlarının tövlələrinin olduğu tala deməkdir. 

O vaxtdan çox illər keçib, indi həmin yerdə evlər və köhnə qəbiristanlıq var. Bu qəbiristanlığı məhlə ilə hasar ayırırdı. Evin həyətindən görünən qeyri-adi tikililər diqqətimi çəkmişdi. Mənim üçün qeyri-adi idi, çünki başqa bir yerdə bu cür abidələrə rast gəlməmişdim. Hasardakı taxta qapı mismarlandığından küçəyə çıxıb, təqri­bən, 50 metr getdikdən sonra qəbiristanlı­ğa daxil olub tikiliyə doğru getməli oldum. Rastıma çıxan bir ağsaqqal bildirdi ki, bu tikililər İlisu sultanlarının, onların qohumla­rı və bəylərin qəbirüstü abidələridir. 

Burada başdaşları xüsusi formada inşa edilmiş qəbirüstü tikilinin içərisində idi. Yağış və qar sularından qorunmaq üçün yazılı başdaşları dərin taxçalarda yerləşirdi. Onlar yüksək bədii dəyəri ilə seçilir. Qəbirlərdən biri II Əli Sultana aid idi. Yazılı məzardaşında həndəsi naxış­lı, epiqrafik məzmunlu ərəbcə süls xətti ilə yazılmış mətn var. Bəxtimdən Əliqis­mət adlı ağsaqqal tarixçi idi və ərəbcə oxumağı bacarırdı. O bildirdi ki, atası molla olub, ərəb dilini ondan öyrənib. Qoca diqqətimizi çəkən qəbirlərdən bi­rinə yaxınlaşıb üstündəki mətni oxuyub tərcümə etdi:

– Rəhimli və mərhəmətli Allahın adıy­la. Həmd olsun Allaha. İki dünyanın ha­kiminə. Böyük imamın Şəki və Saxurda bayrağını qaldıran, vilayət valisi, ədalətli sultan, nəcib, kəramət sahibi. Kasıb və bədbəxtlərə sədəqə verən, kafirlərlə dö­yüşdə şəhid olan Əli paşa Ədi Qurqulu oğlu, Məhəmməd xan oğlu, Əli bəy oğlu bu dünyadan köçüb. Hicri: Min yüz qırx beşinci il. 

Məhəmməd seçilmişdir. Allahın ona salam və salavatı olsun.

Sonra. Zaman-zaman qəbirlərdə əc­dadların yüksək ruhu ilə ünsiyyət quran hakimlər haradadır?

Ölüm – kasadır və bütün insanlar on­dan içir. Qəbir - qapıdır və bütün insanlar ora köçür (ona daxil olur). 

1145–1732/33

* * *

Bu mətndən bəzi suallar çıxır. Niyə başdaşına Əli paşa yazılıb. Özü də Şəki və Saxur valisi (hakimi)? Bu suallara ca­vab tapmağa çalışdım.

Qeyd edim ki, İlisu sultanlarının ha­kimiyyətinin tanınması ilə bağlı fərmanlar var. Bu sənədlər Səfəvi şahlarına və Os­manlı sultanlarına aid fərmanlardır. Sayı 35-dək olan fərmanların, demək olar, ha­mısı mühafizə olunaraq Daniyal sultan tərəfindən ruslara təqdim edilmişdi. O sənədlərdə İlisu sultanların hakimiyyəti təsdiq olunurdu, onları gürcü feodalları­nın təsiri altına düşməkdən qoruyurdu. Məsələn, 1562-ci ildə I Şah Təhmasibin verdiyi fərmanla Saxur hakimi Qurqulu bəyin ərazi üzərində hakimiyyəti təsdiq olunurdu. Fərmana görə heç bir gürcü çarı onun hakimiyyəti altında olan əra­ziyə iddia ilə çıxış edə bilməzdi. 

Sonrakı dövrlərdə də oxşar fərmanlar verilib. Burada söhbət gedən II Əli Sul­tana isə 6 fərman verilib – 1695, 1701, 1710-cu illərdə Səfəvi şahı, 1722, 1729, 1731-ci illərdə isə Osmanlı sultanı tərə­findən. 

Fərmanların fərqli hökmdarlar tərəfin­dən müxtəlif vaxtlarda verilməsinin də sə­bəbi var. 1711-ci ilədək İlisu sultanlarının Səfəvi dövləti ilə münasibətləri normal olub. Sonradan vəziyyət dəyişib. XVIII əsrin əvvəllərində Azad Camaatlıqların və İlisu sultanlığının azadlığı böyük təh­lükədə olub. Səfəvi şahları ərazini özün­dən asılı vəziyyətə salmaq istəyib. Digər tərəfdən bu ərazilərə gürcü basqınları­nın ardı-arası kəsilməyib. Belə bir anda Car-Balakən, Muxax, Tala, Çardaxlar, Sarıbaş camaatlıqlarının və İlisu Sultanlı­ğının, həmçinin bir sıra başqa camaatlıq­ların başçıları, üləmaları və ağsaqqalları Muxaxın yaxınlığında toplaşıblar. Onlar şahları müdafiə edən xanlara və məlik­lərə qarşı üsyana qalxmaq haqda qərar qəbul ediblər və İlisu sultanı II Əli Sultanı üsyana başçı seçiblər. 

Hüseyn şah bundan əvvəl (1710) II Əli Sultana hakimiyyətini təsdiq edən fərman versə də o, üsyana rəhbərlik edib. 1711-ci ilin aprel ayında üsyançılar əvvəlcə Qax və Car-Balakəndə və ətraf yerlərdə olan şah qüvvələrini qovdular. Sonra qüvvələri yenidən toplayaraq Şəki üzərinə hərəkət ediblər və qalib gəliblər.

A.Bakıxanov yazır: “Bu qələbədən sonra Əli Sultan Türkiyə təbəəliyini qə­bul edib. III Sultan Əhməd onu Şəkiyə və ona əlavə edilmiş Saxura bəylərbəyi tə­yin edib. Ona general-leytenanta bərabər rütbə verib”. II Əli Sultanın başdaşında Əli paşa kimi yazılması da buradan qay­naqlanır.

II Əli Sultanın ən güclü yürüşləri isə 1721–22-ci illərdə olub. Şamaxı və Qara­bağ döyüşlərində qalib gəlib. Gəncəni mü­hasirədə saxlayıb. Lakin Gəncəni tuta bil­məyib. Sonra II Əli Sultan Dağıstan azad camaatlıqları ilə də ittifaqa girərək 1722-ci ildə Tiflis yaxınlığında İberiya çarı VI Vax­tanq və ona köməyə gələn Səfəvi qüv­vələrini darmadağın edib. Bu döyüşdən sonra sultan ikinci fərmanı verib. 1722-ci ildə Türkiyə sultanı III Əhməd tərəfindən verilmiş fərmanda deyilir: “1135-ci ilin zil­hüccə ayının birindən Saxur sancağı da daxil olmaqla sizi Şəki ölkəsinin bəylərbə­yi təyin edirik. Saxur sancağı ilə birlikdə göstərilən ölkəni idarə etməyə başlayın”. O, sonrakı 1725 və 1727-ci illərdəki dö­yüşlərdə də qalib gəlib.

II Əli Sultan paşa 37 il hakimiyyətdə olub (1695–1732), 1732-ci ildə gürcülərlə döyüşdə şəhid olub. 

İkinci qəbirüstü abidə isə II Əli Sultanın oğlu Xəlil paşaya aiddir. Məzar daşında süls elementləri olan nəsx xətti ilə yazıl­mış mətn var: “Bağışlanan Xəlil paşa Əli paşa oğlu, Qurqulu oğlu, Məhəmməd xan oğlu, Əli bəy oğlu kafirlərə qarşı döyüşdə şəhid olub, bu dünyadan köçüb. Ondan sonra dünyada nə qalacaq? O, səmimi idi. Allah rizası üçün kasıb və bədbəxtlərə pul paylamaqda səxavətli idi.

Tarix. Məhəmməd peyğəmbərin hic­rətindən min yüz əllinci il 

Allahın ona salam və salavatı olsun. Ondan sonra peyğəmbər yoxdur.

1150 il = 1737/38”

Xatırladaq ki, Tovla-tala məhəlləsin­dən Sarıbaş kəndinə, oradan da Dağısta­na yol gedir. Şeyx Şamilin müridləri bura­dan ruslarla döyüşə gedib. Tovla-talanın qarşısında, çayın o biri tərəfində isə Qala məhəlləsi yerləşir. Ad oradakı qala ilə bağlıdır və XIX əsrdə burada qala komp­leksi olub. Hazırda ondan bürc və divar qalıqları qalıb. Qala bürcünün hündürlü­yü 8 metr, diametri 28 metrdir. İşğaldan sonra rusların tikdiyi bildirilir. 

…Tovla-talada İlisu sultanlarının, on­ların yaxınlarının məzarları var. Bu canlı tarix qorunmalı və öyrənilməlidir. Unut­mayaq ki, şanlı tariximizin bir hissəsi İlisu sultanlığı ilə bağlıdır. 

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”



Mədəniyyət