Qərb Ukraynanı yarıyolda qoya bilərmi?

post-img

Yeni hücumlar üçün Rusiyanın da, Ukraynanın da imkanları azalıb

“Cəbhədə hər iki tərəf oxşar problemlərlə üzləşir: yeni hücumlar üçün həm Rusiya, həm də Ukrayna məhdud imkanlara malikdir”. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib. Qeyd olunub ki, hər iki qüvvə qarşı tərəfi məğlub etməyə çalışır: “Son bir həftə ərzində cəbhə xəttinin çox hissəsi statik olaraq qalıb. Vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib. Bununla belə, cənubda Ukrayna qüvvələri Urojayne kəndini mühafizə etməyə davam edirlər. Şimalda isə Rusiya əhəmiyyətli irəliləyiş əldə edə bilməyib”.

Bununla belə, Ukraynanın hazırda davam edən əks-hücum əməliyyatları­nın daha böyük əməliyyatlara hazırlıq­lı olduğunu bildirənlər də var. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki,hazırkı həmlələr gələcək əməliyyat üçün əlverişli şərait yaratma­ğa hesablanıb: “Ukraynanın əks-hücum əməliyyatlarının ümumi uğuru haqqın­da qiymətləndirmələr etmək hələ tezdir. Müxtəlif mərhələlərdə əks-hücum əmə­liyyatları müxtəlif templə inkişaf edə bilər”.

Hesabatda bildirilib ki, Rusiyanın effektiv müdafiə əməliyyatları və sıx mina sahələri Ukraynanın irəliləyişlərini məhdudlaşdırıb: “Yəqin ki, proses hələ bir müddət belə davam edəcək. Anonim ABŞ mənbələrinin məlumatına görə, Ukrayna Melitopol istiqamətində o qə­dər də çox irəliləyə bilməyəcək”.

Ekspert Sin Bell isə bildirib ki, cəbhədəki vəziyyətdən və NATO ilə Qərbin Ukraynaya dəstək nümayiş etdirməsinə baxmayaraq, pərdəarxasında konflikti sona çatdırmağın yolları barədə düşü­nürlər. O bildirib ki, Ukraynanın çoxdan gözlənilən yaz əks-hücum əməliyyatı artıq 10-cu həftəsindədir: Prezident Vo­lodimir Zelenskinin fikrinə görə, əks-hü­cum əməliyyatları ancaq Qərbin silah tədarükündən asılıdır. O bildirir ki, silah­lar verilərsə, əks-hücum əməliyyatları davam edəcək. Ukrayna yaz hücumuna iyunun əvvəlində başlayıb. Bəzi şiddətli döyüşlərə baxmayaraq, Rusiyanın is­tehkamları hələ də möhkəmdir. Halbuki Prezident Zelenski üçün uğurun göstə­ricisi azad edilən torpaqlardır”.

Sin Bell əks-hücum əməliyyatlarının ləng davam etdiyinə diqqət çəkib: “Uk­raynanın mübarizəni davam etdirmək əzmi başadüşüləndir – bu, hər şey­dən əvvəl, onların müharibəsidir. Lakin Qərb liderləri artıq savaşın perspektivini müzakirə etməyə, bundan sonra nələr olacağı barədə düşünməyə başlayıb­lar. Qərb deyir ki, nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcək. Lakin Qərbin silah ehtiyatları da azalır. Qərb Ukray­naya dəstəyi davam etdirmək üçün məhdud imkanlara malikdir”. Qeyd edək ki, son günlər Ukrayna ilə NATO arasında gərginlik yaranıb. NATO nü­mayəndəsi Stian Yenssen daha əvvəl demişdi ki, Ukrayna Alyansa üzvlük müqabilində torpaq güzəştinə getməli­dir. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak və xarici işlər naziri Dmitro Kuleba bu təklifə kəskin müna­sibət bildiriblər və müharibənin davam edəcəyini söyləyiblər. 

Sin Bell də daxil olmaqla bir çox eks­pertin fikrincə, Qərb Ukraynanı yarıyol­da qoymağa hazırlaşır.

Cəbhədə isə döyüşlər davam edir. Ukraynaya məxsus pilotsuz uçuş apa­ratı Rusiyanın Kursk vilayətində taxıl emalı kombinatına, Novqorod vilayə­tindəki hərbi aerodroma hücum edib.Krımı C-200-lə vurmağa çalışıb. Rusiya isə Ukraynanın iri şəhərlərinə raket zər­bələri endirib. Təmas nöqtələrində isə ciddi dəyişiklik yoxdur.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları­na start verib.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya