“Taxıl sazişi”nin taleyi məlum deyil

post-img

Ukrayna taxılının ixracı mövzusu müxtəlif formatlarda fəal şəkildə müzakirə olunur. ABŞ taxıl üçün alternativ marşrut yaratmaq üçün Ankara və Kiyevlə müzakirələr aparır. Eyni məqsədlə Vaşinqton Rumıniya ilə də əməkdaşlıq edir. Rəsmi Buxarest də bildirir ki, Ukraynadan taxılın 60 faizdən çoxunun tranzitini təmin etməyə hazırdır. Türkiyə də öz növbəsində Rusiyanın “taxıl sazişi”ndən çıxmasından sonra fəaliyyətini dayandıran Qara Dəniz Təşəbbüsünü canlandırmağa çalışır.

Ukrayna taxılının ixracı mövzusu beynəlxalq müzakirələrin mühüm pred­meti olaraq qalır. Xəbər verildiyi kimi, avqustun 11-də Rumıniyanın Qalati şəhərində ABŞ, Avropa İttifaqı, Rumı­niya, Ukrayna və Moldovanın yüksək vəzifəli rəsmiləri quru və kanallar va­sitəsilə taxıl ixracı məsələsini müzakirə etmişdilər. Qeyd etmək yerinə düşər ki, müzakirə olunan marşrutda mü­hüm əlaqə liman infrastrukturu və çay donanması olan Rumıniyadır. Həmin görüşdən sonra Rumıniyanın nəqliyyat naziri Sorin Qrindeanu ölkəsinin tranzit həcmini ayda 2 milyon tondan 4 milyon tona çatdırmağı planlaşdırdığını bildir­mişdi. Avqustun 18-də isə Rumıniyanın Hotnews.ro informasiya saytı Aşağı Dunay çayı administrasiyasının rəhbəri Angela İvana istinadən xəbər vermişdi ki, Sulina kanalı ilə gecə-gündüz na­viqasiyanı təmin etmək üçün işıqlandır­ma və digər tədbirlər həyata keçirmək lazımdır. Onun sözlərinə görə, marş­rutlar uçuş-enmə zolağı kimi işıqlandı­rılmalıdır. Eyni zamanda, Angela İvan bu ilin may ayında kanaldan 476 ticarət gəmisinin keçdiyini də açıqlamışdı: “Bu, müharibədən əvvəlki dövrlə müqa­yisədə, təxminən, iki dəfə çoxdur”.

Həmçinin cümə günü, yəni Qala­tidəki görüşdən düz bir həftə sonra Buxarestdə Rumıniya və Ukraynanın baş nazirləri Marçel Çolaku və Denis Şmıqal arasında danışıqların aparıldığı bildirilir. Məlumatda hökumət başçıları­nın ikitərəfli əməkdaşlığın gücləndiril­məsi və Ukraynadan malların səmərəli tranzitinin təmin edilməsi haqqında bəyanat imzaladıqları qeyd olunur. M.Çolakunun ölkəsinin Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bü­tövlüyünü tam dəstəklədiyini bildirdiyi vurğulanır: “Ukrayna qələbə qazanana qədər biz Ukraynanın yanında olaca­ğıq”. Bundan əlavə, cənab Çolaku ümid etdiyini bildirib ki, ölkəsi Ukrayna taxıl ixracının ümumi həcminin 60 faizindən çoxunun Rumıniyadan keçməsini tə­min edə biləcək: “Mən Ukraynanın baş nazirini əmin etdim ki, Rumıniya indiyə qədər olduğu kimi, Ukrayna taxılının beynəlxalq bazarlara ixracının asan­laşdırılmasında iştirakını davam etdirə­cək”.

Eyni zamanda, Rumıniya və Mol­dova bildirirlər ki, tranzitin artırılması infrastrukturun – limanların, dəmir yol­larının, sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi üçün investisiya tələb edir. Bu yaxınlarda RFI-yə verdiyi mü­sahibədə Moldova Prezidenti Mayya Sandu ölkəsinin dəmir yolu və liman in­frastrukturunun inkişaf etmədiyini bildir­miş və əlavə etmişdi ki, bu problemlər Ukraynadan yük daşımalarının artması fonunda daha qabarıq üzə çıxmışdı. Onun sözlərinə görə, vəziyyətdən çıxış yolu Kişinyovun Qərbdən gözlədiyi sürətli investisiyalar ola bilər. 

“The Wall Street Journal”ın yazdığı­na görə, Rumıniya–Moldova istiqaməti üzrə işlərə paralel olaraq ABŞ Türkiyə, Ukrayna və sonuncunun qonşuları ilə alternativ taxıl ixracı marşrutlarından istifadəyə dair danışıqlar aparır. Du­nayda Ukrayna limanlarına daxil olan və çıxan gəmiləri qoruyacaq hərbi həl­lər də nəzərdən keçirilir. Söhbət son vaxtlar Rusiyanın zərbələrinin hədəfinə çevrilən Reni və İzmail limanlarından gedir. Birləşmiş Ştatlar oktyabr ayına qədər Dunay marşrutları üzrə tranziti artırmağı gözləyir. Bununla əlaqədar olaraq “The Wall Street Journal” Qala­tidəki görüşü xatırladır. Eyni zamanda, “The Wall Street Journal” iddia edir ki, taxıl müqaviləsinin yenidən qüvvəyə minməsi üçün Türkiyə Prezidenti Rə­cəb Tayyib Ərdoğana təzyiq göstərilir. 

Əslində, Türkiyə də Ukrayna taxılı­nın təhlükəsiz daşınmasında çox ma­raqldıır və bu istiqamətdə fəal siyasət yürüdür. Son xəbərlərə görə, Ankara bu istiqamətdə işləyir. Türkiyənin “Ana­dolu” agentliyi avqustun 17-də Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə isti­nadən xəbər vermişdi ki, ölkə hakimiy­yəti “Qara Dəniz Taxıl Təşəbbüsünü bərpa etmək üçün səy göstərir”. “Ana­dolu”nun həmsöhbətləri bildirmişdilər ki, “Digər ölkələr alternativ marşrutlar və yollar üzərində işləyirlər. Biz bunu yaxından izləyirik. Problem bu mü­naqişə qarşısında ticarət gəmilərinin Türkiyə boğazlarına necə təhlükəsiz şəkildə çata bilməsidir. Türkiyə boğaz­larından gəmilərin keçməsində heç bir problem yoxdur”. Qeyd etmək lazım­dır ki, avqustun 16-da kənd təsərrüfatı məhsulları daşıyan “Joseph Schulte” gəmisi taxıl müqaviləsi dayandırıldıq­dan sonra ilk olaraq Odessa limanından Türkiyə istiqamətində yola düşmüşdü. Avqustun 17-də göyərtəsində 30 min ton məhsul olan yük gəmisi təhlükəsiz şəkildə İstanbul bölgəsindəki Ambarlı li­manına çatmışdı. Bundan əvvəl Ukray­na taxıl daşınması üçün müvəqqəti də­niz marşrutu yaradacağını açıqlamışdı.

Türkiyənin “Yeni Şafak” qəzeti də öz növbəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrov, eləcə də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə “taxıl sazişi”ni müzakirə etmək planları barədə mə­lumat yaymışdı. Bu danışıqlar Rusiya və Türkiyə liderləri arasında avqusta planlaşdırılan görüşdən əvvəl olmalıdır. Rusiya da bildirir ki, bir sıra şərtlər daxi­lində “taxıl sazişi”nə qayıda bilər. Onla­rın arasında “Rosselxozbank” SWIFT-ə yenidən qoşulması, Rusiyaya ehtiyat hissələrinin çatdırılmasının bərpası, nəqliyyat logistikasının və sığortasının yaradılması, Rusiya şirkətlərinin xarici aktivlərinə çıxış imkanlarının bərpası daxildir.

Beləliklə, taxıl təşəbbüsünün bərpa oluna biləcəyi ehtimalı tamamilə istis­na edilmir. Bu arada, avqustun 18-də Almaniyanın “Bild” nəşrinin rusdilli “Telegram” kanalı redaksiyanın ixtiya­rında olan sənədlərə istinadən taxılla bağlı danışıqların başqa istiqamətini açıqlayır. Məlumata görə, Rusiya, Tür­kiyə və Qətər “əsasən Afrikadakı kasıb ölkələrə Rusiya taxılının tədarükünə imkan verəcək” üçtərəfli saziş üzərində işləyirlər.

Hazırladı: S.ELAY, “Xalq qəzeti”

Dünya