Həyatın mənası

post-img

Öyrənmək, tərbiyə, mübarizə, məntiq, həzz, yoxsa?

Gündə orta hesabla 8 saat kompüterimizin qarşısında oturub “Word” sənədlərinə, “Excel” cədvəllərinə, “PowerPoint” və s. təqdimatlarına baxaraq, qısa bir fasilə verəndə bir anlıq özümüzə sual veririk: “Bu həyatın mənası nədir? 

Hər bazar ertəsinin “mənəvi iş­gəncə” kimi hiss olunduğu, hər cümə və ya şənbə işin bitməsini, az qala, “bayram etdiyimiz”, özümüzü kiçik və ya böyük xoşbəxtliklərdən kənar say­dığımız həyatımızın mənası nədir axı? Suallarımıza bəzən bələdçi axtarırıq. Əminik ki, bu sətirləri oxuduğunuz za­man cavabı da burada axtaracaqsınız. Lakin, ilk baxışda, sadə görünən bu sualın cavabı o qədər də asan deyil. 

Filosofların, mütəfəkkirlərin, psixo­loqların, elm və mədəniyyət adamla­rının indiyə qədər dəqiq cavab tapa bilmədiyi bu sualın qarşısında biz də acizik. Bəlkə də ruhumuza bir təsəlli olaraq, bu mövzuda məşhur insanların fikirlərini qısaca olaraq bölüşək. 

Həqiqətən də, həyatın mənası nə­dir?

Əflatun hesab edirdi ki, bilik in­sanları fəzilətə aparan ən mühüm vasitədir. Buna görə də Platona görə, həyatın mənasının “daha çox oxumaq” olduğunu deyə bilərik. Əslində, Platon demokratiyanın təhsilin məhsulu oldu­ğuna inanırdı. O, savadsız xalqların demokratiyanın öhdəsindən gələ bil­məyəcəyini, demokratiyanın zamanla oliqarxiyaya çevriləcəyini, cahil xalq­ları yalan məlumatlarla silahlandıran demaqoqların meydana çıxacağını, bunun da diktatorlara yol açacağını bildirirdi. 

Ərəstuna görə, insanı başqa var­lıqlardan fərqləndirən etik yanaşmadır. Onun təlimində insan “məntiqi (rasio­nal)” varlıq idi. O, inanırdı ki, bu etik dəyərlər insanları yaxşılığa aparan ye­ganə yoldur. Yəni, filosofa görə, insan həyatının amalı “yaxşı biri olmaq”dan ibarətdir.

Sokratın tələbəsinin rəhbərlik et­diyi kinizm təliminə görə, insanın son məqsədi sadə həyat sürməkdir. Bu sadə həyatda insan cəmiyyətin əksər fərdlərini hərəkətə gətirən var-dövlət, şöhrət, güc və cinsi istəklərini bir kə­nara qoyub, özünü təmin edə bildiyi diqqətdənkənar həyat sürməlidir. 

Ən çox məşhur olan təlimlərdən biri, hedonizmə görə, insan həyatının təməli həzzi mümkün qədər yüksək tutmalı və qayğıları azaltmalıdır. Sto­isizmə görə, insan həyat haqqında yanlış nəticələr çıxardığı üçün bəd­bəxtliyə uğrayır. Ona görə də hər kəs təbiətin məntiqini bilməli və ona uyğun hərəkət etməlidir. Stoisizmdə insanın davranışı onun dediklərindən daha önəmlidir və şüar belədir: “Məntiqə sa­hib ol, üzülmə!”.

Alman filosofu İmmanuel Kan­tın anlayışına görə, kainatı bir araya gətirən prinsiplər var. Bu prinsiplərin etibarlılığı onların tətbiqindən asılı­dır. Məsələn: “Sizi incidən hər kəsi öldürün”. Belə bir prinsipi hamı üçün etibarlı etmək, təbii ki, mümkün deyil. Çünki bu prinsip tətbiq olunsaydı dün­yada heç kimin qalmaması ehtimalı vardı. Odur ki, Kanta görə, həyatın mənası cəmiyyəti bir yerdə saxlayan və optimal yaşayışı təmin edən əx­laqi anlayışdan asılıdır: “Başqaları ilə elə davran ki, səninlə də yaxşı rəftar olunsun”.

Nihilizmə görə isə həyat heç bir mahiyyəti olmayan fəlsəfi doktrinadır. Yəni, bizi düşündürən suala nihilistin cavabı belə olardı: “Həyatın mənası yoxdur və hər şey sərbəstdir. İnsan həyatı istədiyi şəkildə yaşaya bilər”. 

Elə mən də bu fikirlərdən yola çıxa­raq demək istəyirəm ki, ruhumuzu bu düşüncələrlə yormayaq. Harada, nə zaman bitəcəyini bilmədiyimiz həya­tımızı elə ruhumuzu oxşayaraq yaşa­yaq… 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat