Türk dünyasının ortaq dəyəri

post-img

Qardaş Türkiyənin Bayburt şəhərində 27-ci Beynəlxalq Dədə Qorqud Festivalı keçirilib. Ənənəvi mədəniyyət bayramı Dədə Qorqudun zəngin irsinə diqqət çəkmək üçün 1994-cü ildən başlayaraq, hər il iyul ayının üçüncü həftəsində təşkil edilir. Builki tədbirdə də yüzlərlə yerli və xarici qonaq iştirak edib. 

Məqsədi türk dünyasının ortaq dəyərlərindən olan Dədə Qorqudla bağlı görülən işlərə nəzər salmaq, bu sahədə yaradılan əsərlərlə bağlı fikir mübadiləsi aparmaq, tarixi irsimizlə bağlı qarşıda duran vəzifələri müəy­yənləşdirmək olan festivalın iştirak­çıları əvvəlcə Oğuz elinin atasının Bayburtda Gənc Osman məhəlləsi Akşemsettin küçəsində yerləşən mə­zar-türbəsi ziyarət edib, önünə əklil qoyublar. Əfsanəyə görə, Dədə Qorqu­dun məzarı məhz bu şəhərdə yerləşir. Ən qədim türk dastanı olan “Kitabi Dədə Qorqud”da bəhs edilən qəhrə­manlıq hekayələri bu günə qədər türk tarixinə və mədəni keçmişinə işıq sal­mağa davam edir.

Qeyd edək ki, 2018-ci il noyabrın 28-də Mavriki Respublikasının paytax­tı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunma­sı üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qə­rarla Azərbaycan, Türkiyə və Qazaxıs­tanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nü­munəsi kimi UNESCO-nun Qeyri-mad­di mədəni irs üzrə Reprezentativ siya­hısına daxil edilmişdir.

Dədə Qorqud Türk mədəniyyəti­nin ən mühüm simvollarından biridir. Ölməz Dədə Qorqud irsi nümunəsi qardaş ölkələrdə birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir. 

Bayramsayağı açılış mərasiminin proqramı zəngin və yaddaqalan olub. Festival panel müzakirələrlə davam edib. Dədə Qorqud irsinin öyrənilməsi, bu mövzuda yaradılan ekran əsərlə­ri, nəşr olunan kitablar və sair barədə məlumatlar yayılıb. Festival çərçivəsin­də milli yeməklərin təqdimatı, sərgilər, konsertlər, folklor tamaşaları, konfrans­lar və digər mədəni tədbirlər keçirilib. 

“Xalq qəzeti”

Mədəniyyət