Şuşanı görməyən şuşalı qəhrəman haqqında film

post-img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyi “neo-təbliğat” adlı layihə əsasında “Şuşalı qəhrəman İsrafil İbrahimov: “Yalnız irəli - 4” sənədli filminin çəkilişlərinə start verib. Sentyabrın sonunadək başa çatacaq layihə haqqında İctimai Birliyin rəhbəri Tahirə Məmmədova məlumat verərək bildirib: 

Gənclərimizin azərbaycançılıq ideologiyası və hərbi-vətənpərvərlik ruhunda formalaşmasına, yeni nəslin milli-mənəvi dəyərlərlə böyüməsinə, sahib olduqları vizual-virtual məhsul­ların, məlumatların hazırlanaraq ge­niş təbliğatına, tanıtımına və s. xüsusi önəm verilməlidir. Bu baxımdan II Qa­rabag müharibəsində iştirak edərək, canlarını Vətən uğrunda fəda edən şə­hid qəhrəmanlarımızın geniş kütlələrə tanıdılması, onların müqəddəs amalla­rının təbliği, gənclərdə vətənpərvərlik hissinin, azərbaycansevərliyin daha da gücləndirilməsi çox vacibdir. II Qarabağ savaşında baş verənlər bir daha sübut etdi ki, Vətən torpağı yağı düşmənlərin təhdidlərinə məruz qalanda belə, onun uğrunda canını vermək və ən qatı düş­mənə də qalib gəlmək mümkündür. 

Əslən Qarabağdan olan şəhid qəh­rəmanlar haqqında ərsəyə gələn ekran işi “neo-maarifçilik” tanıtım və təqdi­matlar vasitəsilə geniş real və virtual kreativ-vətənpərəvərlik aksiyaları ke­çirmək, Vətənə diqqət, sayğı və sevgi aşılamaq, torpaqlarımız uğrunda ca­nını fəda edənlərin simasında dəyərli şəxslərə xalqın, gənclərimizin ehtira­mını artırmaq qarşımızda duran aktual məsələlərdəndir. 

Əlavə edək ki, şuşalılar haqqında vizual ensiklopediyanın bir hissəsi olan “Yalnız irəli - 4” sənədli filmi, Qarabağ uğrunda qəhrəmanlıq göstərərək şə­hidlik zirvəsinə qalxmış igid hərbçi İs­rafil Zülfüqar oğlu İbrahimovun həyat və döyüş yolundan bəhs edir. O, Vətən müharibəsində iştirak edərək, Cəbra­yıl, Qubadlı, Laçın uğrunda döyüşlərdə igidlik göstərmiş peşəkar hərbçilərdən biri olub. Ömründə bir dəfə də olsa Şu­şanı görməyən bu qəhrəmanın şərəfli döyüş yolu, Vətənə xidmətləri gənclə­rimizə nümunədir. 

Xatırladaq ki, 1997-ci il oktyabrın 16-da Bakıda anadan olan kiçik çavuş rütbəli İsrafil Zülfüqar oğlu İbrahimov Lənkəranda Sərhəd qoşunlarında xid­mət edib. 2017-ci ilin mayında hərbi xid­məti başa vurub. Xüsusi Hərbi hissədə sülhməramlı qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb,1 il 6 ay qulluqdan sonra könüllü olaraq xüsusi təyinatla ön cəbhəyə göndəri­lib. Cəbrayıl, Qubadlı,Laçın uğrunda döyüşlərdə iştirak edib. 16 oktyabr 2020-ci ildə Laçın uğrunda ağır dö­yüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölü­mündən sonra göstərdiyi igidliyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətənə xid­mətə görə 3-cü dərəcəli orden, “Vətən uğrunda”, “Cəbrayıl uğrunda”, “Qubad­lı uğrunda”, “Laçın uğrunda” medalları ilə təltif edilib.

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat