Azərbaycan Respublikası Prezidentinin 2023-cü 12 iyul il tarixli Fərmanı ilə DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına yeniləri də əlavə olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.
Şuranın sədri, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açıldığı, ötən dövrdə bu mərkəzlərdə 1 milyon 616 mindən çox vətəndaşa xidmət göstərildiyi, xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,2 faiz təşkil etdiyi barədə məlumat verib.
S.Babayev ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində Azərbaycanda dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən, innovativ əsasda təqdim edildiyini vurğulayıb.
Həmiçinin bu ilin sentyabr ayında DOST Agentliyinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransın keçiriləcəyini diqqətə çatdırıb.
Bildirilib ki, regional DOST infrastrukturunun qurulması ilə bütün ölkə əhalisi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin sakinləri DOST xidmətləri ilə tam əhatə olunacaq.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən qurumun builki fəaliyyətinə və hədəflərinə dair təqdimat edilib.
F.Məmmədov bildirib ki, bu ilin yanvar–iyun aylarında DOST mərkəzləri tərəfindən 347 min vətəndaşa xidmət göstərilib və DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 97,8 faiz təşkil edib. Hazırda fəaliyyət göstərən 6 DOST mərkəzində sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ şəkildə təqdim olunur. “Könüllü DOST” proqramına isə son 6 ayda daha 13 min 983 müraciət olub və proqrama daha 757 nəfər cəlb edilib. Hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada da DOST xidmətləri infrastrukturlarının qurulması üçün işlər aparılır.
İclasda DOST Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”